Karantin dövründə pulunuza necə qənaət edə bilərsiniz? | Banco.az

Karantin dövründə pulunuza necə qənaət edə bilərsiniz?

Ailə gəlirləri əhəmiyyətli dərəcədə azalıbsa, deməli, maliyyə savadlılığı və qənaət barədə xatırlamağın vaxtıdır.

Maliyyə vərdişlərinizi təhlil edin

Ailənin büdcəsinə və xərclərə gəlincə, indi büdcənizi nəzərdən keçirməklə yanaşı lüzumsuz xərcləri ixtisar etməlisiniz.

“Dövr yalnız xərcləri azaltmağı deyil, həmçinin onları tamamilə nəzərdən keçirməyi tələb edir. Hamısını sıfırlayın və boş vərəqdə onlarsız yaşaya bilməyəcəyiniz şeyləri yazın. Bu, ilk addımdır”, — “Work.ua”nın maliyyə direktoru Aleksey Stepçenkov tövsiyə edir.

Mobil operatorunuzun tarifinin nə dərəcədə optimal olduğunu yoxlayın (bəlkə də, evdə olduğunuz müddətdə daha az GB sizə bəsdir), kabel provayderini nəzərdən keçirin (bütün bu kanalları seyr edirsinizmi, daha sadə bir paket təşkil edə bilərsinizmi, ümumiyyətlə, imtina edə bilərsinizmi), bütün abunəliklərinizi və avtomatik kart ödəmələrinizi bir daha gözdən keçirin. Pulunuzu yalnız zəruri şeylərə: yemək, dərman, kommunal xidmətlərə xərcləyin.

Pis vərdişlər üzərində qənaət edin, sağlam vərdişlərə yiyələnin

Məsələn, siqareti tərgitmək sizin xeyli vəsaitinizə qənaət edəcəkdir. Həftədə, ayda və ya ildə neçə paket siqaret aldığınızı hesablasanız, görəcəksiniz ki, indiyəcən nə qədər pulu küləyə sovurmusunuz. Həftəlik menyu tərtib edin və sonra bütün ailənin sağlam qidalanması üçün lazım olan məhsulların siyahısını yazın.

“İstehlak vərdişlərinizi təhlil edin

Ola bilər ki, məsələn, eyni süd və ya qarabaşağı sırf qablaşdırmasına görə daha yüksək qiymətə alırsınız. Halbuki daha ucuz seqmentdə bu məhsullar heç də pis deyil. Ümumi çekdə bu fərq hiss olunacaq. Alış-verişi planlaşdırarkən heç nəyi gözdən qaçırtmaq olmaz. Malların daha bahalı olduğu mağazaya piyada getmək daha sərfəlidir, nəniki aşağı qiymətə satıldığı mağazaya taksi ilə getmək”, - Aleksey deyir.

Şirniyyat və alkoqola xərclədiyiniz vəsaiti minimuma endirin. Bu yolla həm pula qənaət etmiş, həm də sağlamlığınız qorumuş olacaqsınız.

Mənzil kirayəsi haqqını azaltmağa çalışın

“Work.ua” baş direktoru Natalya Pankratova bu barədə danışarkən nə qədər azaltmağın mümkün olduğunu soruşmaq yerinə nə qədər ödəyə biləcəyinizi dəqiq deməyi məsləhət görür.

“İndi hər kəs başını itirib, qətiyyət və konkretlik vacib rol oynaya bilər. Odur ki, ən yaxşısı belə edin:

“70% endirim edin” demək olmaz, 70 çox böyük səslənir. Bunun yerinə “30% ödəyə bilərəm”söyləyin;

Karantin sonuna qədər danışıq aparın. Məsələn, daha sonra bir müddət də bu şəkildə davam etdikdən sonra yenidən danışıqlar aparın. Və ya birbaşa 3 ay, yaxud da yarım illik razılaşın, sonra vəziyyətə görə hərəkət edərsiniz;

Ev sahibi kirayə pulunu azaltmaqdan imtina edirsə və başqa seçiminiz yoxdursa, hazır olduğunuz məbləği ödəməyə razı ola bilərsiniz və o, daha çox haqq ödəməyə hazır olan kirayənişinlər tapanda razılaşdırılmış müddət ərzində evi boşaldacağınızı vəd edin (bu variant əlverişsizdir, lakin inanın, karantin dövründə yeni kirayəçi tapmaq çox çətin olacaq). Danışıqlar zamanı bu üsul da faydalı ola bilər.

Ən sərfəli kredit üçün müraciət et

Düzgün ünsiyyət üsulu seçdiyinizə əmin olun. Bəziləri üçün bu yazışma, digərləri üçün isə telefon zəngidir.

Başqa bir variant olaraq deyə bilərsiniz ki, bir il sonra öz hesabınıza kosmetik təmir (divar kağızı, boya və s.) edəcəksiniz, ancaq indi yalnız 30% ödəməyə imkanınız çatır”.

Depozitdə pul saxlamaq lazımdır? Bəli, əgər sərbəst pulunuz varsa Koronavirusla bağlı vəziyyət depozit hesabı açmaq və ya bağlamaq qərarına təsir göstərməməlidir. Saxlamaq üçün vəsaitiniz olanda özəl banklarda və ya dövlət bankında bir hesab açılmalıdır. Təcili ehtiyac yoxdursa, müqaviləni ləğv edib faiz itkisinə yol verməyə tələsməyin.

Artıq valyuta almayın

Əlbəttə ki, məcburiyyət yoxdursa və ərzaq almaq üçün pulunuz varsa, əlinizdə olan valyutanı satmamaq daha yaxşıdır. Ancaq təşvişə düşüb son qəpiyə qədər dollara çevirməyin. Çünki o zaman məlum olacaq ki, çörək almağa belə pulunuz qalmayıb. Və valyutanı daha aşağı bir məzənnə ilə geri qaytarmaq sizi çox məyus edəcək.

“Əgər hər maaş alanda 100 dollar alıb bu yolla pul yığırdınızsa və hələ də buna gücünüz çatırsa, davam edin. Məzənnədə ciddi dəyişikliklər gözlənilmir”, — Aleksey hesab edir.

Daşınmaz əmlak məsələsində səbirli olun

Əgər siz də illərlə pul yığıb ev almağa hazır olanda karantinə yaxalananlardansınızsa, bir müddət də gözləyin. Bir şərtlə ki, qalmağa yeriniz var.

“İqtisadiyyat tormozlananda daşınmaz əmlak bazarında qiymətlər düşməyə başlayır. İndi hamı əmlakı köhnə qiymətlərlə satır, lakin iki-üç ay sonra alıcılıq qabiliyyətinin aşağı düşməsi ilə əlaqədar tələb azalanda bu, mütləq baş verəcək”.

Avtomobil məsələsini bir daha düşünün

Yenə də. Əgər lazım olan vəsaiti toplayıb artıq növbəti məzuniyyətə yeni maşınınızda yollanmağın xəyalını qururdunuzsa, indi isə qərarsız qalmısınızsa, müxtəlif dilerlərin təkliflərini dəyərləndirin. Bəlkə də, köhnə məzənnə ilə sabit qiymətlərlə satan dilerdə sərfəli qiymətə avtomobil tapmaq olar.

İstehlak krediti götürməyin

Çoxdan almağı arzuladığınız şeylər bir qırağa, hal-hazırda kredit götürmək qətiyyən lazım deyil. Böhran real gəlirlərin azalmasına gətirib çıxarır. Məzənnələrin hərəkəti də burada elə də vacib deyil. İnflyasiya hansı səviyyədə olsa da banklar zərərə işləməyəcək. Karantin qurtaracaq, ilk böhranlı aydan sonra daha da çətin aylar gələ bilər, gəlirlər düşəcək, bu günkü krediti sabah ödəmək üçün isə əşyalarınızı satmağa məcbur qala bilərsiniz.

Həmçinin oxu: Mənəvi və fiziki cəhətdən tükənməyin qarşısını necə almaq olar?

Nigar Umaxanlı, Banco.az