İqtisadçıların həyatından 009 | Banco.az

İqtisadçıların həyatından 009

Milton Fridman 31 iyul 1912-ci ildə ABŞ-da, Bruklində yəhudi ailəsində anadan olub. M.Fridmanın 16 yaşı olanda müsabiqə əsasında seçilərək Nyu-Cersi ştatındakı iqtisadiyyat və riyaziyyat üzrə Rutqer Universitetinə qəbul olur. Burada oxuduğu zaman ABŞ Federeal Ehtiyatlar Sisteminin direktoru postuna qədər yüksələn amerikalı iqtisadçı və diplomat Artur Bernsin və faiz vergisi nəzəriyyəsi ilə tanınan amerikalı iqtisadçı Homer Consun tədqiqatlarında iştirak edib və onlardan dərs alıb. 

O, Çikaqo Universitetində 1933-cü ildə magistr dərəcəsi alır. Nyu-Yorkun Kolumbiya Universitetində doktorluq təcrübəsi keçərək bir ildən sonra yenidən Çikaqo Universitetinə qayıdaraq tədqiqatçı assistent olur. 1937-ci ildə o, ABŞ-ın Milli İqtisadi Tədqiqatlar Bürosunda məşhur iqtisadçı, Nobel mükafatı laureatı S.Kuznesin köməkçisi olur. M.Fridman II Dünya müharibəsi dövründə (1941-1943-cü illərdə) ABŞ-ın Maliyyə Nazirliyində vergi sahəsində tədqiqatlar aparan qrupda çalışır. Müharibənin sonuna qədər isə Kolumbiya Universitetində müharibə sferasında statistik tədqiqatlar aparan qrupun direktor müavini işləyir. M.Fridman uzun illər Amerika İqtisadçılar Assosiasiyasının fəal üzvlərindən biri olur, 1967-ci ildə isə bu assosiasiyanın prezidenti seçilir.

O, 1971-ci ildə ABŞ prezidenti olan Riçard Niksonun məsləhətçisi olub. M.Fridman baxışları ilə iqtisadi təlimin ənənəvi konservativə deyil, daha çox klassik liberalizmin nümayəndələri - XVIII əsr şotland iqtisadçısı Adam Smit və Con Stüart Milə yaxın olub. Buna görə də onun baxışları marksistlər və antiqlobalistlər tərəfindən də kəskin tənqidə məruz qalır. Onun Nobel mükafatı alması da bir sıra peşəkar iqtisadçılar tərəfindən narazılıqla qarşılanır. Bununla belə o, 8 iqtisad məktəbindən biri - monetarizmin banisi olmaqla yeganə Nobel mükafatçısıdır. M.Fridman inanırdı ki, təqib etdiyi məqsədlər həqiqətən müasir liberal axının məqsədləri ilə ayrılmır. 

M.Fridman Nobel mükafatı ilə yanaşı, 1951-ci ildə Amerika İqtisadçılar Assosiasiyasının Con Beyts Klark adına medalı ilə təltif olunmuş, bir çox Amerika və xarici ölkə universitetləri və kolleclərinin fəxri elmi adlarını almışdı. Alimin şərəfinə 2002- ci ildən Amerikanın Kato İnstitutu (Cato Institute) tərəfindən “Azadlığı inkişaf etdirdiyinə görə Milton Fridman adına mükafat” verilir. M.Fridman 16 noyabr 2006-cı ildə 94 yaşında San-Fransisko şəhərində vəfat edib.

Ən sərfəli kredit üçün müraciət et

Əsas elmi əsərləri: 

1. İstehlak funksiyası nəzəriyyəsi (A theory of the consumption function - 1957); 

2. ABş-da pul sisteminin qurulması (A monetary history of the United States - 1963; Anna Şvarsla müştәrәk);

3. Birləşmiş ştatların monetar statistikası (Monetary statistics of the United States - 1970); 

4. Birləşmiş ştatların və Birləşmiş Krallığın monetar trendləri (Monetary trends in the United States and the United Kingdom - 1982). 

 

Hazırladı: Tərlan Qəhrəmanova və Tahir Əsgərli

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

iqtisadçıları tanıyaq, nobel iqtisadçıları, iqtisadçı alimlər, iqtisadçılar

Ən sərfəli krediti almaq üçün müraciət et