İpoteka kreditlərinin verilməsində kəskin məhdudlaşma yaranıb | Banco.az

İpoteka kreditlərinin verilməsində kəskin məhdudlaşma yaranıb

Bu il ipoteka kreditlərinin verilməsində kəskin məhdudlaşma yaranıb. Dövlət büdcəsindən bu istiqamətdə 40 milyon manat ayırılsa da, Dövlət İpoteka Fondu bu vəsaiti istifadə etməkdə tələsmir. 

Azərbaycan Mərkəzi Bankının məlumatına görə, ilin ilk yarımilliyində dövlət büdcəsindən İpoteka Fonduna ayrılan vəsaitin həcmi cəmi 10 milyon manat təşkil edib. Həmin vəsait isə mart ayında ayrılıb. Ondan sonra bu istiqamətdə köçürmələrin naməlum səbəbdən dayandırıldığı göstərilir. Ötən illərin təcrübələri göstərir ki, növbəti transfert ilin ikinci yarısında, daha dəqiq desək, iyul ayında olmalıdır. Belə olan halda, büdcədən iyul ayı üzrə 30 milyon manatın köçürülməsi gözlənilir. Amma banklardan daxil olan məlumatlarda fərqli fikir söyləməyə əsas verir. Ölkə üzrə ipoteka kreditlərinin verilməsində cəmi 5-6 kommersiya bankı aktivdir. Digərləri isə həm sosial, həm də kommersiya tipli ipoteka kreditlərinin verilişini tamamilə dayandırıb.

AMB-nin statistik bülletenində göstərilən məlumata görə, banklar vasitəsilə ümumi ipotekaya yönəldilən kreditlərin həcmi cəmi 62,2 milyon manat təşkil edib. Onun da 56,6 milyon manatı İpoteka Fondunun yenidən maliyyələşdirilmiş ipoteka kreditlərinin həcmidir. Bu o deməkdir ki, vətəndaşların kommersiya yönlü bu tip kreditlərə marağı kifayət qədər azdır, hətta yox dərəcəsindədir. Çünki yerdə qalan vəsaitə bu il büdcədən ayrılan ipoteka kreditləri də daxildir. 

Burada iki məqam diqqəti çəkir: Birincisi, təkrar maliyyələşdirilmiş ipoteka kreditlərinin həcminin kifayət qədər az olması. İkincisi isə ilin birinci yarısında ayrılan 10 milyon manatın 6 ay ərzində tam istifadə olunmaması. Həm dövlət tərəfindən maliyyələşmənin, həm də vətəndaşların ipoteka kreditlərinə marağının az olmasının səbəbləri sual doğurur.   

Əlbəttə, ilkin cavab mənzillərin qiymətinin kəskin bahalaşması ola bilər. Hazırda ipoteka proqramına düşə bilən evlərin orta qiyməti 125 min manat arasıdır. Bazarda qiyməti 66-80 min manat arasında olan mənzillərin payı 54,4 faizə malikdir. 

İpoteka Fondu hesabına verilən kreditlərin maksimum məbləği isə 50 min manatdır. 80-120 min manata iki-üç otaqlı ev almaq istəyən vətəndaş üçün ilkin ödənişin 40-70 faizə qədər çıxdığını deyə bilərik. Evin yarıdan çox qiymətini ilkin ödədiyi halda, qalan hissəsini 25-30 il müddətinə hissə-hissə ödəməli olacaq. Bu zaman 4-8 faizlik illik faiz dərəcəsini hesabladıqda, vətəndaşa mənzilin qiymətinin real dəyərindən çox baha başa gəldiyini deyə bilərik. Bir sözlə, artıq ipoteka kreditləşməsinin vətəndaşlar üçün sərfəli variant hesab edilmədiyini deyə bilərik. 

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyevin sözlərinə görə, bu il dövlət büdcəsindən 40 milyon manat ayrılmasına baxmayaraq, az bir hissəsi ipoteka kreditləşməsinə yönəldilib. Onun fikrincə, bunun səbəblərini müxtəlif amillərlə bağlamaq olar: "Hər il 20 milyon ilin birinci yarısında, digər 20 milyon isə ikinci yarısında köçürülür. Amma bu il cəmi 10 milyon manat istifadə edilib. Belə çıxır ki, Mərkəzi Bank buna ehtiyac görmür, Fondun öz vəsaitlərini kifayət hesab edir. Amma ipoteka bazarında kifayət qədər pula ehtiyac var. Bu gün ipoteka bazarının həcmi ümumi daxili məhsulun 1 faizindən bir qədər çoxdur, elə böyük bir rəqəm deyil. Ukrayna, Rusiya və Türkiyədə bu rəqəm 10 faizdən yüksəkdir. Həmin yanaşmanı tətbiq etsək, o zaman Azərbaycanda ipoteka bazarı 5-6 milyard manat civarında olmalıdır. Halbuki, indiki rəqəm bundan dəfələrlə azdır. İl ərzində 2000-2500 adam ipoteka kreditləşməsindən yararlana bilir. Reallıqda isə ildə 30-40 min ailənin mənzilə ehtiyacı yaranır. Yəni indiki mövcud olan ipoteka kreditlərinin həcmi tələbatı ödəməyə yetərli deyil".

