Müəllif: Şəbnəm İbrahimxəlilova,Banco.az
Azərbaycanda qızıl yalnız zinət əşyası və hədiyyə vasitəsi deyil, eyni zamanda gözlənilməz maliyyə ehtiyacları zamanı pula çevrilə bilən aktivlərdən biri hesab olunur. Nağd vəsaitə ehtiyacı yaranan və bankdan adi istehlak krediti almaq istəməyən vətəndaşlar bəzən qızıl-zinət əşyalarını lombarda və ya banklara girov qoyaraq kredit götürürlər. Bu üsul qısa müddətdə pul əldə etməyə imkan versə də, kreditin faizləri, komissiyaları və geri qaytarılma şərtləri nəzərə alınmadıqda əlavə maliyyə yükü yarada bilər.
Xüsusilə qızılın ailə yığımı kimi saxlanıldığı Azərbaycanda belə kreditlərin hansı hallarda sərfəli olması, vətəndaşın girov qoyduğu əmlakla bağlı hansı hüquqlara malik olduğu və borcunu vaxtında ödəyə bilmədikdə nə ilə qarşılaşacağı aktual məsələlərdəndir.
Qızıl girovu ilə kredit necə işləyir?
Lombard krediti vətəndaşın qızıl-zinət əşyasını girov qoyaraq müəyyən məbləğdə pul əldə etməsi prinsipinə əsaslanır. Bu zaman girov qoyulan əşya kredit ödənilənədək bankda və ya lombardda saxlanılır. Kreditin məbləği isə təqdim edilən qızılın çəkisi, əyarı və qiymətləndirmə nəticəsinə uyğun müəyyən edilir.
Burada vacib məqam odur ki, kreditin məbləği qızılın mağazada satıldığı qiymətə bərabər olmur. Maliyyə təşkilatı girovu öz qiymətləndirmə qaydalarına əsasən dəyərləndirir və onun dəyərinin müəyyən hissəsi qədər kredit ayırır. Məsələn, Expressbankın rəsmi məlumatında kreditin ümumi məbləğinin, faiz və komissiya xərcləri də daxil olmaqla, girovun qiymətləndirilmiş dəyərinin maksimum 70 faizi ola biləcəyi göstərilir.
Bu o deməkdir ki, vətəndaşın bazar qiyməti 5 000 manat olan qızılını girov qoyması avtomatik olaraq həmin məbləğdə kredit alacağı anlamına gəlmir. Bankın qiymətləndirməsi və kredit şərtləri əsasında daha aşağı məbləğ təklif oluna bilər.
Banklar nə qədər faiz tələb edir?
Azərbaycanda qızıl girovlu kreditlər üzrə şərtlər maliyyə təşkilatından asılı olaraq dəyişir. Bəzi banklar bu kreditləri aylıq faizlə, digərləri isə illik faiz dərəcəsi və faktiki illik faiz dərəcəsi (FİFD) ilə təqdim edirlər. Buna görə yalnız reklamda göstərilən başlanğıc faizinə əsaslanmaq düzgün deyil.
Məsələn, 2026-cı ilin noyabrında bankların rəsmi saytlarında açıqlanan şərtlərə əsasən, AccessBank qızıl girovlu kreditləri 3-48 ay müddətinə, 100 000 manatadək məbləğdə təklif edir. Bankın məlumatında aylıq faiz dərəcəsi 1,5 faizdən, FİFD isə 18,85 faizdən başlayır. Komissiya 1-5 faiz arasında dəyişir.
Expressbankın rəsmi məlumatına görə, qızıl girovlu kreditin məbləği 750-100 000 manat, müddəti 3-48 ay, aylıq faiz dərəcəsi isə 1 faizdən başlayır. FİFD 18-39,8 faiz, komissiya isə 0-5 faiz aralığında göstərilir. Bank girovun dəyərinin maksimum 70 faizi həcmində kredit ayırır.
