“Dünya Bankının hər il hazırladığı “Doing Business” hesabatı biznes mühitinin asanlığının qiymətləndirilməsi üçün dünyada ən vacib və etibarlı reytinq göstəricisi hesab olunur. “Doing Business” komandası ölkələr üzrə aparılan islahatları həm dövlət, həm də çoxsaylı biznes dairələrindən, habelə nüfuzlu konsaltinq şirkətlərindən sorğu əsasında toplanan məlumatları qiymətləndirir”.
Bu barədə Spektr Araşdırma və İnkişaf Mərkəzinin idarə heyətinin sədri Ramil Abbasov yeni dərc edilən "Doing Business-2020" hesabatını şərh edərkən bildirib.
R.Abbasovun sözlərinə görə, aparılan islahatların yoxlanılması məqsədilə ölkələrə ayrı-ayrılıqda xüsusi ekspert missiyaları göndərilir, islahatların real praktikada tətbiqi müvafiq meyarlarla araşdırılır. Nəticədə hər bir ölkənin həm ümumi, həm də 10 indikator üzrə xüsusi qiymət balı hesablanaraq mövqeləri müəyyən edilir. Ekspert bildirib ki, “Doing Buisness” hesabatı xarici investorlar tərəfindən biznes mühitinə dair etibarlı mənbə kimi istinad edilən əsas reytinq göstəricisi olduğu üçün təbii ki, ölkəmizin belə bir hesabatda yüksək reytinqlər əldə etməsi Azərbaycan iqtisadiyyatının xarici investorlar üçün cəlbediciliyinin yüksəlməsinə və iqtisadiyyata xarici investisiya qoyuluşlarının artmına müsbət təsir edir.
İqtisadçı-ekspert Ramil Abbasov
"Doing Business” hesabatı kimi nüfuzlu beynəlxalq qiymətləndirmələrdə belə yaxşı nəticələr əldə etməyimiz, dünyanın ən islahatçı ölkələri siyahısına düşməyimiz aparılan məqsədyönlü və uğurlu iqtisadi siyasətin nəticəsidir”.
"Son hesabata əsasən, Azərbaycan üç sahə üzrə sahibkarlıq fəaliyyəti ilə məşğul olmağı asanlaşdırıb. Bu sahələr biznesə başlamaq, kreditlərin alınması və tikintiyə icazənin alınmasını təmin edilməsidir. Hesabatda qeyd edilir ki, paytaxtın kadastr xəritəsinin tərtib olunması və Bakıdakı hər bir fərdi torpaq sahəsinin qeydiyyatı, eləcə də mövcud sənədləşmənin təkmilləşdirilməsi və daşınmaz əmlak prosedurlarının çevikliyi nəticəsində daşınmaz əmlakın qeydiyyatı prosesi daha da sürətlənib. Kommersiya ilə bağlı mübahisələr yarandıqda tərəflər onlayn olaraq müraciət göndərə və vasitəçilik etmək üçün maddi stimul əldə edə bilərlər. Bildiyiniz kimi, 2016-cı ildən başlayaraq milli iqtisadiyyatın post-neft dövrünün yeni çağırışlarına və tələblərinə uyğunlaşdırılması istiqamətində əhəmiyyətli tədbirlər həyata keçirilməkdədir. Biz bu tədbirləri ölkədə aparılan sosial-iqtisadi islahatların yeni mərhələsi kimi qiymətləndirə bilərik. 2015-ci ildən sonrakı mərhələdə ölkəmizdə sahibkarlığın inkişafı sahəsində aparılmış islahatları təhlil etsək görürük ki, Dünya Bankının “Doing Business” hesabatı kimi nüfuzlu beynəlxalq qiymətləndirmələrdə belə yaxşı nəticələr əldə etməyimiz, dünyanın ən islahatçı ölkələri siyahısına düşməyimiz aparılan məqsədyönlü və uğurlu iqtisadi siyasətin nəticəsidir”, - R.Abbasov bildirib.