Ən sərfəli kredit üçün müraciət et

S.Əliyev əlavə etdi ki, sosial ipoteka kreditlərinin məhdudlaşması problemli kreditlərin həcminin artması ilə bağlı ola bilər: "Mərkəzi Bankı narahat edən məsələ problemli kreditlərlərin artması məsələsidir. Prosesə bu da təsir göstərə bilər. Doğrudur, problemli kreditlər portfelində ipoteka kreditləşməsinin həcmi azdır. Amma hökumət bunu önləməyə çalışır. Başqa tərəfdən, real sektoru canlandırmaq üçün bu istiqamətdə kredit qoyuluşunu artırmaq istəyi də ola bilər. İpoteka krediti də istehlak krediti hesab olunur. Mərkəzi Bank isə istehlak kreditlərinə yönəldilən vəsaitləri məhdudlaşdırmağa çalışır. Artıq banklara bu istiqamətdə olan reklamlara qadağa qoyulub. Ola bilsin ki, kampaniya çərçivəsində bunu ipoteka kreditləşməsinə də aid edirlər. Azərbaycanda ipotekadan başqa mexanizm də yoxdur ki, vətəndaşlar ondan istifadə etsin. "Tikinti əmanət bankları haqqında" qanun layihəsi hazırlansa da, qəbulu yubanır, habelə sosial evlərlə bağlı təkliflər artıq arxa planda qalıb.  İnflyasiya təzyiqi olmadığı üçün Mərkəzi Bank bunu əsas gətirə bilməz. Bu baxımdan sözügedən sahəyə yönələn vəsaitlərin məhdudlaşdırılması anlaşılan deyil. Amma burada bir nüans var. Əmlak bazarında çox sürətli bahalaşma baş verib. Bir tərəfdən "Sovetski"də söküntülər, digər tərəfdən banklardan çıxarılan əmanətlərin daşınmaz əmlaka yönəldilməsi bu bazarda ajiotaj yaradıb, qiymətləri qaldırıb. Görünür, ipoteka kreditlərinin məhdudlaşdırılmasının səbəblərindən biri də daşınmaz əmlak bazarında qiymət artımının nisbətən qarşısının alınmasıdır".

Bu arada ipoteka şərtlərinin yüngülləşdirilməsi üçün Mərkəzi Bank hökumətə layihə təqdim etsə də, hələ ki, bundan bir xəbər yoxdur. S.Əliyev yaxın zamanlarda ipoteka şərtlərinin yumşaldılmasının gözlənilmədiyini deyir: "Ola bilsin ki, şərtlərin yüngülləşdirilməsi sənədlərin azaldılması ilə bağlı ola bilər. Amma bu il belə bir dəyişiklik baş verməyəcək".

İqtisadçı bildirdi ki, hazırda ipoteka ilə alınan mənzilin qiyməti iki dəfə baha başa gəlir: "Demək olar ki, vətəndaş 100 faiz kredit ödəyir. Məsələn, 40 min manatlıq ev ona 80 min manata başa gəlir. Baxmayaraq, sosial  ipoteka kreditlərinin faiz dərəcələri aşağıdır, amma müddətin 20-25 illik olması əmlakı bahalaşdırır. Digər tərəfdən də evlərin qiyməti çox bahadır. Bazara hər hansı bir məlumat daxil olan kimi ucuz evlərin qiyməti bahalaşır. Mərkəzi Bankın ipoteka şərtlərini yüngülləşdirməməsinin əsas səbəblərindən biri də məhz budur. Çünki belə bir addım atarsa, qiymətlərin kəskin bahalaşmasından ehtiyat edir. Amma hazırda ipoteka kreditlərinin maksimum məbləğinin artırılmasına, ilkin ödənişin aradan götürülməsinə böyük ehtiyac var. Bu gün 50 min manata ev almaq mümkün deyil. Daha sonra faiz dərəcələrinin aşağı salınmasına baxılmalıdır".

 

       bizimyol.info