Sertifikasiya imtahanından keçməyən tibb işçilərinin 6 ay müddətində iş yeri və aylıq vəzifə maaşı saxlanılacaq.
Bu barədə deputat Vüqar Bayramov sosial şəbəkə hesabında paylaşım edib.
Deputatın sözlərinə görə, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sonuncu iclasında “Əmək Məcəlləsində” dəyişikliklər müzakirə olunub və plenar iclasa tövsiyə edilib:
“Qanunvericiliyə təklif edilən yeni dəyişikliklərlə sertifikasiya şəhadətnaməsinin əldə edilməsi üçün tibb mütəxəssislərinin öz seçimlərindən asılı olaraq, beş ildə bir dəfə imtahanda iştirak etməsi və ya elmi, pedaqoji və digər tədris fəaliyyətləri ilə məşğul olmaqla davamlı peşəkar inkişafını həyata keçirməsi təklif olunur. Bununla belə, illik və beşillik minimum kreditlərini toplamayan şəxslər praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq üçün sertifikasiya imtahanından keçməlidirlər.
Dəyişikliklərdə əsas məqamlardan biri sertifikasiya imtahanından keçməyən işçilərin altı ay müddətində iş yeri və aylıq vəzifə maaşının saxlanılmasıdır. Yəni, sertifikasiyadan keçməyən vətəndaşımızın altı aylıq maaşı saxlanacaq ki, o, növbəti, ikinci imtahana hazırlaşa bilsin.
Bu zaman onun əmək müqaviləsinə xitam verilməyəcək. Yəni, həmin vətəndaşlarımız sertifikasiyanın birinci mərhələsində uğur qazana bilməsələr də, onlar işdən azad edilməyəcəklər. Bu onlara əmək müqaviləsi saxlanmaqla yenidən özünü sınamaq imkanıverilməsi deməkdir”.
V.Bayramov qeyd edib ki, dəyişikliklər sertifikasiyanın birinci mərhələsində uğur qazana bilməyənlərin sosial müdafiəsini qorumaq və eləcə də onlara əmək müqaviləsi saxlanılmaqla yenidən imtahanda iştirak imkanı yaradacaq:
“Yalnız ikinci cəhddə uğursuz olanların əmək müqaviləsinə xitam veriləcək. Birinci imtahanda sertifikasiyadan keçə bilməyənlərin işdən azad olunmaması sosial ədalət baxımdan da vacib dəyişiklikdir”.