Müəllif:Ayşən İmanova/Banco.az
Dünyanın ən böyük şirkətləri bu ilin ikinci rübündə rekord məbləğdə - 606,1 milyard dollar dividend ödəyiblər.
Banco.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın “Janus Henderson Investors” şirkətinin araşdırmasında deyilir.
Bildirilir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,8% çoxdur. Məzənnə fərqlərindəki dəyişikliklər nəzərə alınmadan bu göstərici 8,2% artıb.
Məlumata görə, ödənişlərin həcminə görə liderlər “HSBC”, “Nestle” və “China Mobile” olub.
Qeyd olunur ki, Amerika şirkətləri aprel-iyun aylarında 161,5 milyard dollar məbləğində dividend ödəyiblər (valyuta dəyişkənliyi nəzərə alınmaqla 8,6% artım).
Ən əhəmiyyətli ödənişlər “Microsoft”dan olub - təxminən 5,6 milyard dollar, “Apple” isə 3,8 milyard dollardan çox ödənişlə müvafiq olaraq 7-ci və 19-cu yerlərdə qərarlaşıblar. Bununla da, yalnız iki Amerika şirkəti ilk 20 qlobal liderə daxil olmağı bacarıb.
Bu il ilk dəfə dividend ödəməyə başlayan “Alphabet” və “Meta” ötən rübdə səhmdarlara təxminən 4 milyard dollar qaytarıb.
“Janus Henderson” ekspertləri 2024-cü ilin sonuna qədər dünyada ödənilən dividendlərin ümumi həcminin 4,7% artaraq 1,74 trilyon dollara çatacağını proqnozlaşdırırlar.