Karantin müddətində zehni və fiziki sağlamlığınızı necə qoruya bilərsiniz? | Banco.az

Karantin müddətində zehni və fiziki sağlamlığınızı necə qoruya bilərsiniz?

Koronavirusun hər kəsi evlərinə həbs etməsi stress vəziyyətinə, impulsiv hərəkətlər etməyə gətirib çıxarır. Psixoterapevt Şonda Moralis fasilə verməyə, indiki zamana qayıtmağa və şüurlu qərarlar qəbul etməyə kömək edəcək altı sadə məsləhət verir.

Çoxumuz vərdişlərlə hərəkət edirik. Gündə iki dəfə dişləri fırçalamaq və ya meyvə-tərəvəz yemək kimi bəzi vərdişlər yaxşıdır. Boş vaxt tapan kimi sosial şəbəkələrdə şüursuzca gəzişmək və ya gözlərini monitordan ayırmadan aramsız şəkildə yemək “udmaq”və s. isə faydasız və ya zərərlidir.

Həyat xüsusilə çətinləşəndə özümüzə zehni və fiziki vəziyyətimizi yaxşılaşdıran sadə və təməl vərdişlər aşılamalıyıq. Bu vərdişlər dəyərlərimizə əsaslanaraq seçim etməyə kömək edir. İlk vaxtlar faydalı hərəkətləri hər gün təkrarlamaq zəhmət və intizam tələb edir, lakin gündəlik həyatın bir hissəsinə çevrildikdən sonra xüsusi səy göstərməyə ehtiyac qalmır.

1. Minnətdarlıq hissi ilə oyanın

Şonda Moralis tövsiyə edir ki, yataqdan qalxmazdan əvvəl həyatımızda baş verən yaxşı şeyləri xatırlayaq. Səhər gözümüzü açan kimi mənfi düşüncələr zehnimizi işğal edir. Burada iradəmizi işə salıb müsbət məqamlara köklənmək isə bizim əlimizdədir. Yeni günə nikbin notlarla başlamaq vacibdir.

2. Hər səhər 5 dəqiqə meditasiya edin

Hər hansı bir hərəkətə başlamazdan əvvəl bir müddət fasilə vermək və susmaq lazımdır. Meditasiya prinsiplərindən istifadə etmək olar. Bu vərdiş qeyri-sağlam vərdişlərdən uzaq durmağa, impulsiv deyil, anlaqlı vəziyyətdə hərəkət etməyə kömək edir. Şüurlu olmaq imkanlarımızı əhəmiyyətli dərəcədə genişləndirir.

3. Hərəkətdə olun

Məkan imkan verirsə, dartınma, qaçış (hətta yerində qaçış), rəqslər və top oyunları ilə məşğul olun. Ürəyinizə yatan istənilən hərəkət çox faydalıdır. Dostunuzu, həyat yoldaşınızı və ya uşağınızı da bu işə cəlb edə bilərsiniz. “Əvvəl və sonra özünüzü necə hiss etdiyinizə diqqət yetirin. Tədqiqatlar göstərir ki, bir neçə dəqiqəlik hərəkət əhval-ruhiyyəni yaxşılaşdırır və sakitləşdirir”, — Şonda Moralis yazır.

Ən sərfəli kredit üçün müraciət et

Həmçinin oxu: Karantin dövründə pulunuza necə qənaət edə bilərsiniz?

4. KİV-lər arasında ancaq güvəndiyiniz mənbələrdən lazımlı informasiyalar oxuyun

Mütəxəssis stressli bir vəziyyətdə ekranlardan və xəbər axınlarından uzaqda daha çox vaxt keçirtməyi məsləhət görür. Əlbəttə ki, bəzi məlumatlar həyati əhəmiyyət daşıya bilər. Lakin buna həddən artıq zaman sərf etsəniz, əks nəticə verəcək və təşvişə səbəb olacaq.

5. Avtopilot rejimini söndürün və sakitləşin

“Bir neçə dəfə dərindən nəfəs alın və ətrafa baxın. Ətrafınızda gördüyünüz beş cismin, eşitdiyiniz dörd növ səsin, üç aktual hissin, elə indi ayırd etdiyiniz qoxunun və indicə ağzınızda olan tamın adını sadalayın.

6. Oynayın

Uşaqlıqda nə oynamağı xoşlayırdınız? Həmişə nəyi yoxlamaq istəyirdiniz? Sizə nə sevinc və həyəcan gətirir? Rəsm çəkməyə başlaya bilərsiniz. Ailənizlə maraqlı bir oyun oynayın. Birlikdə rəqs edin, daxili tənqidçinizi bir müddətlik susdurun və yaşadığınız andan zövq alın.

Bu altı vərdiş sizə həyatı “burada və indi” yaşamağa kömək edəcək. Keçmişi geri qaytarıb səhvləri “formatlamaq” və gələcəyi öncədən görmək mümkün deyilsə, niyə bu günümüzü lüzumsuz gərginliklə israf edək? Pozitiv anlarla dolu bazar günü diləyi ilə...

Həmçinin oxu: Çatdırılma xidməti olan restoranlar və şirkətlər hansılardır?

Nigar Umaxanlı, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et