Bank of Baku isə lombard kreditini 300-50 000 manat məbləğində, 3-36 ay müddətinə təqdim edir. Bankın açıqladığı minimum illik faiz dərəcəsi 24 faiz, FİFD isə 26,45 faizdən başlayır.
Bu göstəricilər kreditin hər bir müştəri üçün eyni şərtlərlə veriləcəyi demək deyil. Faiz, komissiya, müddət və digər xərclər müraciətçinin vəziyyətinə, girovun qiymətləndirilməsinə və bankın daxili qaydalarına uyğun dəyişə bilər.
Aşağı faiz həmişə ucuz kredit demək deyil
Lombard krediti götürən şəxslərin diqqət yetirməli olduğu əsas məqamlardan biri nominal faizlə faktiki illik faiz dərəcəsi arasındakı fərqdir. Nominal faiz kreditə hesablanan faiz dərəcəsini göstərir. FİFD isə kreditlə bağlı digər məcburi xərcləri də nəzərə alaraq borclanmanın ümumi dəyərini daha dolğun əks etdirir.
Məsələn, bank aylıq 1,5 faiz faiz dərəcəsi təklif edə bilər. Lakin kreditin rəsmiləşdirilməsi zamanı komissiya və digər xərclər də tətbiq edilirsə, borcalanın faktiki xərci nominal faizdən yüksək olacaq. Buna görə vətəndaş kredit götürməzdən əvvəl yalnız aylıq ödənişi deyil, bütün müddət ərzində banka qaytaracağı ümumi məbləği də hesablamalıdır.
Digər məsələ kreditin müddətidir. Qısa müddət üçün götürülən kreditdə ümumi faiz xərci nisbətən aşağı ola bilər. Lakin borcun qaytarılması üçün kifayət qədər gəlir olmadıqda müddətin uzadılması və ya yeni kredit götürülməsi maliyyə yükünü artıra bilər.
Vətəndaş nə qazanır?
Qızıl girovlu kreditin əsas üstünlüyü qısa müddətdə nağd vəsait əldə etmək imkanının olmasıdır. Bəzi banklar bu kreditlər üçün rəsmi gəliri təsdiq edən sənəd və ya zamin tələb etmədən müraciət qəbul edirlər. Məsələn, AccessBankın rəsmi şərtlərində əsas tələblər sırasında şəxsiyyət vəsiqəsi və qızıl-zinət əşyasının girov kimi təqdim edilməsi göstərilir.
Bu kredit növü xüsusilə müvəqqəti maliyyə çətinliyi yaşayan, lakin qızılını birdəfəlik satmaq istəməyən şəxslər üçün alternativ ola bilər. Vətəndaş qızılını girov qoyaraq pul əldə edir, borcunu və faizlərini ödədikdən sonra isə əşyasını geri götürə bilir.
Burada satışla girov arasında ciddi fərq var. Qızıl satıldıqda mülkiyyət başqa şəxsə keçir. Girov qoyulduqda isə əşya borcun təminatı kimi saxlanılır və öhdəliklər yerinə yetirildikdən sonra sahibinə qaytarılmalıdır.
Əsas risk – qızılı itirmək ehtimalı
Lombard kreditinin ən ciddi riski borcun vaxtında qaytarılmaması ilə bağlıdır. Vətəndaş müqavilədə göstərilən müddətdə əsas borcu və faizləri ödəyə bilmədikdə girov qoyduğu qızılı itirmək təhlükəsi ilə üzləşir.
Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 302-ci maddəsinə əsasən, lombardda əşyanın girovu girov bileti ilə rəsmiləşdirilməlidir. Kredit müəyyən edilmiş müddətdə qaytarılmadıqda lombard girov qoyulmuş əşyanı açıq hərrac vasitəsilə sata bilər.
