Uğurlu star-up qurmağın yolu - Orxan Əhməd | Banco.az

Uğurlu star-up qurmağın yolu - Orxan Əhməd

Müsahibimz: Orxan Əhməd, Kvotter start-upının həmtəsisçisi

  • Indiyə qədər hansı yadda qalan start-up layihələriniz olub?

Bir çox layihələr üzərində işləmişik. Sadəcə ən böyüklərini sadalaya bilərəm; MultiBon – Azərbaycanın ilk Bonus cashback sistemi, Xərcim.az – ibeacon texnologiyası ilə inteqrasiya edilmiş sadiqlik kartları üçün mobil cüzdan. Və hal-hazırda üzərində çalışdığımız, tələbə və kitab oxuayanlar üçün Kvotter adlı mobil tətbiq layihəsi.

  • Start –upların formalaşıb şirkətə çevrilməsi hansı mərhələlərdən keçir?

İlk olaraq ideya mərhələsidir. Bu mərhələdə ideya tam formalaşır, insanlardan rəylər alınır və hardan başlamaq qərarı verilir. Növbəti mərhələ komandanın toplanması və iş bölgüsüdür. Layihənin ilk prototipi hazırlanaraq alfa və ya beta versiyada ilk istifadəçilərə təqdim olunur. Toplanmış rəylər nəticəsində düzəlişlər edilərək, layihə genişləndirilir. Bəzən bu mərhəldə, bəzən isə böyük istifadəçi kütləsi topladıqdan sonra, yatırım alınaraq, marketinq və komandanın genişləndirilməsinə xərclənir. 

  • İlk mərhələnin xüsusiyyəti hansıdır? Bu zaman start-up qurmaq istəyən gənc nələrə sahib olmalıdır?

Hər şey ideyadan başlayır. İdeya havadan gəlməməlidir, ən çox dəyər verilən ideyalar insanların üzləşdikləri problemləri həll edən ideyalardır. Yəni özümün və ya yaxınlarımın başına gəlmiş problemi həll edən bir metod fikirləşirəmsə, bu ideyadan bir şey çıxa bilər. Buna görə də, ətrafda baş verənləri izləyərək, problemi anlamalı və ona düzgün həll yolunu tətbiq edə bilməlidir.

Düzdür bəzən nəticə gözlənildiyi kimi olmur, ancaq istənilən halda proses zamanı çox böyük təcrübə qazanmaq mümkündür ki, bu biliklərlə də yeni layihələrə start verilsin.

  • Komandanın formalaşmasında hansı amillər ən vacibdir. Komandadın “olmazsa olmazı” nələrdir?

Öz təcrübəmə əsasən deyə bilərəm ki, ilk növbədə qarşılıqlı hörmət və layihənin yalnız komanda ilə birlikdə həll edə bilmə anlayışı olmalıdır. Yalnız bundan sonra, komanda bir yerdə toplanaraq iş görə bilər.

  • Mümkünsə Banco.az oxuyucuların start-upların maliyyələşməsi (angel investing), birinci və ya ikinci dövrdə maliyyələşmə, və onların əsas xüsusiyyətləri haqqında da məlumat verərdiniz.

Startaplar müxtəlif mənbələrdən maliyyələşə bilərlər. Bir çox hallarda ilk maliyyə mənbəyi startap qurucularının şəxsi büdcələri hesab olunur. Bu yalnız maddi deyil, eyni zamanda layihəyə həsr etdiyi zaman və digər öhdəliklər halında hesablanır. Məhz bunlar əsasında layihədə iştirak edən şəxslərin payları formalaşır. Lakin, ilkin mərhələdə eyni zaman mələk yatırımcılarının investisiyaları da qəbul olunandır. Mələk yatırımcıların investisiyalarının həcmi ölkədən ölkəyə, layidən layihəyə fərqlənə bilər. Bir çox hallarda mələk yatırımcıları, hər hansı bir sahədə ixtisaslaşmış insanlar olur ki, yatırımları da məhz bu istiqamətdə etməyi üstün tuturlar.

Bundan əlavə mələk yatırımcılar sendikatı da olur ki, bu zaman bir neçə və hətta onlarla mələk yatırımcısı birləşərək, bir layihəyə yatırım etmiş olurlar. Vençur yatırımlar isə daha sonrakı mərhələrlərdə almaq mümkündür. Belə ki, əksər hallarda vençur şirkətləri artıq oturuşmuş, dövriyyəsi olan, stabil şirkətlərin öz bizneslərini genişləndirmələri üçün yatırımlar edirlər. 

Son illər “crowdfunding” (kütləvi yatırımlar) da geniş yayılmaqdadır ki, bu zaman startap öz maliyyəsini bu layihədə və ya onun məhsulunda maraqlı olan şəxslərdən əvvəlcədən malı satmaqla toplaya bilir. Məsələn, siz yeni bir innovativ saat istehsalına başlamaq istəyirsiniz. Xüsusiləşdirilmiş platformalarda bu barədə səhifə açıb toplamaq istədiyiniz məbləği bildirməklə, insanların marağını cəlb etmək üçün isə, ilkin məhsulu endirimli qiymətlərlə təklif edərək, müəyyən zaman çərçivəsində tələb olunan pul vəsaitlərini toplaya bilərsiniz.

  • Start-up-ın uğuru nə ilə ölçülür, nə vaxt onu satmağa qərar verməlisən?

Startaplarda uğur onun fəaliyyət sahəsindən asılıdır. Bəzilərində uğur aylıq-illik pul dövriyyələri, bəzilərində istifadəçi sayı ilə ölçülür. Sosial yönümlü layihələrdə isə, xidmətlərinin əhatə dairəsi və gördükləri işin keyfiyyəti ilə ölçülür.

Startapı satmaq mütləq deyil. Startap qurduqda siz kimsənin bu günə qədər etmədiyi metodun tətbiqi ilə yeni biznes qurmaq istəyirsiniz. Müəyyən dövrdən sonra Startap layihə oturuşmuş biznesə çevrilə bilər ki, bundan sonra onu ya özünüz idarə etməyə davam edə bilərsiniz. Elə də ola bilər ki, hansısa böyük bir şirkət və ya rəqib layihənizi almaq istəyər. Bu artıq həmin anda şirkət sahibinin öz qərarından asılı olacaq. Ancaq, istənilən halda startapa yatırım cəlb etdikdə siz şirkətin müəyyən hissəsini satmış olursunuz.

  • Uğursuzluqla nəticələnib, sizə çox şey öyrədən start-upınız olubmu?

Təbii olub və demək olar ki, bütün startup layihələrimdən nə isə yeni bir şey öyrənirəm. Ancaq, ən böyük təcrübəmi, Bonus sistemi olan Multibon layihəsi zamanı topladığımı desəm yanılmaram. Bu zaman mən həm komanda ilə işi, həm Azərbaycan riteyl bazarının reallıqlarını, həm müştərilər ilə işi, həm də yeni texniki imkanlardan yararlanmağı öyrənmişəm.

  • Hansı layihənizi daha uğurlu hesab edirsiniz və nəyə görə?

Bir çox layihəmiz olub... Ancaq ən uğurlusu mənə görə hələ Kvotter layihəsidir, hansı ki bu layihə ilə biz hələ yolun əvvəlindəyik, lakin buna baxmayaraq bir çox işlər görə bilmişik. Amma bütün bunlar arasında ən çox dəyər verdiyim, bizim komandadır.

Könül Soltanova, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et