Müəllif:Mehin Qasımova,Banco.az
ABŞ Prezidenti Donald Tramp süni intellekt (AI) ifadəsinin federal hökumətin rəsmi sənədlərində “Super Intelligence” (SI), yəni “Super zəka” termini ilə əvəzlənməsini tələb edib.
Banco.az xəbər verir ki, Ağ Evin açıqlamasına əsasən, ABŞ-ın federal qurumları rəsmi yazışmalarda, ictimai elanlarda, siyasət sənədlərində və digər qeyri-hüquqi sənədlərdə “Artificial Intelligence” və “AI” əvəzinə “Super Intelligence” və “SI” ifadələrindən istifadə etməlidir.
Tramp administrasiyası həmçinin prezidentin Elm və Texnologiya üzrə müşavirinə “super zəka” anlayışının hazırkı texnoloji imkanları əks etdirən tərifini hazırlamaq tapşırığını verib.
Bununla belə, “superintelligence” texnologiya sahəsində mövcud olan ayrıca anlayışdır və adətən insan intellektini müxtəlif sahələrdə üstələyə bilən hipotetik və ya gələcək süni intellekt sistemlərini ifadə edir. ABŞ hökumətinin 2026-cı il İqtisadi Hesabatında da “superintelligence” insan intellektini aşan süni intellekt kimi izah edilir.
Trampın açıqlamasına görə, yeni terminologiya ilə bağlı sənəd texnologiya sektorunun rəhbərləri ilə Ağ Evdə keçirilən görüş zamanı imzalanıb. Görüşdə Tesla və SpaceX-in rəhbəri İlon Mask, NVIDIA-nın baş direktoru Jensen Huang, Meta-nın rəhbəri Mark Zuckerberg, Microsoft-un baş direktoru Satya Nadella, Amazon-un təsisçisi Jeff Bezos, Alphabet və Google-ın baş direktoru Sundar Pichai, Anthropic-in rəhbəri Dario Amodei, OpenAI prezidenti Greg Brockman və digər texnologiya şirkətlərinin rəhbərləri iştirak edib.
Qeyd edək ki, Ağ Ev son dövrdə rəsmi materiallarında artıq “Super Intelligence (SI)” ifadəsindən istifadə etməyə başlayıb. ABŞ və Çin arasında sentyabr ayında keçirilən görüşlərlə bağlı Ağ Evin məlumatında da yeni texnologiyalar üçün “super intelligence” terminindən istifadə edilməsi barədə razılaşmanın əldə olunduğu bildirilib.
Beləliklə, ABŞ administrasiyası süni intellekt sahəsində rəsmi terminologiyanı dəyişdirməyə başlayır və federal qurumlarda “AI” əvəzinə “SI” ifadəsinin tətbiqini nəzərdə tutur.
