AZSTANDART: Məhsulların üzərindəki halal işarəsinin heç bir hüquqi və texniki əsası yoxdur | Banco.az

AZSTANDART: Məhsulların üzərindəki halal işarəsinin heç bir hüquqi və texniki əsası yoxdur

Azərbaycanda marketlərdə satılan məhsulların üzərindəki halal işarəsinin heç bir hüquqi və texniki əsası yoxdur.

Bunu "Azərbaycan Standartlaşdırma İnstitutu"nun (AZSTANDART) Baş direktoru İlham Bayramov Bakıda keçirilən Halal Biznes və Turizm Forumunda (AZHAB Forum) deyib.

"Bu günə kimi əsas sertifikatlaşdırma predmeti ət və süd məhsulları olub. Bu gün marketlərdə halal adı ilə satılan ət və süd məhsullarının üzərindəki halal işarəsinin heç bir hüquqi və texniki əsası yoxdur. Məhsulların üzərinə halal işarəsi qoymaq demək deyil ki, bu məhsul İslam Ölkələrinin Standartlaşdırma və Metrologiya təşkilatının (SMIIC) standartlarına cavab verir. Bu böyük bir prosesdurdur. Bunun üçün müvafiq akkreditasiyadan keçmək lazımdır. Əgər kimsə hansısa bir ölkənin halal məhsullarının sertifikatlaşdırılması üzrə orqanını təmsil etmək adı ilə bunu həyata keçirirsə bu qanuna zidd bir fəaliyyətdir", - deyə o qeyd edib.

Ən sərfəli kredit üçün müraciət et

İ. Bayramov bildirib ki, mövcud qanunvericiliyə əsasən Azərbaycan ərazisində halal məhsulların və xidmətlərin sertifikatlaşdırması fəaliyyətinin həyata keçirilməsi üçün mütləq şəkildə Azərbaycan Akkreditasiya Mərkəzindən də akkreditasiya almaq tələb olunur.

AZSTANDART-ın Baş direktoru qeyd edib ki, halal infrastrukturun inkişafı həm iqtisadi həm də mənəvi baxımdan Azərbaycan üçün prioritet məsələlərdən biridir: "Azərbaycanda SMIIC standartlarının tələblərinə uyğun olaraq mal və xidmətlərlə təmin etməkdir. Məqsəd isə bu sahədə istehlakçıların etimadını formalaşdırmaq və onların aldadılmasının qarşısını almaqdır. Belə ki, son illər aparılan təhlillər göstərir ki, Azərbaycandakı istehlakçılarda halal məhsullara o qədər də inam yoxdur. Biz mütləq şəkildə bu inamı yenidən formalaşdırmalıyıq. Çünki bəzi istehsalçılar halal sözünü sadəcə bir brend olaraq istifadə edirlər. Bu, çox çaşdırıcı bir məqamdır və yolverilməzdir".

Report