Qorxmaz Ağayev, ARPA Direktorlar Şurasının üzvü, Vəkillər kollegiyasının üzvü
Ölkəmizdə banklara göstərilən hüquq xidmətlərinin cari vəziyyətini nəzərdən keçirmək istərdim. Vəziyyət, təəssüf ki, ürəkaçan deyildir. Bu sahədə çoxsaylı ciddi problemlər mövcuddur. Bu problemləri şərti olaraq 3 qrupa bölmək olar:
- Hüquq xidmətlərinin alıcısı olan sifarişçi-banklardan irəli gələn problemlər,
- Hüquq xidmətlərinin icraçılarından (hüquqşünas mütəxəssislər, hüquq şirkətləri, hüquq biznesi) irəli gələn problemlər,
- Xidmət tərəflərinin iradəsindən asılı olmayan problemlər.
Birinci qrup problemlərin əsas səbəbi sifarişçi-bankların hüquqi risk xəritəsinin və hüquq siyasətinin olmamasıdır. Belə ki, bir çox banklarda yazılı şəkildə təsdiqlənmiş hüquq risk xəritəsi (ehtimal edilən hüquqi problemlərin siyahısı) və siyasətin (hüquqi problemlərin həlli yolları) sadəcə yoxdur. Bu xəritənin və siyasətin olmaması nəticəsində aşağıda qeyd edilmiş problemlər müşahidə olunur:
- Bankın fəaliyyətində hüquqi risklərin anlayışı və dairəsi (hüquqi risk faktorları və risklərin növləri və sistemi (risk xəritəsi), bankın ümumi risk xəritəsində hüquqi risklərin yeri) müəyyən olunmamışdır,
- Bu risklərin idarə edilməsində hüquq xidmətlərinin zəruriliyi barədə qərarlar sistemli və əsaslı olmur (lazımdır, ya yox; lazımdırsa, hansı məsələlər üzrə lazımdır),
- Bu xidmətlərin hansı qaydada, kim tərəfindən icra və təşkil edilməsi barədə qərarlar aydın və konkret deyildir (işçi cəlb etməklə və ya outsource vasitəsilə, işin həcmi və cəlb olunacaq işçilərin sayı, xidmət göstərən şəxslərə qarşı uyğunluq tələbləri, idarəetmə strukturu və koordinasiya necə olacaq və s.),
- Hüquq xidmətinə və bu xidmətin icraçılarına qarşı qoyulan strateji və taktiki kəmiyyət və keyfiyyət hədəfləri, onların göstərdiyi xidmətlərin qiymətləndirilməsi və mükafatlandırma konkret, sistemli və obyektiv deyildir,
- Hüquqi risklər üzrə səlahiyyətlər və məsuliyyətlərin bölüşdürülməsi (hansı hüquqi risklər barədə kim(lər) qərar verə bilər, bu qərara görə məsuliyyət məsələləri) düzgün deyildir,
- Hüquqi risklərin idarə edilməsi və hüquq xidmətlərinə çəkilən məsrəflərin əsaslandırılması (nə qədər büdcə ayrılmalıdır) düzgün olmur.
- Hüquqi risklər və xidmətlər sahəsində məlumatların statistikası, icmallaşdırılması, analizi və hesabatlığı olmur və ya təhrif olunmuş olur.
Nəticədə isə banklar hüquqi problemlərini konkret olaraq təyin etmədən hüquq xidmətlərinə ümumən ehtiyac olduğunu anlayır, lakin məhz hansı problemlərin mövcud olduğunu, hansı növ hüquq xidmətlərinə, hansı həcmdə və nəyə görə ehtiyac duyulduğunu üzə çıxarmırlar. Elə banklar da vardır ki, işçiyə ehtiyac olduğunu sadəcə iş həcminin çox olması ilə əsaslandırır, lakin işin nəyə görə çox olması və işin həqiqi həcmini müəyyən etmirlər. Xidmətin keyfiyyət və kəmiyyətinə nəzarət arzu olunan səviyyədə deyildir. Bir çox banklarda hüquq sahəsində xidmət haqları daha çox subyektiv olaraq təyin olunur. Göründüyü kimi burada qeyd edilən problemlərin əksəriyyəti hüquq sahəsində risk xəritəsinin və bu xəritənin verdiyi sistemli məlumatlar əsasında aparılan siyasətin olmamasından irəli gəlir. Bu sahədə siyasətsizlik isə, istər istəməz sonda müvafiq neqativ nəticələrdə və rəqəmlərdə əks olunur:
- Hüquq xidmətlərinə düzgün hədəflər (prioritetlər) qoyulmur və nəticədə gözlənilməz hüquqi məsrəflər və hadisələr əmələ gəlir (bank məhsulunun satışına dövlət orqanları tərəfindən məhdudiyyətlər qoyulur, cərimələr təyin olunur, banka qarşı iddialar qaldırılır, lisenziya geri alınır və ya məhdudlaşdırılır, bank ilə bağlı onun rəhbərləri barəsində cinayət məsuliyyəti üzrə təqiblərə başlanılır və s.).
