Hazırda mağazaları üstün tutaraq, ehtiyacı olduğu məhsula toxunaraq satın almaq istəyən “oflayn istehlakçı” adlandırdığımız kəsimlə bərabər alış – veriş saytlarında almaq istədiyi məhsulun qiymət və xüsusiyyətlərini nəzərdən keçirən, həmin məhsulu öncədən istifadə edən insanların rəylərini oxuyaraq, digər məhsullarla müqayisə edib, bütün nəticələri təhlil edən “onlayn istehlakçı” adlandırdığımız auditoriyanın da olduğunu müşahidə edirik. Bu istehlakçı tiplərinin məqsədləri eyni olsa da, bəzi nöqtələrdə bir-birlərindən fərqlənirlər.
Ortaq cəhətlər:
- Müəyyən bir məhsulu almağa tələbat onları alış-verişə təşviq edir.
- Hər iki qrup üçün qiymət münasibliyi prioritet məsələlərdən biridir.
- Bir mağazanın/saytın mövcud kampaniyaları, iki auditoriya üçün də alış-veriş edərkən vacib rol oynayır.
Fərqlər:
- Oflayn istehlakçılar məhsulla təmas qurur; online istehlakçılar isə məhsulla bağlı bütün nəticələri onlayn təhlil edərək satın almaq qərarına gəlir.
- Oflayn istehlakçılar üçün internetdə alış-veriş etmək narahatlıq doğurur buna görə də ənənəvi yollara üstünlük verirlər. Onlayn istehlakçılar isə internetdən alış - veriş təhlükəsini, son texnoloji yeniliklər və inkişaf sayəsində narahatlıq doğuran məsələlər arasında görmürlər.
- Oflayn istehlakçılar alış – verişi fəaliyyət, sosial həyatın bir hissəsi kimi görürlər; onlayn istehlakçılar isə internetdən alış-verişin vaxta qənaət etdiyini söyləyirlər.
- Oflayn istehlakçılar axtardıqları məhsulun detallarını soruşa biləcək satış işçilərini faydalı görür; onlayn istehlakçılar isə satıcı təzyiqinin olmamasını üstünlük kimi görürlər.
- Oflayn istehlakçılar öz ətrafları ilə müsbət və ya mənfi alış-veriş təcrübələrini paylaşmağa meyllidirlər; onlayn istehlakçılar isə məhsul məsləhətlərini sosial media ilə bölüşməyə üstünlük verirlər.
- Oflayn istehlakçılar xüsusilə böyük həcmli tələbatları geniş marketlərdən öz nəqliyyat vasitələri ilə almağa üstünlük verirlər. Onlayn istehlakçılar belə məhsulları yaşadıqları yerdən sifariş etməyi üstün tuturlar.
Pərvanə Aslanova, Banco.az