Qanunvericiliyə görə, lombard girov götürdüyü əşyanı qəbul edildiyi anda eyni növlü və keyfiyyətli əşyanın bazar qiymətinə uyğun müəyyənləşdirilən dəyərinin tam məbləğində girov qoyanın xeyrinə sığortalamalıdır. Bundan başqa, girov saxlanılan müddətdə lombardın həmin əşyadan istifadə etmək və ona dair sərəncam vermək hüququ yoxdur. Əşyanın itirilməsi və ya zədələnməsi halında isə lombard məsuliyyət daşıyır.
Məcəllənin 302.7-ci maddəsində diqqətçəkən başqa bir məqam da var: girov qoyulmuş əşya açıq hərracda satıldıqdan sonra lombardın borcluya qarşı tələbləri, satışdan əldə edilən məbləğ borcun tam ödənilməsinə kifayət etməsə belə, ləğv edilir. Bu qayda lombardda girovla təmin edilmiş kreditlərə aiddir.
Deməli, vətəndaşın əsas riski yalnız faiz ödəmək deyil, eyni zamanda ailə üçün əhəmiyyətli olan zinət əşyasını itirməkdir. Xüsusilə sentimental dəyəri olan, nəsildən-nəslə ötürülən və ya ailə üçün vacib hesab edilən qızılları girov qoyarkən bu risk daha ciddi nəzərə alınmalıdır.
Qızılın qiymətləndirilməsi zamanı nələrə diqqət edilir?
Girov qoyulan qızılın qiyməti müəyyənləşdirilərkən onun çəkisi və əyarı əsas götürülür. Zinət əşyasının üzərindəki daşlar, dizayn və işçilik haqqı isə qiymətləndirməyə eyni qaydada daxil edilməyə bilər.
Məsələn, vətəndaş mağazadan yüksək işçilik haqqı ödəyərək aldığı daşlı qızıl üzüyü girov qoyduqda bank həmin məhsulun mağaza qiymətini əsas götürməyə bilər. Əsas diqqət qızılın tərkibindəki xalis metalın miqdarına yönəldilə bilər. Bu səbəbdən ilkin alış qiyməti ilə girov üçün təklif edilən məbləğ arasında ciddi fərq yaranması mümkündür.
Girov müqabilində kredit götürməzdən əvvəl bir neçə maliyyə təşkilatından qiymətləndirmə almaq, qızılın çəkisi və əyarının necə müəyyənləşdirildiyini öyrənmək məqsədəuyğundur. Eyni zamanda, girov bileti və ya kredit müqaviləsində məhsulun təsviri, çəkisi, əyarı və qiymətləndirilmiş dəyərinin düzgün göstərilməsinə diqqət yetirilməlidir.
Lombard krediti hansı halda sərfəli ola bilər?
Qızıl girovlu kreditin sərfəliliyi vətəndaşın maliyyə ehtiyacından və borcu hansı müddətdə qaytara biləcəyindən asılıdır. Əgər şəxs qısa müddətə pula ehtiyac duyursa, gəlirinin yaxın zamanda daxil olacağına əmindirsə və kreditin ümumi xərcini qarşılaya bilirsə, bu üsul müvəqqəti maliyyə həlli kimi nəzərdən keçirilə bilər.
Lakin borcun qaytarılması üçün dəqiq mənbə yoxdursa, kreditin müddətinin uzadılması ehtimalı yüksəkdirsə və girov qoyulan qızıl ailənin əsas yığımıdırsa, bu seçim ciddi risk yarada bilər. Belə vəziyyətdə kreditin faiz və komissiya xərcləri ilə yanaşı, qızılın itirilməsi ehtimalı da nəzərə alınmalıdır.
Nəticə etibarilə, lombard krediti qısa müddətdə maliyyə əldə etmək imkanı yaratsa da, bu, pulsuz və risksiz vəsait deyil. Vətəndaş qərar verməzdən əvvəl təklif olunan kredit məbləğini, FİFD-ni, komissiyanı, ümumi geri ödənişi və gecikmə zamanı tətbiq ediləcək şərtləri müqayisə etməlidir. Ən vacibi isə girov qoyduğu qızılı geri ala biləcəyinə real əminlik yaratmadan belə öhdəliyə girməməlidir.