O vurğulayıb ki, bununla yanaşı, “Doing Buisness” hesabatı beynəlxalq təşkilatlar tərəfindən hazırlanan digər hesabatlar (“Qlobal Rəqabətlilik İndeksi”, “Qlobal İnnovasiyalar İndeksi”, “İqtisadi Azadlıq İndeksi”, “Qlobal İmkanlar İndeksi” və s.) üçün də baza rolunu oynayır: “2019-cu ilin oktyabrın 8-də Ümumdünya İqtisadi Forumu tərəfindən nəşr edilən “Qlobal Rəqabətlilik İndeksi”-nə əsasən ölkəmiz 11 pillə irəliləyərək 141 ölkə arasında 58-ci mövqedə qərarlaşıb. "Qlobal Rəqabətlilik İndeksi" dünya miqyasında mötəbər hesabat olmaqla, beynəlxalq təşkilatlar, investor və sahibkarlar, müstəqil beyin mərkəzləri tərəfindən istinad mənbəyi kimi istifadə olunur. Hesabat 12 istiqaməti əks etdirməklə iqtisadi və sosial sferanın bütün sahələrini əhatə edir. İnstitutlar, infrastruktur, informasiya texnologiyaları, makroiqtisadi vəziyyət, səhiyyə, təhsil, istehlak məhsulları bazarı, əmək bazarı, maliyyə sistemi, bazar həcminin genişliyi, biznesin dinamikliyi və innovasiya kimi istiqamətləri özündə ehtiva edən “Qlobal Rəqabətlilik İndeksi” son hesabatda 141 ölkəni özündə cəmləşdirib. Hesabatın son nəşrinə əsasən, Azərbaycan 12 indikatordan 8-i üzrə irəliləyərək 141 ölkə arasında ən böyük yüksəliş balı əldə edib. Ölkəmiz Cənubi Qafqaz ölkələri arasında lider, MDB ölkələri arasında isə ilk üçlükdədir".
Ekspertin sözlərinə görə, umumiyyətlə, 2016-cı ildən başlayaraq milli iqtisadiyyatın post-neft dövrünün yeni çağırışlarına və tələblərinə uyğunlaşdırılması istiqamətində əhəmiyyətli tədbirlər həyata keçirilməkdədir: "Biz bu tədbirləri ölkədə aparılan sosial-iqtisadi islahatların yeni mərhələsi kimi qiymətləndirə bilərik. 2015-ci ildən sonrakı mərhələdə ölkəmizdə sahibkarlığın inkişafı sahəsində aparılmış islahatları təhlil etsək görürük ki, Dünya Bankının “Doing Business” hesabatı kimi nüfuzlu beynəlxalq qiymətləndirmələrdə belə yaxşı nəticələr əldə etməyimiz, dünyanın ən islahatçı ölkələri siyahısına düşməyimiz aparılan məqsədyönlü və uğurlu iqtisadi siyasətin nəticəsidir. Ölkədə həyata keçirilən iqtisadi siyasətin və islahatların davamlılığını təmin etmək üçün iqtisadiyyatın mövcud vəziyyətinin dərindən təhlili və yeni iqtisadi inkişaf strategiyasının hazırlanması məqsədilə dövlət başçısının 6 dekabr 2016-cı il tarixli Fərmanı ilə milli iqtisadiyyat və iqtisadiyyatın 11 əsas sektoru olan neft və qaz sənayesi, kənd təsərrüfatı, kiçik və orta sahibkarlıq, ağır sənaye və maşınqayırma, ixtisaslaşmış turizm, logistika və ticarət, mənzil təminatı, peşə təhsili və təlimi, maliyyə xidmətləri, telekommunikasiya və informasiya texnologiyaları və kommunal xidmətlər üzrə strateji yol xəritələri təsdiq edilib".
O, xatırlatdı ki, strateji yol xəritələri 2016-2020-ci illər üçün iqtisadi inkişaf strategiyasını, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli və 2025-ci ildən sonrakı dövrə hədəf baxışı əhatə edir. Sənədlərin məqsədi Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi və rəqabətqabiliyyətliyinin gücləndirilməsi, neftdən asılılığın aradan qaldırılması, qeyri-neft sektorunun inkişafı və ixracın artırılması, əhalinin məşğulluq səviyyəsinin və rifahının daha da yüksəldilməsidir.
"Həmin sənədlərdən biri olan “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi”ndə ölkədə kiçik və orta sahibkarlığın (KOS) vəziyyəti təhlil edilir, xüsusilə bu sahədə görülmüş işlər, həyata keçirilmiş islahatlar, mövcud statistika barədə ətraflı məlumat verilir. Həmin yol xəritəsində 2020-ci ilədək strateji, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli və 2025-ci ildən sonrakı dövr üçün hədəf baxış əhatə edilir. Yol xəritəsində adıçəkilən baxışlarda nəzərdə tutulan məqsədlərə nail olmaq üçün 5 strateji hədəf müəyyən edilib. Bu strateji hədəflərə KOS fəaliyyəti üçün biznes mühitinin və tənzimləyici bazanın yaxşılaşdırılması, KOS subyektlərinin maliyyə resurslarına sərfəli və səmərəli çıxışının təmin edilməsi, onların beynəlmiləlləşdirilməsi və xarici bazarlara çıxış imkanlarının artırılması və s. aiddir”, - R.Abbasov qeyd edib.
Report.az