- hüquqi risklərin siyahısı və hüquq xidmətinin əhəmiyyəti (o cümlədən işin həcmi və xarakteri) bəlli olmadığından ona çəkilən məsrəflər əsassız və idarəolunmaz vəziyyətdə artır və ya azalır (beş hüquqşünas əvəzinə 10 hüquqşünas işə götürülür və ya əksinə, kənar hüquq xidmət icraçılarına yeri gəldi-gəlmədi müraciət edilir və hüquq xidmətlərinə digər əsaslandırılmayan xərclər çəkilir və ya əsaslı xərclərdən imtina edilir).
Bu neqativ nəticələr və hüquqi risklər əslində gözləniləndi, amma siyasət olmadığı halda bank yox, problem bankı idarə edəcəkdir və bu halda idarəetmə reaksiyası ilə bu problemləri həll etmək böyük itkilər olmadan mümkün olmayacaqdır. Bir sözlə, hüquqi risk xəritəsi və siyasətinin olmaması bu risklərin düzgün və hər tərəfli şəkildə müəyyənləşdirilməsi, qiymətləndirilməsi, idarə olunması və onlara nəzarəti qeyri-mümkün edir.
Bankın qərar qəbul edən orqanlarının bu və ya digər səbəbdən hüquqi risk idarəetməsinin və hüquq xidmətlərinin ümumi idarəetmədə əhəmiyyəti lazımınca qiymətləndirilmir. Bu da 1-ci qrup problemlərdən ən mühümüdür. Hardasa demək olar ki, banklarda hüquq siyasətinin olmamasının əsas səbəblərindən biri də məhz budur. Əslində qeyd edilmiş bu səbəb bank biznesinə strateji yanaşmanın mövcudluğunu istisna edir və dolayısıyla risk idarətməsi olan hüquq xidmətlərinin də rolunu olduqca kiçildir. Bir sıra banklarda hüquq xidmətlərinə hökmran baxış odur ki, hüquqşünas problem yarandıqda lazımdır, hüquqşünas bankda yazı-pozu işi görən şəxsdir, hüquqşünas qeydiyyat və bu kimi formallıqları görən şəxsdir və s. Təəccüblü deyildir ki, bəzi banklar bu və ya digər qabaqcıl biznes idarəetmə institutunu o halda tətbiq edirlər ki, bu tələb qanunvericilikdə əks olunsun, yaxud da müvafiq dövlət orqanları və tənzimləyicilər tərəfindən “tövsiyə edilmiş” olsun. Belə bir vəziyyətdə hüquqşünaslar qərar qəbulunda yox, post factum qaydasında biznes prosesinə cəlb olunurlar ki, bu da hüquq xidmətlərindən gözlənilən effektivliyin alınmasına ciddi şəkildə mane olur. Qeyd edilmiş bu problem də sonda mütləq qayadada təhrif olunmuş rəqəmlərdə (məsrəflərdə, zərərlərdə) əks olunacaq və hüquqi riskləri artıracaqdır.
