Rəhbərin tənqidinə necə reaksiya vermək lazımdır? | Banco.az

Rəhbərin tənqidinə necə reaksiya vermək lazımdır?

Təşvişə düşmək və müdafiə mövqeyinə keçmək tənqidə ən yaxşı reaksiya deyil. Tənqid böyümə və inkişafa gedən ən sadə və düz yoldur. Lakin o, yaxşı niyyətlə deyilsə belə bizdə “eqomuza edilmiş birbaşa hücumdan” özümüzü qorumağa təbii istək yaranır.

Həmçinin oxu: Biri sizə səsini qaldırırsa, nə etməlisiniz? MƏSLƏHƏT

“Work.ua” rəhbərin tənqidindən narahat olmamaq, qıcıqlanmamaq üçün alqoritm təqdim edir.

1. Tənqidi xarici səviyyəyə çıxardın.

Eqonuzu bir qırağa qoyun ki, deyilən sözlərə obyektiv yanaşa biləsiniz. Təsəvvür edin ki, tənqid sizə deyil, yad adama — sizinlə eyni ada, eyni vəzifəyə sahib başqa birinə ünvanlanıb.

2. Sizə söylənən hər şeyə qulaq asın.

Siz artıq özünüzə xatırlatdınız ki, vəziyyətə nəzarət edirsiniz. İndi təmkinlə hər şeyi dinləmək olar. Formaya fikir verməyin, məzmuna önəm verin. Sizin xeyrinizə olan məqamları gələcək üçün yadınızda saxlayın. Birdən reaksiya vermək istəsəniz, bunu ancaq dərindən nəfəs alıb verdikdən sonra etmək olar. Emosiyalarınız sizi deyil, siz onları idarə edin!

3. Faktları şəxsi fikirlərdən ayırd etməyi bacarın.

Əmin olun ki, siz fakt və rəy arasındakı fərqi anlayırsınız. Əgər siz layihənin büdcəsini 10 000 manat keçmisinizsə, bu, faktdır. Siz həmkarlarınıza münasibətdə kifayət qədər ünsiyyətcil deyilsinizsə, bu, şəxsi fikirdir. Rəyə rəylə cavab verməyə dəyməz. Deyilənlərə faktlarla cavab verə bilsəniz, məqsədəuyğun, eyni zamanda peşəkar davranış nümayiş etdirmiş olarsınız.

4. Sizdən məhz nəyin tələb olunduğuna və hansı addımı atmalı olduğunuza fokuslanın.

Ən sərfəli kredit üçün müraciət et

Tənqidi fikirlərə qarşılıq olaraq “Baş üstə, rəis!” və ya “Anladım” tipli qısa cavablarla vəziyyəti ötüşdürməyin. Ən yaxşısı, rəhbərə deyin: “Mənə yol göstərdiyiniz üçün minnətdaram”. Daha sonra dəqiqləşdirin ki, sizin diqqətinizə çatdırılmış problemi həll etmək üçün yolları düzgün anlamısınızmı. İstiqamətləndirici suallar faydalı ipucları əldə etməyə kömək edə bilər.

Həmçinin oxu: Qadın rəhbərlərin kişi həmkarlarından üstünlüyü nədir?

5. Tənqid edənə təşəkkür edin.

Beləliklə, sizə utanmadan, çəkinmədən sizin eyiblərinizi, səhvlərinizi göstərə biləcək birini qazanmış olarsınız. Sizin vəzifəniz isə vaxtında fəaliyyətinizdəki çatışmazlıqları düzəltmək olacaqdır. Sədi Şirazinin müdrik kəlamına nəzər yetirin: Yetkin bir adamın dostluğunu qazanmaq istəyirsinizsə, tənqid edin; Bəsit bir insanla dost olmaq istəyirsinizsə, təriflər söyləyin. Çalışın, bəsit biri olmayın.

6. Tənqidi lehinizə çevirin.

Qınaq obyektinə çevrilmiş məsələləri dinləyin və müzakirə edin, səmərəli ola biləcək məqamları ayırın, situasiyadan mümkün qədər çox mənfəət əldə etməyə çalışın. “Bright Enterprises” şirkətinin rəhbəri, direktorların mentorluğu və “Disney” kimi bir çox şirkətə konsultasiya xidmətləri verilməsi üzrə ixtisaslaşmış Deb Brayt belə hesab edir:

“Heç kəs sırf təriflər eşidərək karyera qurmur. Əgər çoxdan konstruktiv tənqid eşitmirsinizsə, bu o deməkdir ki, siz, bəlkə də, heç nə öyrənmirsiniz”.

Xoşagəlməz söz eşidən kimi aqressivləşən, yaxud öz qınına çəkilən biri olmayın. Müdrik olun və tənqiddə işarət axtarın. Və bu işarətlər vasitəsilə inkişaf etmək üçün düzgün istiqamət götürün.

Nigar Umaxanlı, Finco.az