Müəllif: Tamara Mustafayeva, Banco.az
Avropa İttifaqı (Aİ) fermerlərin kənd təsərrüfatı dəstəyinə çıxışını asanlaşdıracaq, bəzi ekoloji qaydaları yumşaldacaq və rəsmi prosedurları azaldacaq paket hazırlayıb.
Banco.az xəbər verir ki, Avropa Komissiyası üzv ölkələrdəki fermerləri dəstəkləmək və onların rəqabət qabiliyyətini artırmaq məqsədilə Ortaq Kənd Təsərrüfatı Siyasətinin sadələşdirilməsi üçün torba qanun layihəsi hazırladığını açıqlayıb.
Komissiyanın məlumatına görə, bu qanun layihəsi fermerlər üzərindəki inzibati yükü azaltmaq, nəzarət mexanizmlərini təkmilləşdirmək, sahədəki tətbiqi gücləndirmək, krizislərə cavab imkanlarını artırmaq və investisiya ehtiyaclarını qarşılamaq məqsədi daşıyır.
Qeyd olunub ki, nəzərdə tutulan dəyişikliklərlə fermerlər üçün illik 1,58 milyard avro, milli idarələr üçün isə 210 milyon avro qənaət təmin olunacaq. Ödənişlərlə bağlı bəzi tələblər və böhran alətləri də daha elastik hala gətiriləcək.
Komissiya əlavə edib ki, Avropa İttifaqı üzrə bir çox fermer, sahədəki real vəziyyəti əks etdirməyən bürokratik tələblərdən əziyyət çəkir. Bu isə həm zaman itkisinə, həm də fermerlər və idarəetmələr üçün əlavə xərclərə və investisiyaların qarşısının alınmasına səbəb olur.
Kiçik fermerlərə dəstək artırılır
Yeni paketin bir hissəsi olaraq, kiçik təsərrüfat sahibləri üçün sadələşdirilmiş ödəniş sistemi tətbiq olunacaq. Bu məqsədlə illik birbaşa ödəmə məbləği iki dəfə artırılaraq 2 500 avroya çatdırılacaq. Bu dəyişiklik fermerliyi daha cəlbedici və davamlı etmək üçün nəzərdə tutulub.
Bizi sosial şəbəkələrdən izləyin!!