Hüquq xidməti göstərən icraçılardan (hüquqşünas mütəxəssislər, hüquq şirkətləri, hüquq biznesi) irəli gələn ikinci qrup problemlərin ən ilk problemi odur ki, hüquq sahəsində ali təhsil bütün biznes sektorlarında, xüsusilə də bank sektorunda hüquqşünas mütəxəssis kimi işləmək üçün minimum biliklər vermir. Belə ki, hüquqşünaslıq ixtisası verən heç bir ali təhsil müəssisələrimizdə bank və maliyyə hüququ bir istiqamət kimi, təəssüf ki, ya tədris olunmur, ya da təcrübəli şəxslər bu prosesə cəlb olunmur. Hərçənd ki, hamiya məlumdur ki, bank sektoru bizim iqtisadiyyatımızda önəmli paya malikdır və müvafiq olaraq onu tənzimləyən qanunverivicilik dinamik şəkildi inkişafdadır. Belə bir vəziyyətdə hüquqşünaslar elementar tətbiqi bilik və bacarıqları banklarda işləyərək əldə etmək məcburiyyətində qalırlar. Təbii ki, bu zaman kimin daha çox bilik və bacarıq əldə etməsi onun fərdi keyfiyyətlərindən asılı olaraq subyektiv və xaotik şəkildə olur. Kimi xaricə təhsil almağa üz tütür, kiminsə belə imkanı olmur. Bu amil bankların hüquqi risklərinin bir nömrəli mənbəyidir, demək olar. Çünki Bank, bank hüququnu bilməyən icraçıların xidmətinə müraciət edir və onların bu sahəni iş prosesində mənimsiyənədək olan dövrdə bankın hüquqi riskləri inanılmaz dərəcədə artır. Təsəvvür edin ki, xəstəxanada cərrahi əməliyyat otağında (bankda) əməliyyatı müalicə işi (bank hüququ) ixtisası və təcrübəsi olmayan həkimə həvalə olunub. Banklar bu riski anlamalı və ən azında öz miqyaslarında bu riski azaltmaq üçün tədbirlər görməlidirlər (düzgün kadr seçmə siyasəti və prosedurları tətbiq etmək, mühüm postlara bank sahəsində nəzəri və təcrübi bilikləri olan kadr təyin etmək, stajor və sınaq müddətində olan kadrlara ixtisasa yiyələnmə üzrə addımlar, təcrübəli hüquqşünasları xaricdə bank hüququ üzrə ixtisasartırma təlimlərinə və təcrübəyə göndərmək və s.). Bir çox qabaqcıl xarici banklar bu məsələlərə bu qədər diqqət və vəsait ayırmaqdansa və üstəlik hüquq xidmətlərinin qeyri-profil və arxa ofis sahəsi olduğunu nəzərə alaraq, bank təcrübəsinə malik hüquq şirkətləri ilə işləyirlər. Təcrübədə hüquq xidmətləri göstərən şirkətlərə aşağıdakı hallarda müraciət edilməsi məqsədəuyğun sayılır:
- Mövcud və yeni məhsullar, həmçinin biznes proseslər üzrə dəfələrlə təkrarlanan tipik münasibətlərin standartlaşdırılması zəruri olduqda. Yəni standart tipli müqavilə və digər sənəd nümunələrinin hazırlanması, yoxlama vərəqələrinin (check list) tərtibi və s. Standartlaşdırma bankda qeyri-rasional hüquq işlərinin həcmini və nəticə etibarilə hüquqi xidmət məsrəflərini azaldır (Bu, xidmət sistem yaratma xarakterli olduğundan daxili resursların cari iş həcmini artırmadan kənar hüquq şirkətləri vasitəsilə bu xidmətlərin göstərilməsi daha effektiv və keyfiyyətlidir. Nəticədə bank hüquqi risk idarəetmə alətləri əldə etmiş olacaqdır).
- Yeni məhsul, biznes və layihənin hüquqi modelinin, sxemlərinin və risklərinin ortaya çıxarılmasında. Bu sifarişlər mütəxəssis rəyi tələb edir ki, belə rəyləri də müxtəlif banklara xidmət edən və daha fərqli və hərtərəfli təcrübəsi olan hüquq şirkətindən almaq daha təminatlıdır. (Kənar hüquq şirkətləri fərqli və daha əhatəli təcrübəyə malik olduğundan (bir neçə bankın iş təcrübəsi, fərqli iş praktikası və fərqli baxış) bu alətdən daxili resurlara əlavə olaraq istifadə oluna bilər.)
- Banklar bu şirkətləri hüquq risk xəritəsinin yaradılması və bu idarəetmə sistemini ildə bir dəfə kənar yoxlamaya görə da cəlb edirlər ki, cari vəziyyətin və risklərin nə yerdə olduğunu görə bilsinlər (Bu, xidmət sistem yaratma xarakterli olduğundan daxili resursların cari iş həcmini artırmadan kənar hüquq şirkətləri vasitəsilə bu xidmətlərin göstərilməsi daha effektiv və keyfiyyətlidir. Nəticədə bank hüquqi risklər xəritəsini, onun daxili hüquq xidməti isə gələcək üçün fəaliyyət planı əldə etmiş olur).
