Bank ləğv edilən zaman kreditə faizlər niyə dayanmır? – EKSPERT RƏYİ | Banco.az

Bank ləğv edilən zaman kreditə faizlər niyə dayanmır? – EKSPERT RƏYİ

Son dövrlədə bankların bağlanması prosesi ilə birgə hallanmağa başlayan, iqtisadi və hüquqi cəhətdən əsaslandırılması tələb olunan bəzi suallar meydana çıxmışdır. Bunların ən başlıcası bankın ləğvetmə prosesinə başlandığı zaman əmanətlərə faizlərin hesablanmasının dayandırıldığı halda, bunun niyə kreditlərə də şamil edilməməsi ilə bağlıdır. 

Azərbaycan Banklar Assosiasiyasının “Kredit İşi və Risk üzrə” Ekspert Qrupunun məsələyə münasibətini sizlərə təqdim edirik:

Bankın lisenziyası alındıqdan sonra kredit faizlərinin hesablanması davam etdirildiyi halda əmanət faizlərinin hesablanmasının dayandırılması nə ilə əlaqədardır?

Bildiyimiz kimi, bankın lisenziyasının ləğv edilməsi əsasən bankın öz öhdəliklərini tam yerinə yetirə bilməməsi və ya bilməyəcəyi perspektivindən irəli gəlir. Bu halda Banklar haqqında Azərbaycan Respublikasının Qanunun  72.1.6. bəndinə müvafiq olaraq: “bankın öhdəlikləri üzrə faizlərin və digər haqların hesablanması dayandırılır. Bu zaman bankın aktivlərinə faizlərin və digər haqların hesablanması davam etdirilir”.

Lisenziyanın ləğvi ilə bank bütün digər gəlir gətirən bank əməliyyatlarını və vasitəçilik funksiyasını dayandırır, eləcə dəyalnız bank lisenziyasında nəzərdə tutulan fəaliyyət növü olan əmanətlərə xidmət funksiyasını da göstərmir. Lisenziyası ləğv edilən bankın başlıca vəzifəsi əmanətçilər qarşısında öhdəliklərin yerinə yetirilməsi olduğundan, onsuzda öhdəliklərinin icrasında çətinlikləri olan bankın əmanətçilər qarşısında öhdəliyin icra edilə bilinməməsinə gətirib çıxarmaması üçün əmanətlərin üzərinə faizlərin hesablanması dayandırılır.

Bankın öz öhdəliklərini icra edə bilməməsi isə, banka borcu olanların kredit öhdəliklərini (əsas məbləğ və faizlər)icra etməməsinə əsas vermir. Çünki, kreditlər üzrə ödənilən əsas məbləğlər və faizlər ləğvetmə prosesində olan bankın öhdəliklərinin icrasına  xidmət edir. Mahiyyət etibarilə də, əmanətlərlə müqayisədə kreditləri  vaxtından əvvəl tələb etmək olmur və qeyd etdiyimiz səbəblərdən də kreditə faiz hesablanılması dayandırılmır.

Ən sərfəli kredit üçün müraciət et

Zərurət yarandığı halda Əmanətlərin Sığortalanması Fondu tərəfindən təcrübədən də gördüyümüz kimi olduqca operativ qaydada qorunan əmanətlər üzrə ödənişlər həyata keçirilir.

Yekun olaraq qeyd edək ki, beynəlxalq təcrübədə də bank ləğvetməsi prosesi həm hüquqi, həm praktiki cəhətdən oxşar qaydada aparılır.

Əgər seyf xidməti göstərən bankın lisenziyası alınarsa, burada qorunan mülkiyyətin taleyi necə olur?

Banklar haqqında Azərbaycan Respublikasının Qanunun 1.12. bəndində nəzərdə tutulduğu kimi banklar, sənədləri və qiymətliləri, o cümlədən pul vəsaitlərini saxlanca qəbul etmək (xüsusi otaqlarda və ya seyf qutularında saxlamaq) kimi xidmət göstərə bilər.

Qanunda da deyildiyi kimi bankın bu xidməti digər əmanət (depozit) xidmətlərindən fərqli olaraq, mülkiyyətçinin əmlakının fiziki olaraq saxlanmasına xidmət edir. Başqa sözlə, burada saxlanılan mülkiyyət, o cümlədən pul vəsaiti və digər qiymətlilər bankın dövriyyəsində iştirak etmir və bank tərəfindən bu mülkiyyətdən tam və ya qismən şəkildə hər hansı bir məqsədlə istifadə cinayət məsuliyyəti yarada bilər.

Bu səbəbdən, bankın lisenziyasının ləğv edilməsi mülkiyyətçilərin sözügedən əmlaklarının qaytarılması ilə bağlı heç bir risk yaratmır.

BBN.az