Qlobal bazarlarda risklər artır: Neft və qızıl yüksəlişdə | Banco.az

Qlobal bazarlarda risklər artır: Neft və qızıl yüksəlişdə

Müəllif: Gülnar Əhmədli, Banco.az

Yaxın Şərqdəki qeyri-müəyyənlik qlobal bazarlarda risk iştahına təsir göstərməkdə davam edir. Hörmüz boğazında gəmi trafikinin azalması enerji təchizatı ilə bağlı narahatlıqları artırır.

Banco.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp İranla razılıq əldə olunmasa, ölkəyə qarşı böyük hücum ehtimalının hələ də gündəmdə olduğunu bildirib. İranın mümkün müqavilə üçün müharibə təzminatı tələb etdiyini deyən Tramp təzminatı Tehranın ödəməli olduğunu vurğulayıb. Bu açıqlamalar bölgədə razılaşmanın əldə olunacağına dair narahatlıqları artırıb.

İranın Hörmüz boğazının bağlı qalacağı ilə bağlı mövqeyi neft qiymətlərini yüksəldib. Oktyabr ayı üçün Brent markalı neft fyuçersləri 5% artaraq 87,7 dollara çatıb.

Neft qiymətlərinin yüksəlməsi qlobal inflyasiya risklərini yenidən gündəmə gətirib. ABŞ-ın 10 illik xəzinə istiqrazlarının gəlirliliyi təxminən 6 baza bəndi artaraq 4,71%-ə yüksəlib. Analitiklər sabah açıqlanacaq ABŞ inflyasiya göstəricilərinin Fed-in gələcək faiz qərarlarına dair gözləntilərə təsir edə biləcəyini bildirirlər.

Fed rəsmilərinin sərt mövqeyi də bazarlarda riskləri artırıb. 

Nvidia-dan 500 milyard dollarlıq tərəfdaşlıq

Digər tərəfdən, texnologiya və süni intellekt sahəsindəki inkişaflar bazardakı mənfi əhval-ruhiyyəni qismən kompensasiya edir. Nvidia süni intellekt infrastrukturunun inkişafı üçün 500 milyard dollardan çox üçüncü tərəf kapitalını səfərbər etmək məqsədilə Apollo, Blackstone, BlackRock, Brookfield, Goldman Sachs və KKR ilə strateji tərəfdaşlıq qurub.

Nvidia-nın CEO-su Jensen Huang bildirib ki, şirkət çip istehsalından daha geniş miqyasda “süni intellekt fabrikləri” adlandırılan yeni infrastruktur sinfinin yaradılmasına keçib. Tərəfdaşlığın Sİ infrastrukturuna gələcək investisiyaların maliyyələşdirilməsini dəstəkləyəcəyi gözlənilir.

Qızılın qiyməti də yüksəlir

Qlobal inflyasiya riskləri və Fed siyasəti ilə bağlı qeyri-müəyyənlik fonunda qızılın qiyməti yüksəlib. Qızıl dünən 1,1% bahalaşaraq 4 390 dollara çatıb və bu gün 4 435 dollarla təxminən 2,5 ayın ən yüksək səviyyəsini sınaqdan keçirib. Daha sonra qiymət azalaraq 4 377 dollar olub.

ABŞ fond bazarlarında S&P 500 0,06%, Nasdaq 0,32%, Dow Jones isə 0,11% geriləyib. Intel səhmləri isə şirkətin 15 milyard dollar cəlb etmək planını açıqlamasından sonra 4,1% ucuzlaşıb.

Avropa bazarları qarışıq olub

Avropa fond bazarlarında Yaxın Şərqdəki gərginlik və enerji qiymətlərinin artması fonunda qarışıq dinamika müşahidə edilib. Təbii qazın qiyməti Hörmüz boğazından daşınmalarla bağlı narahatlıqlar səbəbindən 8% artıb.

Triodos Bankının araşdırmasına görə, Avropadakı güclü istilər və uzunmüddətli quraqlıq Aİ iqtisadiyyatına təxminən 180 milyard avroya başa gələ bilər. Fransanın isə bu prosesdən ən çox zərər görən ölkələrdən biri olacağı və istilərin ölkənin ÜDM-ni təxminən 1,4% azalda biləcəyi proqnozlaşdırılır.

Asiya bazarlarında qarışıq mənzərə

Yaxın Şərq risklərinə baxmayaraq, süni intellektə güclü tələbat Asiyada texnologiya səhmlərinə dəstək verir. Cənubi Koreyanın Kospi indeksi 1,4% yüksəlib, Honq-Konqun Hang Seng indeksi 0,6%, Çinin Shanghai Composite indeksi isə 0,1% geriləyib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram