Qlobal LNG gəmi donanmasında 13% artım proqnozlaşdırılır | Banco.az

Qlobal LNG gəmi donanmasında 13% artım proqnozlaşdırılır

Müəllif: Tamara Mustafayeva, Banco.az

Qlobal LNG gəmi donanmasında 13% artım proqnozlaşdırılır.

Banco.az xəbər verir ki, LNG (mayeləşdirilmiş təbii qaz) nəqliyyatında artan qlobal tələbat səbəbindən son illərdə gəmi sayında və istehsalatda ciddi artım müşahidə olunur. Bu artım enerji təhlükəsizliyi, elastik tədarük imkanları və qiymət dəyişkənliyi kimi amillərlə əlaqələndirilir.

2024-cü ildə tutumu 174–200 min kubmetr arasında dəyişən 64 yeni LNG gəmisi istismara verilib. Qlobal LNG donanması 742 gəmiyə çataraq əvvəlki ilə nisbətən 7,5% artıb.

2024-cü ilin sonuna qədər sifariş verilmiş LNG gəmilərinin sayı 337-yə çatıb. Bu gəmilərin bir qisminin 2025 və 2026-cı illərdə, digərlərinin isə 2031-dək mərhələli şəkildə təhvil verilməsi planlaşdırılır.

Yeni inşa edilən gəmilər əvvəlkilərə nisbətən daha böyük daşıma qabiliyyətinə, yüksək yanacaq səmərəliliyinə və aşağı emissiya göstəricilərinə malikdir.

Sifarişlərin əksəriyyəti Cənubi Koreya gəmiqayırma zavodlarına verilib. HD Hyundai Heavy Industries, Samsung Heavy Industries və Hanwha Ocean bu sahədə liderlik edir. Çin də bu bazarda mövqeyini gücləndirir.

FSRU (üzən LNG saxlama və qazlaşdırma qurğuları) gəmilərinin sayı da artır — 48 ədəd. Yeni FSRU-ların yalnız 3-ü sifarişdədir, təhvil tarixləri 2026-2028-ci illərə planlaşdırılıb.

Gəmi inşası müddəti bəzi hallarda 51 aya qədər uzanır. Bu gecikmələr əsasən yeni texnologiyaların tətbiqi və tersanelərin gücünün sərhədə çatması ilə bağlıdır.

2024-cü ildə LNG gəmilərinin qiymətləri bir qədər azalıb — standart bir gəmi üçün 260 milyon dollardan 250 milyon dollara enib.

Kirayə qiymətləri isə tarixi maksimumlara çatıb: köhnə tipli buxar turbini ilə işləyən gəmilər üçün gündəlik 50 min dollar, yeni nəsil, səmərəli gəmilər üçün isə 90 min dollar.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram