Müəllif:Mehin Qasımova,Banco.az
Malayziya 16 yaşdan aşağı uşaqların sosial media hesabı açmasını qadağan edir.
Banco.az xəbər verir ki, Malayziyanın rabitə naziri Fəhmi Fadzil bildirib ki, 2026-cı ildən etibarən 16 yaşdan kiçik uşaqların sosial media hesabı yaratması qadağan ediləcək.
Bu addım hökumətin uşaqların onlayn təhlükəsizliyini gücləndirmək üçün tətbiq etdiyi yeni yoxlama qaydalarının tərkib hissəsidir.
Nazirin sözlərinə görə, Avstraliyanın sosial media istifadəçiləri üçün tətbiq etdiyi yaş məhdudiyyəti modeli Malayziya üçün də mühüm təcrübə rolunu oynaya bilər.
Fadzil həmçinin vurğulayıb ki, 16 yaşdan aşağı şəxslər üçün qadağa 1 yanvardan qüvvəyə minəcək yeni Onlayn Təhlükəsizlik Qanunu ilə tam şəkildə uzlaşır. O, valideynləri uşaqlarının cihazlarla və rəqəmsal platformalarla qarşılıqlı əlaqəsini daha diqqətlə izləməyə çağırıb.
Nazir bildirib ki, sosial media platformaları istifadəçi hesablarının yaradılması zamanı yaşın mütləq yoxlanılmasını təmin etməlidir. Bu proses rəsmi şəxsiyyət vəsiqələri və ya pasportlar vasitəsilə həyata keçiriləcək.
Avstraliyada yeni qanunvericiliyə əsasən, "Facebook", "TikTok", "Snapchat", "Reddit", "Instagram" və "X" də daxil olmaqla qlobal sosial media platformaları 10 dekabrdan etibarən tələblərə əməl etmədikləri təqdirdə təxminən 33 milyon dollar cərimə ilə üzləşə biləcəklər.
