Hirsli insanla mübahisədə hansı səhvlərə yol veririk? | Banco.az

Hirsli insanla mübahisədə hansı səhvlərə yol veririk?

Hər kəs bəzən mübahisə edir və əsəbiləşir. Ancaq başqa bir insanın qəzəbinə və histeriyasına dözmək çətin olur. Çünki bu vəziyyətdə necə reaksiya verəcəyimizi anlamırıq. Klinik psixoloq Aaron Karmin qəzəbli bir insanı sakitləşdirməyə çalışmağın niyə alova benzin tökmək kimi bir şey olduğunu açıqlayıb.

Əsəbi bir insanı sakitləşdirməyə çalışarkən, təbii ki, yaxşı niyyətlə hərəkət edirik. Ancaq çox vaxt nə arqumentlər, nə onu güldürməyə çalışmaq, nə də təhdid vəziyyətin öhdəsindən gəlməyə kömək edir. Hətta münaqişəni daha da kəskinləşdirir. Bu cür emosional problemləri necə həll edəcəyimizi bilmirik, ona görə də səhv edirik. Bəs hansı yanlışlara yol veririk?

1. Təqsirsizliyimizi sübut etməyə çalışırıq

“Düz sözümdür, mən bunu eləməmişəm”. Bu tip ifadələr qarşı tərəfi yalançı adlandırmaq kimi səslənir. Həmsöhbətin belə sakitləşmək ehtimalı azdır. Problem kimin günahkar və ya günahsız olmasında deyil. Biz cinayətkar deyilik və özümüzə bəraət qazandırmağa çalışmaq lazım deyil. Məsələ həmsöhbətin əsəbiləşməsidir və bu neqativ enerji onu incidir. Bizim öhdəmizə düşən bunu asanlaşdırmaq və konflikti alovlandırmamaqdır.

2. Əmr verməyə çalışırıq

“Əzizim, özünü ələ al”, “Özünü topla!”, “Sus!” və s. O, əmrlərə tabe olmaq istəmir, özü digərlərini idarə etmək istəyir. Özünənəzarətinizə fokuslanın. Əsəbi və məyus olan təkcə o deyil. Yalnız biz onun mənfi aurası altına düşməyimizin qarşısını ala bilərik.

3. “Öncəgörmələrə” başlayırıq 

Hal-hazırda həyatımızı başqası idarə edir və bu xoşagəlməz problemi gələcəyə qaçaraq həll etməyə çalışırıq. Xəyali həll yolları tapırıq: “Bu dəqiqə dayanmasan, sonu yaxşı olmayacaq”, “Səninlə ünsiyyəti kəsəcəyəm”, “Polisə zəng edəcəyəm” və s. Mübahisə etdiyiniz şəxs dediklərinizi hədə, boş söz və ya öz acizliyinizi kompensasiya etmək cəhdi kimi qəbul edəcək. Bu, ona təsir etməyəcək, əksinə daha da inciyəcək. İndiki zamanda qalmaq daha yaxşıdır.

4. Məntiqə söykənməyə çalışırıq

Əksər hallarda emosional problemlərə məntiqli həll axtarmaqla səhv edirik: “Ehtiyatlı ol, diqqətlə düşün”. Yaxşı arqumentlər gətirsək, hər kəsi inandıra biləcəyimizə ümid edirik. Nəticədə əbəs yerə izahatlara vaxt sərf edirik. Məntiqimizlə qarşımızdakı insanın hisslərinə təsir edə bilmirik.

Ən sərfəli kredit üçün müraciət et

5. Bizi anlaması üçün səy göstəririk

Hirsli bir insanı situasiyanı anlamağa və səhvlərini dərk etməyə inandırmağa çalışmaq mənasızdır. İndi o, bunu manipulyasiya olunması və iradəmizə tabe etmək üçün cəhd göstərilməsi, yaxud da özünün haqsız çıxarılması istəyi kimi qəbul edəcəkdir. Axı o, haqlı olduğuna əmindir.

Həmçinin oxu: Rəhbərin tənqidinə necə reaksiya vermək lazımdır?

6. Əsəbiləşməyə imkan vermirik

“Sənin üçün etdiyim o qədər şeydən sonra mənə hirslənməyə haqqın yoxdur”. Qəzəb “haqq” deyil, bu, duyğudur. Odur ki, belə bir arqument absurddur. Üstəlik, bir insanı əsəbiləşmək hüququndan məhrum etməklə onun özünü qiymətsizləşdirmiş olursunuz. Bunu ürəyinə sala bilər.

Unutmayın ki, “Siz mənim stəkanımı yerə saldınız” kimi əhəmiyyətsiz səbəb, çox güman ki, səthi bir bəhanədir. Bunun altında uzun müddət yığılmış qəzəb dayanır. Ona görə də həmsöhbətinizin hansısa cəfəngiyyata görə özündən çıxdığını sübut etməyə çalışmayın.

7. Zarafat etməyə çalışırıq

“Yanaqların qızardı, çox məzəli görünürsən”. Bu, neqativ enerjini azaltmağa kömək etmir. İnsanı ələ salmış olursunuz və onun hisslərinə ciddi yanaşmadığınızı göstərirsiniz. Hamı ciddi qəbul edilmək istəyir. Zarafatı yerində edəndə gözəldir.

Çikaqoda “Urban Balance” psixoloji yardım mərkəzində işləyən Aaron Karmin bu tövsiyələrə əməl etdiyiniz halda konflikt vəziyyətindən az zərərlə çıxmağın mümkün olduğunu vurğulayır.

Nigar Umaxanlı, Finco.az

Ən sərfəli krediti almaq üçün müraciət et