Britaniyanın mədən şirkətinin Azərbaycanda qızıl hasilatı gələn il 3 dəfə artacaq | Banco.az

Britaniyanın mədən şirkətinin Azərbaycanda qızıl hasilatı gələn il 3 dəfə artacaq

Böyük Britaniyanın Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan “Anglo Asian Mining Plc.” (AAM) şirkəti 2026-cı ildə hasilatı 10 dəfə artıraraq 150 min qızıl ekvivalenti unsiyaya (GEO) çatdıracaq.

Bu barədə şirkətlə bağlı hesabatda bildirilib. Qeyd edilib ki, araşdırmalar mədən şirkətinin hasilatının 2026-cı ildə rekord səviyyəyə çatacağını göstərir. Araşdırmaya görə, Gilar və Dəmirli mədənlərinin istehsala qoşulması ilə "Anglo Asian"ın həm qızıl, həm də mis üzrə istehsalı kəskin yüksələcək.

    Hesabatda bildirilir ki, şirkətin qızıl istehsalı 2024-cü ildəki 15 min unsiyadan 2026-cı ildə 43 min unsiyaya, mis hasilatı isə 0,4 min tondan 30 min tona qədər artacaq. Sənədə əsasən, bu yüksəliş "Dəmirli"nin 2026-cı ildə 19 min ton, Giların isə 8 min ton mis hasil etməsi hesabına təmin olunacaq.

    Analitiklər vurğulayırlar ki, bununla da AAM-in ümumi metal hasilatı tarixdə ilk dəfə olaraq 2024-cü ildəki 16 min unsiyadan (GEO) 2025-ci ildə 64 min unsiyaya, 2026-cı ildə isə 150 min unsiyaya çatacaq.

    Hesabatda deyilir ki, bu dinamika şirkətin gəlirlərinə də ciddi təsir göstərəcək. 2026-cı ildə "Anglo Asian"ın ümumi gəlirinin 333 milyon dollara çatacağı gözlənilir ki, bu da 2022-ci illə müqayisədə 292 faiz artım deməkdir.

    Analitik şirkətlərin qiymətləndirməsinə görə, "Anglo Asian"ın hasilat portfeli 2026-cı ildən etibarən qızıl yönümlü strukturu tədricən tərk edir və əsas gəlir mənbəyi kimi mis ön plana çıxır. Vurğulanır ki, istehsalın belə sürətlə yüksəlməsi şirkətin həm dəyərinin artmasına, həm də səhmlərinə olan bazar marağının güclənməsinə səbəb olacaq.

    Xatırladaq ki, AAM 1997-ci il avqustun 21-də imzalanan Production Sharing Agreement (PSA) tipli müqavilə çərçivəsində 6 yatağın işlənməsi fəaliyyətə başlayıb. Müqaviləyə əsasən, Azərbaycanın payı 51 %, “Anglo Asian Mining PLC” şirkətinin payı isə 49 % təşkil edir. Hazırda şirkət Azərbaycanda 8 müqavilə sahəsində fəaliyyət göstərmək hüququna malikdir. Şirkət London Birjasında listinqdədir və ölkənin ən iri qeyri-neft sənaye ixracatçılarından biridir.