Antik əşyalar gözəl, eyni zamanda bir qədər yorucudur. Qolsuz Venera, başsız Nika, başların yeknəsəq sıraları — muzeylərdə gördüyümüz bunlardır. Bütün bunlar müasir antikvar kolleksiyaçısını necə cəlb edə bilər?
Gəlin, bəzi məqamlara nəzər yetirək.
Birincisi, bu monotonluq antik əşyaların deyil, muzeyin problemidir. Belə ki, əşyaların kəmiyyəti onların keyfiyyətini, əsl dəyərini kölgə altına salır. Muzeydən kənarda, başqa bir interyerdə hər hansı mərmər heykəl yeni nəfəs qazanır. Sırf tarixi abidə olmaqdan çıxır və estetik dəyəri üzə çıxır. Dekoratorlar və incəsənət vurğunları antikvar bazarının potensial müştəri kütləsini formalaşdırır. Buna görə də antik incəsənət qalereyaları müasir incəsənət sərgilərində tez-tez iştirak edir. Məsələn, Tefaf Maastricht və Frieze Masters. Müasir rəssam Mark Kuinn və başqaları antik ünsürlərlə maraqlanır.
İkincisi, antikvariat — fəlsəfə, ədəbiyyat, mif deməkdir. Və bir çox kolleksiyaçı məhz buna aludə olub.
Üçüncüsü, antik incəsənət əslində müasir incəsənətin təməlində dayanır. Kolleksiya tarixinin əsası da “antik əşya ovu”ndan sonra qoyulub. Lorenso Mediçi və Napoleon antik əşya vurğunu kimi tanınır.
Həmçinin oxu: Dünyanın ən gözəl körfəzi yerləşən ada SATILIR
Biz gözəllik anlayışını antikvar kolleksiyalarına borcluyuq. İntibah dövrünün sənətkarları özlərini antik mədəniyyətin davamçıları hesab edirdi. Daha sonra Qədim dünyanın ideal və estetika anlayışları incəsənətin inkişafı üçün yol göstərib. Klassizm, akademizm, ampir üslubları onlardan ilhamlanıb.
Auksion kataloqlara ikiçayarası ölkələri, Qədim Misir, Qədim Yunanıstan və Romada yaradılmış, həmçinin ellinizm dövründə ərsəyə gəlmiş incəsənət nümunələri daxildir. Əgər antikvar saxta deyilsə, deməli, tarixin sınağından keçib. Heykəltəraşlıq və keramika (ən çox qorunub saxlanılıb), daşlar, sikkələr, möhürlər, şüşə və zərgərlik məmulatları, hətta kitablar və s. əksər kolleksiyaçıların diqqətini çəkən sahələrdir, digərləri isə dar bir sahədə ixtisaslaşmış bilicilərin zövqünə xitab edir.
Bir neçə əsr əvvəl antikvar bazarı ən böyük bazar olsa da, təəssüf ki, indi həmin rəğbəti görmür. Baxmayaraq ki, antik heykəllər hələ də dünya üzrə ən səs-küylü hərrac satışlarının siyahısına daxildir. Lakin bu bazar artıq çox kiçilib. Ümumdünya maliyyə dövriyyəsində payı elə azdır ki, antikvar bazarının tərəddüdləri nə qonşu bazarlara təsir edir, nə də ümumi mənzərəni dəyişir. Çünki tarixi abidələrin qorunub saxlanması, bərpası, sənədləşmə işləri çətinlik yaradır.
Bazarın inkişafına UNESCO-nun 1970-ci ildə qəbul etdiyi və 128 ölkənin təsdiqlədiyi Konvensiya böyük təsir göstərdi. Konvensiyanın məqsədi 1960-cı illərin axırlarında dünyanı silkələyən antikvariat oğurluqları və qaçaqmalçılığına qarşı mübarizə aparmaq idi. Qeyd edək ki, 1960-cı illərin sonlarında Yunanıstan, Misir, İtaliya, İraq və s. dövlətlərdə aparılan arxeoloji qazıntılar zamanı tapılan artefaktların (maddi mədəniyyət nümunələrinin) qeyri-qanuni yollarla Qərbi Avropanın zəngin ölkələrinə daşınması halları artmışdı. Konvensiyanın antikvar bazarına təsiri depressiv oldu: Qaydalara riayət etmək antik əşyaların satışa hazırlanmasına və seqmentin inkişafına tormozlayıcı təsir göstərdi.
Əsas etibarilə antikvar satışları Londonda baş tutur. Qalereya müqavilələrinin 60%-i məhz burada bağlanır. Orta qiymət kateqoriyasına aid olan maraqlı nümunələrə Fransa və İtaliya bazarlarında rast gəlmək olar.
Antik heykəl satışı (məhz onlar Qədim dünya abidələri içində ən yüksək qiymətləndirilir) adətən Nyu-Yorkda rekord vurur: Orada antik dünyanın on ən bahalı əşyasından yeddisi satılıb. 2002-ci ildə Venera heykəli 7,9 milyon avroya, 2018-ci ildə assur relyefi 30,9 milyon avroya satılıb. Bu faktlar göstərir ki, antik mallara maraq sabit olaraq qalır.
