Bir çoxumuz qara bazarı, sadəcə xarici valyutanı Mərkəzi Bankın təyin etdiyi qiymətdən fərqli qiymətə ala bildiyimiz yer kimi tanıyırıq.
Qara bazar fiziki məkan deyil. Mal və xidmətlərin alınıb satıldığı qanundan kənar iqtisadi fəaliyyətdir. Adının qara bazar olması, qanunun görə bilmədiyi “qaranlıq” yerlərdə həyata keçirilən əməliyyatlardan qaynaqlanır. Yeraltı bazar olaraqda adlandırılan bu bazar, bir çox faktorlara görə hansısa əməliyyatı qeyri-qanuni olaraq həyata keçirə bilir.
İlleqal bir məhsulun istifadəsinə görə yaranan qara bazara ən yaxşı nümunə 1919-cu ildə ABŞ-da qadağan olunan arağı göstərmək olar. Qadağan olunan araq ölkəyə gizli şəkildə daxil edilərək şəxsi barlarda satılmağa başladı. Nəticə müəyyən bir cinayət dövrü və hər il itirilən təxminən 500 milyon dollar vergi gəlirləri idi. Bundan başqa narkotik, orqan, insan alveri və s. kimi qanunsuz bazarları misal göstərmək olar.
Digər qara bazarı əmələ gətirən fəaliyyətlərə oğurluq məhsullarının yenidən satıldığı situasiyaları misal gətirmək olar. Bu kimi illeqal fəaliyyət obyektləri üçün belə bir ifadə işlədilir “fallen off the back of a truck” (maşın arxasından düşən yük).
İnsanın təşəbbüskarlıq təbiəti ilə, dövlət qanununu pozmağa meyllilik birləşdiyi hər yerdə qara bazar yarana bilər və yaranır. Bəzən ən ağır qanunvericilik şərtlərinin mövcud olduğu ölkələrdə belə qara bazar daha geniş yayıla bilir. Çünki, qara bazar tələb formalaşdığı üçün əmələ gəlir və tələbin ödənilməsinə xidmət edir. Qara bazar, hökumət normal bazarın müdafiəsi yaxud digər məqsədlər üçün yuxarı və ya aşağı qiymət limitləri təyin etdiyi zaman yaranır. Yüksək qara bazar qiymətlərinə məhsulun və ya xidmətin əldə olunması, satılması riski də daxildir.
Derequlasiyanın (qanunsuzluq, qiymət sərbəstliyi) qarşısını almaq üçün ölkələr müxtəlif üsullara əl atır. Dərman və narkotik vasitələrin müəyyən miqdarının leqallaşdırılması kimi oxşar məhsullarda təklifin artırılması tədbirləri buna misaldır. Bir çoxları bu kimi tədbirlərin cinayətkarların imtiyazlarına xidmət etdiyini düşünsə də, bəziləri bunu dövlət qaynaqlarında artım kimi öz əksini tapacağı qənaətindədir.
Fuad VAHABZADƏ, BANCO.AZ