Alternativ ət trendi getdikcə məşhurlaşır. Son bir ildə “Burger King”, “KFC”, “TGI Friday’s” və ABŞ-dakı digər fastfud zəncirləri menyuya süni ətli burgerlər əlavə edib. Qonşu Rusiyada “Pizza Hut” və “Teremok” restoran şəbəkələri bitki mənşəli burgerləri satmağa başladı.
Forbesin restoran analitiki Alisiya Kelso hesab edir ki, fastfud şəbəkələri süni ət partlayışı yaşayır. Lakin bu hələ başlanğıcdır. Ekspert bildirir ki, 2018-ci ilin aprelində “White Castle” restoranlar şəbəkəsi menyuya “Impossible Slider”i əlavə etdikdən sonra domino effekti başlatdı. Qeyd edək ki, “Impossible foods”un istehsal etdiyi süni ət bitki və tərəvəz mənşəlidir. “White Castle”ın satışları beləcə 250% artdı. ABŞ-da artıq onlarla şəbəkə süni ətli qidalar satır. Onların arasında “Burger King”, “Carl’s Jr”, “Hard Rock Cafe”, “TGI Friday’s” və başqaları da var.
Həmçinin oxu: Elmlə məşğul olaraq 2 milyardlıq biznesi necə qurmaq olar?
2019-cu ilin aprelində “Burger King” eksperiment üçün Sent-Luisdəki restoranının menyusuna “Impossible Whopper”i əlavə etdi. Onda bir ay ərzində şəbəkənin Sent-Luisdəki restoranlarının trafiki ABŞ-dakı digər Burger King restoranları ilə müqayisədə təxminən 20% artdı.
Bitki mənşəli süni ətdən hazırlanmış “Beyond Meat” son iki il ərzində “Carl’s Jr” restoranlar şəbəkəsinin ən məşhur təamına çevrildi. Şirkət 4,5 milyon belə burger satıb. Üstəlik bu burgerlər restoranın daimi menyusuna da daxil olmuşdur.
Kelsonun sözlərinə görə, “Carl’s Jr” ABŞ-da süni ətdən hazırlanmış başqa bir təamın təqdimatına hazırlaşır. Bu, 6,29 dollara satılması planlaşdırılan “Beyond BBQ” çizburgeri olacaq. Brendlər öz burgerlərinin keyfiyyətinə əmindirlər və ona görə də menyuda yer də ayırırlar.
Həmçinin oxu: Mark Kyuban: "Mən banan alaram, nəinki bitkoin"
“McDonald’s”ın sentyabrda verdiyi açıqlamaya görə, Kanadada test rejimində alternativ ətdən hazırlanmış burgerləri satacaq. 2019-cu ilin əvvəllərində 160 mindən çox amerikalı “McDonald’s”ın vegeterianlar üçün menyuya bu burgerləri əlavə etməsi üçün ərizə imzalayıblar.
Rusiyada sentyabr ayında dananın əzələ toxumasının hüceyrələrindən alternativ ət hazırlanıb. 2023-cü ilə qədər satışa çıxarıla bilər. Bu ətin ilk 40 qramının qiyməti 900 min rubl təşkil edir. İstehsalçının hesablamalarına görə, 5 ildən sonra 1 kq süni mal ətinin pərakəndə qiyməti 800 rubl olacaq.
Nigar Umaxanlı, Banco.az