Antik tematikada ənənəvi satışlar ildə iki dəfə keçirilir: yayın əvvəlində və payızın sonunda. Ən böyük hərrac ikiliyi: “Christie’s” və “Sotheby’s” ildə orta hesabla 6 belə hərrac təşkil edir. Gəlir bazar həcminin böyük hissəsini təşkil edir. Bu son beş ildə 40 milyon dollardan 70 milyon dollara qədər olub.
Bütün satılanların 60%-i Qədim Yunanıstan və Romanın heykəltəraşlıq və keramika nümunələri, 25%-i Qədim Misirin mədəniyyət və incəsənət inciləri, qalan 15%-i isə İkiçayarası və Afrikanın, Avropanın ərazisində tapılan Ellin mədəniyyətini təmsil edən artefaktlardır.
Qlobal iqtisadi amillər bu bazara da təsir edir. Əslində proses 1815-ci ildə başlanıb. Məsələn, Luvr muzeyi Napoleonun ölkədən çıxartdığı antik əşyaları İtaliyaya qaytarmağı vəd etdi və qismən geri verdi. Bu proses çağdaş dövrdə qlobal səciyyə daşımağa başlayır.
Həmçinin oxu: Dünyada süni ət bazarı genişlənir - Satışlar 250% yüksəlib
2018-ci ilin sonunda Fransa Beninin tələbi ilə 26 heykəli geri qaytardı. Sırf bunun üçün ayrıca muzey tikiləcək. Bir fransız fondu bu məqsədlə 20 milyon avro vəsait ayırıb. Misir də Luvrun qarşısına Fironlar dövrünə aid abidələrin qaytarılması tələbini irəli sürüb. Yunanıstan Fidiyanın Parfenon abidəsini qaytarması üçün Britaniya muzeyinə müraciət etmişdir. Əgər bu iddialar təmin olunsa, İran (bir zamanlar ərazisində Babilistan yerləşib), Hindistan və digər ölkələr də dünyanın böyük muzeylərindən özlərinə məxsus olan ekspozisiyaları tələb edə bilər.
Qiymətli incəsənət nümunələrinin bu şəkildə geri qaytarılması da bazara təsir edə bilər. Çünki dövlətlər öz fəaliyyətləri ilə göstərir ki, bütün dövrlərdə ən müdafiə olunan yer hesab edilən muzeylər də sığortalanmayıb. Əgər muzeylər iddia qarşısında acizdirsə və antik əşyaları geri qaytarırsa, deməli, fərdi kolleksionçular, ümumiyyətlə, sığortalanmayıb. Bu da bazara inamı zədələyə bilər.
Antik əşya alarkən risklərə də nəzər yetirmək lazımdır. Birincisi, əşya saxta (günümüzdə texnologiya çox inkişaf edib, təkcə ekspertiza əslini ayırd edə bilir) və ya replika ola bilər: Qədim yunan və Qədim Misir incəsənət əsərlərinin təkrarının düzəldilməsi eramızın ilk illərindən bəri mövcuddur. Roma imperiyasında, İntibah dövründə antik əsərlərin dəqiq surətləri düzəldilib.
Həmçinin oxu: “Juul”un həmtəsisçiləri artıq milyarder deyillər
Başqa bir risk də mövcuddur: əşya əsil də olsa, satış özü qeyri-leqal ola bilər. Bir çox ölkələrdə tarixi-mədəni əhəmiyyətə malik əşyaların satılması və ölkədən çıxarılmasına qadağa qoyan qanunlar var. Mədəni irsin dövriyyəsi əsas da qaynar nöqtələrdən başlayırsa, kölgə iqtisadiyyatının və ya cinayətkar təşkilatların sponsorluğu ilə ola bilər. Belə əsərlər qanunsuz olaraq satışa qoyulmuş hesab edilir.
Elə bu yaxınlarda “Christie’s”də keçirilən hərracda firon Tutanhamonun büstü satılıb. Büst Karnak məbəd kompleksindən çıxarılıb. Misir tərəfi bunu qanunsuz hesab edir və hərrac evi ilə məhkəmədə üzləşməyi planlaşdırır. Odur ki, tarixi-mədəni irslə istənilən əməliyyat zamanı əmin olmaq lazımdır ki, razılaşma qanunidir və məhkəmə çəkişməsi ilə yekunlaşmayacaq.
Antikvar əşyalar hərbi yürüşlər və işğallar zamanı əldə olunurdu. Bununla bağlı bir sıra beynəlxalq məsələlər hələ də öz həllini tapmayıb. Məsələn, Şliman kolleksiyasının aqibəti, skiflərin qızılı üstündə Rusiya-Ukrayna münaqişəsi və s. Bütün bunlar cəmiyyətin marağını canlı saxlayır, bu bazarı ölməyə qoymur.