İxtisaslaşmış "Brand Finance" nəşri dünyanın 50 ən yaxşı aviaşirkətinin adını açıqlayıb. "Azərbaycan Hava Yolları" QSC (AZAL) növbəti dəfə siyahıda yer ala bilməyib.
Maraqlıdır ki, siyahının ilk 3 pilləsində ABŞ aviaşirkətləri qərarlaşıb. Siyahının lideri "American Airlines" şirkətidir, ikinci və üçüncü yerləri müvafiq olaraq "Delta Airlines" və "United Airlines" bölüşdürür. Yeri gəlmişkən, dünyanın ən yaxşı 50 aviaşirkətindən 7-si ABŞ-ındır və onların 4-ü ("Southwest Airlines" 5-ci yerdə qərarlaşıb) ilk onluqdadır.
Dördüncü yerdə BƏƏ-nin "Emirates Airlines" yerləşib.
TOP-10-a 3 Çin aviaşirkəti də daxil ola bilib. Bunlar 6-8-ci yerləri bölüşdürən "China Southern Airlines", "China Eastern Airlines" və "Air China" şirkətləridir. Ümumilikdə, ABŞ kimi, Çin də siyahıda 7 şirkətlə təmsil olunub.
İlk onluğu Böyük Britaniyanın "British Airways" və Yaponiyanın ANA şirkətləri qapayır.
Maraq üçün bildirək ki, "Türk Hava Yolları" 16-cı, şimal qonşumuz olan Rusiyanın milli aviadaşıyıcısı "Aeroflot" isə 26-cı sıralarda qərarlaşıblar.
Mənbə: Apa.az