Kommersiya banklarının kredit siyasəti – kommersiya banklarının müştərilərə kreditlərin verilməsi sahəsində fəaliyyətini əks etdirən amillər, sənəd və proseslərin məcmusundan ibarətdir. Kredit siyasəti bankın kredit fəaliyyətinin hədəf və prioritetlərini, onların həyata keçirilmə vasitəsi və metodlarını, eləcə də kredit prosesinin təşkilinin prinsip və ardıcıllığını müəyyən edir. O, bankın strategiyasına uyğun olaraq kredit işinin təşkilinin əsaslarını formalaşdırır və kredit prosesini reqlamentləşdirən sənədlərin işlənib hazırlanmasında vacib şərtlərdən biri hesab olunur.
Kommersiya banklarının kredit siyasəti kreditlərin verilməsi məqsədlərini dəqiq müəyyən etməli, əvvəlcədən müəyyən edilmiş məqsədlərin həyata keçirilməsi qaydaları, standart və istiqamətlərini əhatə etməlidir.
Kommersiya banklarının kredit siyasəti adətən bankın idarə heyəti (idarə heyətinin sədri, idarə heyətinin sədr müavini və kredit komitəsi) tərəfindən işlənib hazırlanır və həyata keçirilir. Bu, kredit fəaliyyətinin əsas istiqamətlərini müəyyən edir: bank işçilərinin əməl etməli olduqları obyektiv standart və meyarlar; kredit sahəsində vacib strateji qərarlar verəcək şəxslərin əsas fəaliyyət istiqamətlərinin müəyyən edilməsi; bankda kredit fəaliyyətinin, eləcə də daxili və xarici audit işinin keyfiyyətli idarə edilməsi üzərində nəzarət.
Ümumilikdə, kommersiya banklarının kredit siyasəti dedikdə bankın kredit strategiyası və taktikalarının məcmusu nəzərdə tutulur. Strategiya kredit bazarında bankın məqsəd və prioritetləri, həmçinin əsas prinsiplərini müəyyənləşdirdiyi halda, taktika – kredit müqavilələrinin bağlanması zamanı məqsədlərin reallaşdırılması istiqamətində banklar tərəfindən istifadə olunan xüsusi maliyyə alətləri, onların istifadə mexanizmləri və kredit prosesinin təşkili ardıcıllığını müəyyən edir.
Kommersiya banklarının kredit siyasətinin mahiyyətinin daha yaxşı başa düşmək üçün onun funksiyalarına nəzər yetirmək lazımdır. Şərti olaraq funksiyaları iki qrupa bölmək olar: bank siyasətinin müxtəlif elementlərini əks etdirən ümumi və kredit siyasətini bank siyasətinin digər elementlərindən fərqləndirən xüsusi funksiyalar.
Kredit siyasətinin ümumi funksiyaları
- İqtisadi funksiya dedikdə bank fəaliyyətinin, xüsusilədə kredit əməliyyatlarının həyata keçirilməsindən gəlirlərin əldə olunması nəzərdə tutulur.
- Stimullaşdırıcı funksiya isə müvəqqəti sərbəst pul vəsaitlərinin banka cəlb edilməsini və onların rasional istifadəsini əhatə edir. Bu zaman müştəri üçün stimullaşdırıcı amil kimi təkcə depozit faiz dərəcələri deyil, həm də depozit müddəti ərzində müvəqqəti pul tələbatını ödəmək üçün bankdan borc götürmə faktoru çıxış edir. Banklar üçün stimullaşdırıcı funksiyaya isə bankların bazardan nisbətən uzun müddətə daha ucuz sərbəst vəsaitlər cəlb etməsi və onların maksimum faydalı şərtlər daxilində yerləşdirilməsi daxildir.
- Nəzarət funksiyası bankın kredit siyasətində qeyd olunmuş prioritetlər nəzərə alınmaqla banklar və onun müştəriləri tərəfindən kredit resurslarınınn cəlb edilməsi və istifadəsi üzərində nəzarəti həyata keçirməyə imkan verir.
Kredit siyasətinin xüsusi funksiyası yalnız bir bənddən ibarət olsa da çox vacib amildir.
Kredit prosesinin optimallaşdırılması funksiyası bank siyasətinin məqsədlərinə nail olmağa istiqamətlənmişdir.
Dürdanə Alıyeva, Banco.az