- Beynəlxalq və xarici ölkə qanunvericiliyi, habelə bank qanunvericiliyi və təcrübəsindən kənara çıxan qanunvericilik və təcrübəyə əsaslanan hüquq xidmətlərinə ehtiyac duyularsa (misalçun, bank sahəsində zəngin məhkəmə təcrübəsinə malik olan mütəxəssisin proqram təminatının tətbiq edilməsi ilə bağlı yaranmış məhkəmə mübahisəsində olduqca qeyri-peşəkarlığının şahidi olmuşam və problemlər dərinləşməmiş işi outsource-a vermişəm).
- Hüquq xidmətləri üzrə təlimlərə ehtiyac yarandıqda (göstərilən sahədə Ölkəmizdə illik təlim büdcələri, demək olar ki, istifadəsiz qalır. Hüquq məsələləri üzrə yerli təlim bazarı olmadığından, habelə banklar hüquq məsələləri üzrə təlimlərə vəsait xərcləməyə maraqla yanaşmadığından bu hal müşahidə olunur).
- Problemli borcların idarə edilməsi zamanı. Ümumən xaricdə gecikmədə olan borcların çoxsaylı kollektor firmalarının idarəetməsinə ötürmək və bu portfeli satmaq təcrübəsi artıq qanunauyğunluqdur. Bu ona imkan verir ki, gecikmədə olan borc portfeli nəinki daxili, həm də xarici diversifikasiya edilmiş təsir vasitələri ilə rəqabət şəraitində təqib edilsin. (Azərbaycanda çalışan bir sıra banklar ümumən bəlli bir müddətdən sonra problemli borc portfelini kənar idarəetməyə verirlər. Bununla banklar problemli borc portfelinin yığım həcminin artırılması və sürətlənməsi ilə nəticələnən bir sıra üstünlüklər əldə edirlər:
- Problemli borc portfelinin yığılmasında təcrübəsi olan şirkətlər cəlb etmiş olur və onların fərqli təcrübəsindən yaralanırlar
- Problemli borc portfelinin yığımında daxili resurlardan başqa problemli borclulara qarşı əlavə təsir alətləri əldə edirlər
- Problemli borc portfelinin yığımında daxili və xarici alətlərin rəqabətini yaradırlar
- Problemli borc portfelinə daxili resursların əsaslandırılmamış vaxt, fiziki və maddi sərfiyyatını idarə etmiş olurlar
- Problemli borcların yığılmasına çəkilmiş xərclərin kompensasiya edilməsi imkanını qazanırlar (yəni verilmiş xidmət haqqının və s. xərclərin məhkəmə qaydasında tanınması))
Başqa bir məsələ odur ki, bank hüquqşünaslarımızın bir çoxu bank işini sadəcə bilmirlər. Bunun əsas səbəbi hüquq tədris müəssisələrində iqtisad elmlərinin ya keyfiyyətsiz tədrisi, ya da ümumən tədris olunmamasıdır. Digər bir səbəbi isə psixoloji olaraq, hüquqşünasların özlərini bank sahəsində “özgə olması” ilə bağlıdır. Bu da daha bir əsas problemdir. Banklar necə və nəyə görə yaranıb, hansı biznes sahələri vardır və onlar hansı funksiyaları yerinə yetirir, vəsaitlərin cəlb olunması və yerləşdirilməsi, bank işinin indiki vəziyyəti və gələcək perspektivləri nədir, makro və mikro iqtisadi mühitdə bankların hansı rolu var, Mərkəzi Bankın tənzimləyici kimi iqtisadi rolu nədən ibarətdir, bankların əsas gəlirləri nədən formalaşır, banklarda müasir idarəetmə metodları hansılardır, bank fəaliyyətinin hansı riskləri vardır, bankda hansi məhsullar var, onların İT tərəfi necə sazlanıb və s. Bütün bu məsələlərə cavaba malik olmaq bank hüquqşünasının aid olduğu bankda hüquqi risklərin idarə edilməsində rolunu, heç şübhəsiz ki, artırır. Bank işini bilməyən hüquqşünasın verdiyi rəylər və gördüyü işlər natamam və qeyri-effektiv olacaqdır. Təsəvvür edin kreditin nə olduğunu, onun şərtlərini, risklərini, gəlirlərini, kredit riskləri üzrə Mərkəzi Bankın normativlərini, kreditin daxili və ya kənar vəsaitlərdən verilməsi, bir kreditə görə bankın məsrəflərini və s. bilməyən hüquqşünasın rəyi necə olacaq?! Banklar bu riski azaltmaq üçün bank işinin hüquqşünaslar tərəfindən mənimsənilməsi üçün addımlar atmalıdırlar.
