Müəllif: Tamara Mustafayeva, Banco.az
“Brent” markalı neftin bir barelinin orta hesabla qiymətinin bu il 87 dollar olacağı gözlənilir.
Banco.az xəbər verir ki, ABŞ Enerji İnformasiya Administrasiyası (EIA) qlobal neft ehtiyatlarının azalmasını əsas gətirərək bu il üçün neftin qiyməti ilə bağlı proqnozunu yüksəldib.
EIA-nın "Mart 2024 Qısamüddətli Enerji Perspektivləri Hesabatına görə", Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və OPEC-ə daxil olmayan bəzi istehsalçı ölkələrdən ibarət OPEC+ qrupunun tədarük ixtisarını uzatmasının qısa müddətdə qlobal neft tədarükünün sərtləşməsinə səbəb olacağı proqnozlaşdırılır.
Qlobal neft ehtiyatlarının ilin ikinci rübündə tədarükün sərtləşməsi ilə əlaqədar gündəlik orta hesabla 900 min barel azalacağı və bunun neft qiymətlərinə bahalaşmağa doğru təzyiq göstərəcəyi təxmin edilir.
Odur ki, beynəlxalq göstərici sayılan “Brent” markalı neftin orta barel qiymətinin bu il 87 dollar ətrafında olması gözlənilir. Əvvəlki hesabatda bu rəqəm 82,42 dollar kimi qiymətləndirilmişdi.
West Texas Intermediate (WTI) neftinin, yəni ABŞ xam neftinin orta barel qiymətinin 82,15 dollar səviyyələrində olacağı gözlənilir. Sözügedən rəqəmin ötən ay 77,68 dollar olacağı proqnozlaşdırılırdı.
Bizi sosial şəbəkələrdən izləyin!!