İran: ABŞ-ın blokadasına baxmayaraq, neft ixracı davam edir | Banco.az

İran: ABŞ-ın blokadasına baxmayaraq, neft ixracı davam edir

Müəllif:Mehin Qasımova,Banco.az

İranın neft naziri Möhsün Paknejad ABŞ-ın ölkəyə qarşı tətbiq etdiyi “dəniz blokadası”na baxmayaraq, İranın neft satışlarını davam etdirdiyini açıqlayıb.

Banco.az xəbər verir ki, neft ixracının davam edib-etmədiyi ilə bağlı suala cavab verən Paknejad satışların və müştərilərə neftin çatdırılması prosesinin davam etdiyini bildirib. Bununla belə, nazir ixracın həcmi, satışların hansı marşrutlarla həyata keçirildiyi və alıcıların kim olduğu barədə ətraflı məlumat verməyib. O, bu məlumatların açıqlanmasının İranın rəqibləri tərəfindən istifadə oluna biləcəyini deyib.

Nazir ABŞ-ın tətbiq etdiyi blokadanın İranın neft satışlarına təsir göstərdiyini və ixracın azaldığını da etiraf edib. Buna baxmayaraq, onun sözlərinə görə, neft tədarükü tamamilə dayandırılmayıb.

“Əməliyyatların davam etdirilməsi üçün lazımi tədbirləri görmək məqsədilə vəziyyəti yaxından izləməyə davam edəcəyik”, – Paknejad bildirib.

Neft nazirinin bu açıqlaması İran Mərkəzi Bankının rəhbərinin bir neçə gün əvvəl verdiyi bəyanatla ziddiyyət təşkil edir. Əbdülnasir Hemmati avqustun 20-də İranın neft ixracının tamamilə dayandırıldığını açıqlamışdı.