Müəllif: Tamara Mustafayeva, Banco.az
"Süni intellekt ABŞ-da işdənçıxarmalara səbəb olur.”
Banco.az xəbər verir ki, “Challenger, Gray & Christmas Inc.” şirkətinin məlumatlarına görə, ABŞ şirkətləri süni intellektin sektorları yenidən formalaşdırması və xərcləri azaltmaq istiqamətindəki səylərin sürətlənməsi fonunda son iyirmi ilin ən yüksək oktyabr ayı ixtisarlarını həyata keçirib.
Şirkətlər ötən ay 153 min 74 nəfəri işdən azad edib. Bu göstərici texnologiya və süni intellekt sektorlarının təsiri ilə ötən ilin eyni dövrü ilə müqayisədə demək olar ki, üç dəfə artıb. Həmçinin bu rəqəm son yeddi ayın ən yüksək səviyyəsi olub.
Şirkətin prezidenti Endi Çellencer bildirib ki, bu göstəricilər 2003-cü ildən bəri — mobil telefonların geniş yayılmasının əmək bazarında oxşar dağıdıcı təsir yaratdığı vaxtdan — bəri oktyabr ayları üçün ən yüksək səviyyədir.
“Tez bir zamanda iş tapmaq getdikcə çətinləşir.”
Çellencer hesabatda qeyd edib ki, pandemiyadan sonra müşahidə olunan işə qəbul dalğası yavaşlayıb, süni intellektin istifadəsinin artması ilə bir çox şirkətlər xərclərin azaldılması və işə qəbul proseslərini dayandırmaq siyasətinə yönəlib.
Çellencer əlavə edib ki, hazırda işdən çıxarılan şəxslər yeni iş tapmaqda çətinlik çəkir və bu da əmək bazarını daha da zəiflədə bilər.
Məlumatlara əsasən, ilin əvvəlindən bəri ümumilikdə işdən çıxarılanların sayı 1 milyonu keçib, bu isə pandemiyadan bəri ən yüksək göstəricidir.
Bizi sosial şəbəkələrdən izləyin!!
