Mərkəzi banklar: Azərbaycan | Banco.az

Mərkəzi banklar: Azərbaycan

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bu məqaləmizdə Azərbaycan Mərkəzi Bankı (AMB) haqqında məlumat hazırlamışıq. 

Azərbaycan Respublikasının Mərkəzi Bankı “Azərbaycan Respublikası Milli Bankının yaradılması haqqında” ölkə Prezidentinin 1992-ci il 11 fevral tarixli Fərmanı ilə yaradılıb.

“Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında” 18 mart 2009–cu il tarixli Azərbaycan Respublikasının Referendum Aktının qüvvəyə minməsi ilə əlaqədar olaraq “Azərbaycan Respublikası Milli Bankı” “Azərbaycan Respublikasının Mərkəzi Bankı” adlandırılıb.

Ölkənin Mərkəzi Bankının fəaliyyətinin əsas məqsədi Qanunla müəyyən edilmiş səlahiyyətləri daxilində qiymətlərin sabitliyinin təmin edilməsidir.

Əsas məqsədinə xələl gətirmədən Mərkəzi Bank maliyyə bazarlarını tənzimləyən qanunlarla müəyyən edilmiş səlahiyyətlər daxilində maliyyə sabitliyini təmin edir. Mənfəət götürmək Mərkəzi Bankın əsas məqsədi deyil.

Mərkəzi Bankın funksiyaları aşağıdakılardır:

1. Pul və məzənnə siyasətinin müəyyən edilməsi və həyata keçirilməsi,

2. Nağd pul dövriyyəsinin təşkil edilməsi, pul nişanlarının tədavülə buraxılmasının və tədavüldən çıxarılmasının həyata keçirilməsi,

3. Manatın xarici valyutalara nisbətdə rəsmi məzənnəsinin mütəmadi müəyyən edilməsi,

4. Valyuta tənziminin və nəzarətinin həyata keçirilməsi,

5. Sərəncamında olan beynəlxalq qızıl-valyuta ehtiyatlarının saxlanması və idarə edilməsi,

6. Monetar, maliyyə bazarları və ödəniş sistemləri üzrə statistikanın, ölkənin tədiyə balansının, beynəlxalq investisiya balansının və icmal (dövlət və qeyri-dövlət) xarici borc statistikasının tərtib edilməsi, məlumatların ümumiləşdirilməsi və yayılmasının təmin edilməsi, habelə ölkənin tədiyə balansının proqnozlaşdırılmasında iştirak edilməsi,

7. Ödəniş sistemlərinin sabit, təhlükəsiz və effektiv fəaliyyətinin təmin edilməsi, 

8. Maliyyə bazarlarının fəaliyyətinin sabitliyi və dayanıqlığının təmin edilməsi, 

9. Maliyyə bazarlarında istehlakçıların və investorların hüquqlarının qorunması üçün tədbirlərin görülməsi və maliyyə bazarları sahəsində maarifləndirmə işlərinin aparılması, 

10. Əmanətlərin sığortalanması sahəsində nəzarət sisteminin fəaliyyətinin təmin edilməsi. 

Ən sərfəli kredit üçün müraciət et

Mərkəzi Bankın təşkilati strukturuna İdarə Heyəti, mərkəzi aparat və ərazi idarələri daxildir. Mərkəzi Bankın mərkəzi aparatı daxili audit bölməsindən, habelə İdarə Heyətinin müəyyən etdiyi digər struktur bölmələrdən ibarətdir. Mərkəzi Bankın mərkəzi aparatına daxil olan bütün struktur bölmələri və qurumları İdarə Heyəti tərəfindən təsdiq edilmiş əsasnamələrə uyğun olaraq fəaliyyət göstərir.

Mərkəzi Bank İdarə Heyəti tərəfindən idarə olunur. AMB-nin sədri Taleh Kazımovdur, sədrin birinci müavini Rəşad Orucov, sədrin müavini isə Əliyar Məmmədyarovdur.

Mərkəzi Bankın Ərazi idarələri aşağıdakılardır: (İdarələrin qarşısında rəhbərlərinin adları qeyd edilib)

  1. Biləsuvar Regional Mərkəzi – Nəbi Rüstəmov 
  2. Gəncə Regional Mərkəzi –  Fuad Hacıyev    
  3. Quba Regional Mərkəzi – Seymur Məmmədov 
  4. Naxçıvan Muxtar Respublikası İdarəsi – Elçin Əliyev 
  5. Yevlax Ehtiyat Mərkəzi – Ədalət Bayramov 
  6. Sumqayıt Ehtiyat Mərkəzi – Araz Əliyev

Mərkəzi Bankın inzibati binası Bakı şəhərində yerləşir. 

Əsas inzibati binanın yerləşdiyi ünvan: 

AZ1014, Azərbaycan Respublikası,
Bakı şəh., R.Behbudov küç. 90,

Bankın inzibati binasının yerləşdiyi ünvan: 

AZ1000, Azərbaycan Respublikası,
Bakı şəh., Bülbül prospekti 27

Əlaqə nömrələri:

(+994 12) 966 – qaynar xətt
(+994 12) 493 5058, 493 1122
(+994 12) 493 5541- faks

Mərkəzi Bankın rəsmi saytı: https://www.cbar.az/

Qeyd edək ki, növbəti həftənin cümə günü Türkiyə Mərkəzi Bankı haqqında məlumat təqdim edəcəyik.