ABŞ-də 234 illik 1 sentlik sikkənin istehsalına son qoyulur | Banco.az

ABŞ-də 234 illik 1 sentlik sikkənin istehsalına son qoyulur

Müəllif:Mehin Qasımova,Banco.az

ABŞ Konqresi 234 ildən artıqdır dövriyyədə olan 1 sentlik sikkənin (penny) istehsalının dayandırılmasını rəsmiləşdirən qanun layihəsini qəbul edib.

Banco.az xəbər verir ki, “Common Cents Act” adlı qanun layihəsi Senatda yekdilliklə qəbul edilib. Sənəd imzalanması üçün ABŞ Prezidenti Donald Trampa göndərilib. Trampın qanun layihəsini imzalaması gözlənilir.

Qeyd edək ki, ABŞ Zərbxanası 1 sentlik sikkələrin dövriyyə üçün istehsalını faktiki olaraq 2025-ci ilin noyabrında dayandırıb. Yeni qanun isə bu qərarı hüquqi baxımdan rəsmiləşdirəcək. 1 sentlik sikkələr bundan sonra da qanuni ödəniş vasitəsi olaraq qalacaq və hazırda dövriyyədə olan sikkələr öz dəyərini itirməyəcək. Zərbxana onları kolleksiya məqsədilə istehsal etməyə də davam edə biləcək.

Qanun layihəsinə əsasən, nağd ödəniş zamanı dəqiq məbləğ ödəmək üçün 1 sentlik sikkə olmadıqda, yekun məbləğ ən yaxın 5 sentə qədər yuvarlaqlaşdırıla biləcək. Nağdsız ödənişlərə, o cümlədən kredit və debet kartları ilə aparılan əməliyyatlara isə bu qayda şamil olunmayacaq.

1 sentlik sikkənin istehsalının dayandırılmasının əsas səbəblərindən biri onun maya dəyərinin nominal qiymətini əhəmiyyətli dərəcədə üstələməsidir. ABŞ Zərbxanasının məlumatına görə, sikkənin istehsal xərci son 10 ildə 1,3 sentdən 3,69 sentə yüksəlib. Yəni hazırda nominal dəyəri 1 sent olan sikkənin istehsalı təxminən 3,7 sentə başa gəlir.

ABŞ Zərbxanası 1 sentlik sikkənin istehsalının dayandırılması nəticəsində ildə təxminən 56 milyon dollar qənaət əldə olunacağını hesablayır.

Beləliklə, prezident qanun layihəsini imzaladığı halda, ABŞ-da 1792-ci ildən etibarən istehsal olunan 1 sentlik sikkənin ümumi dövriyyə üçün istehsalına hüquqi olaraq son qoyulacaq.