Hüquqşünasların böyük əksəriyyəti yaxşı inzibatçı olsalar da, onlar olduqca zəif biznes menecer olurlar. Burada Proseslərə genişmiqyaslı və strateji baxışa malik olmaq hüquqşünas menecer üçün vacib şərtdir. Təbii ki, hər kəs biznesin son məqsədinin mənfəət əldə etmək olduğunu bilir. Bununla belə hüquqşünas bankın hüquqi təhlükəsizliyi hədəflərinə və proseslərinə əlahiddə və təcrid olunmuş məsələlər kimi baxmamalıdır. Bu hədəfləri və prosesləri biznesin hədəfləri və proseslərinin bir hissəsi olaraq təyin və idarə etməlidir.
Bank sahəsində peşəkar hüquq xidmətləri verə bilən və sözün əsl mənasında bank təcrübəsi olan hüquqşünaslara malik bir-iki yerli hüquq şirkətinin olması ikinci qrup problemlərdəndir. Belə olan halda banklar kənar hüquq xidmətlərinə müraciət etməkdənsə, daxili hüquq xidmətini qurmağı üstün tutur. Hərçənd ki, nə qanunvericilik, nə də bank biznesinin ehtiyacları bunu tələb edir.
Xidmət göstərən hüquqşünaslardan irəli gələn əsas problemlərdən biri də İT texnologiyaların hüquq xidmətlərində tətbiq arealının xeyli az olmasıdır. Hətta ölçülə bilən klassik (krizis) hüquq xidmətləri ilə bağlı İT həllər tətbiq edilmir. Belə ki, problemli kreditlər üzrə məhkəmə və icra işləri əsasən rutin və təkrarlanan olduğundan bu sahədə İT həlləri tətbiq etmək daha asan və effektivdir. Hüquqi risk idarəetmə səviyyəsində də İT həllər tətbiq oluna bilər. Təbii ki, bunun üçün ilk növbədə hüquqi risk xəritəsinin hazırlanması zəruridir. İT həllərin az tətbiq edilməsinin səbəbləri barədə çox danışmaq olar, lakin hesab edirəm ki, əsas səbəb bir tərəfdən hüquqşünasların İT biliklərinin az olmasıdırsa, digər tərəfdən İT həllər vasitəsilə bankın hüquq xidmətlərinə olan ehtiyacının və asıllığının azalacağı barədə vahimələridir. Buna görə də onların bir çoxu hüquq xidmətinin yalnız yaradıcı olduğunu və ölçülə bilən olmadığını xüsusilə vurğulayırlar.
Üçüncü qrup problemlər hüquq xidmətlərinin istehlakçıları olan banklar və icraçıları olan hüquqşünaslardan birbaşa asılı olmayan digər problemlərdir. Misalçün, qanunvericilikdə qeyri-təkmillik və boşluqlar, vahid məhkəmə təcrübəsinin olmaması, bank sahəsində hüquq xidmətləri standartlarının olmaması (bank sahəsində hüquqşünasların ictimai birlikləri, bank üzrə standart müqavilələr, standart problem həll etmə rəyləri və s.), məhkəmə hakimləri korpusunun mülki işlərə cinayət işi kimi baxması və ümumən biznes təsəvvürlərinin aşağı səviyyədə olması, məhkəmə hakimlərinin bu və ya digər səbəbdən yol verdiyi neqativ hallar, əhalinin aşağı hüquqi savadlılığı, məmurların sanksiya tətbiq etməkdə bu və ya digər səbəbdən ehtiyatlılığı, hüquqşünasların peşə məsuliyyətinin sığortalanması təcrübəsinin olmaması və s.