Yan Kum: ABŞ-a kasıb mühacir kimi gələn şəxs necə WhatsApp-ın həmtəsisçisi oldu? | Banco.az

Yan Kum: ABŞ-a kasıb mühacir kimi gələn şəxs necə WhatsApp-ın həmtəsisçisi oldu?

Müəllif: Şəbnəm İbrahimxəlilova,Banco.az

Bu gün dünyada milyardlarla insanın gündəlik ünsiyyət vasitəsinə çevrilən WhatsApp-ın yaranmasının arxasında olduqca maraqlı bir sahibkarlıq hekayəsi dayanır. Söhbət Ukraynada doğulan, 16 yaşında ailəsi ilə birlikdə ABŞ-a mühacirət edən və sonradan dünyanın ən böyük texnologiya şirkətlərindən birinin həmtəsisçisinə çevrilən Yan Kumdan (Jan Koum) gedir. ABŞ-a gəldiyi ilk illərdə maddi çətinliklərlə üzləşən, ailəsi ilə birlikdə dövlət sosial yardımından istifadə edən Kum illər sonra yaratdığı “WhatsApp”ı “Facebook”a ilkin olaraq 19 milyard dollar dəyərində elan edilən müqavilə ilə satdı. Maraqlıdır ki, milyardlarla dollarlıq bu razılaşmanın imzalandığı yer təsadüfi seçilməmişdi: Kum vaxtilə anası ilə birlikdə ərzaq yardımı almaq üçün növbəyə dayandığı sosial xidmət mərkəzinin qarşısında müqaviləyə imza atmışdı. Bəs sadə bir mühacir ailəsindən çıxan bu şəxs necə qlobal texnologiya biznesi qurmağa nail oldu?

Ukraynadan ABŞ-a: Çətinliklərlə başlayan həyat

Yan Kum 24 fevral 1976-cı ildə Ukraynanın Kiyev yaxınlığındakı kiçik bir yaşayış məntəqəsində dünyaya gəlib. O, mühəndis və inşaat sahəsində çalışan ata və evdar ananın yeganə övladı idi. Ailənin yaşadığı evdə isti su belə yox idi. Həmin dövrdə Ukrayna Sovet İttifaqının tərkibində olduğundan ailə həm iqtisadi, həm də sosial məhdudiyyətlərlə üzləşirdi. Telefon danışıqlarının dövlət tərəfindən izlənilməsi ilə bağlı narahatlıqlar da onların gündəlik həyatının bir hissəsi idi.

1992-ci ildə, 16 yaşında olarkən Yan Kum anası və nənəsi ilə birlikdə ABŞ-a köçür. Ailə Kaliforniyanın Mountain View şəhərində məskunlaşır. Lakin yeni ölkədə həyat onların gözlədiyi qədər asan olmur. Dil problemi, maddi çətinliklər və yeni mühitə uyğunlaşmaq zərurəti ailənin qarşısında ciddi maneələr yaradır. Anası dolanışıq üçün uşaq baxıcılığı ilə məşğul olur, Kum isə supermarketdə döşəmə təmizləyərək ailəsinə kömək edirdi. Ailə bir müddət dövlətin sosial yardım proqramlarından, o cümlədən ərzaq talonlarından istifadə edirdi.

Kumun uşaqlıq və yeniyetməlik illərində yaşadığı bu çətinliklər onun gələcək dünyagörüşünə də təsir göstərmişdi. Xüsusilə insanların şəxsi həyatına müdaxilə və kommunikasiyanın izlənilməsi ilə bağlı təcrübələri sonradan “WhatsApp”ın məxfilik fəlsəfəsinin formalaşmasında mühüm rol oynadı.

Proqramlaşdırmanı özü öyrəndi

Yan Kumun texnologiyaya marağı ABŞ-a köçdükdən sonra daha da güclənir. O, kompüter şəbəkələri və proqramlaşdırma ilə maraqlanmağa başlayır, müxtəlif texniki kitablar və dərsliklər vasitəsilə biliklərini artırır. Hələ yeniyetmə yaşlarında kompüter şəbəkələrinin işləmə prinsiplərini öyrənir və internet təhlükəsizliyi sahəsinə maraq göstərir.

Daha sonra San Xose Dövlət Universitetində təhsil almağa başlayır. Bununla yanaşı, “Ernst & Young” şirkətində kompüter sistemlərinin təhlükəsizliyinin yoxlanılması üzrə işləyir. 1997-ci ildə Yahoo şirkətinin həmtəsisçisi Devid Filo ilə tanışlığı onun karyerasında dönüş nöqtəsinə çevrilir. Kum “Yahoo”da sistem mühəndisi vəzifəsinə qəbul edilir və burada gələcək biznes tərəfdaşı Brayan Ektonla tanış olur.

“Yahoo”da işlədiyi illər ərzində Kum server infrastrukturu, proqram təminatı və internet xidmətlərinin idarə olunması sahəsində təcrübə qazanır. O, universitet təhsilini yarımçıq qoyaraq bütün diqqətini işinə yönəldir. Bu təcrübə sonradan “WhatsApp” kimi milyonlarla istifadəçiyə xidmət göstərən platformanın texniki əsaslarını qurmaqda ona kömək edir.

Brayan Ektonla tanışlıq: Gələcək milyardlıq biznesin başlanğıcı

Yan Kum və Brayan Ekton “Yahoo”da birlikdə çalışarkən dostlaşırlar. Hər ikisi şirkətdə uzun illər işlədikdən sonra 31 oktyabr 2007-ci ildə işdən ayrılır. Bu qərar onların həyatında yeni mərhələnin başlanğıcı olur. Bir müddət səyahət edən və növbəti addımlarını müəyyənləşdirməyə çalışan iki dostun qarşısında hələ konkret biznes planı yox idi.

Maraqlıdır ki, onlar sonradan “Facebook”da işə düzəlməyə də cəhd edirlər. Lakin müraciətləri müsbət nəticələnmir. Bu uğursuzluq onların sahibkarlıq fəaliyyətinə başlamasına mane olmur. Əksinə, bir neçə il ərzində topladıqları texniki təcrübəni öz layihələrində istifadə etmək qərarına gəlirlər.

WhatsApp ideyası necə yarandı?

Kum 2009-cu ildə “iPhone” əldə etdikdən sonra mobil tətbiqlərin potensialı ilə maraqlanmağa başlayır. Həmin dövrdə smartfon bazarı sürətlə böyüyür, “Apple”ın “App Store” platforması isə proqram təminatı bazarında yeni imkanlar yaradırdı. Kumun diqqətini çəkən əsas məsələ insanların mobil telefon vasitəsilə bir-biri ilə daha rahat əlaqə saxlaya bilməsi idi.

İlk mərhələdə onun yaratmaq istədiyi tətbiq bugünkü “WhatsApp”dan xeyli fərqlənirdi. İlkin ideya istifadəçilərin telefon kitabçasındakı kontaktların yanında status göstərən proqram hazırlamaq idi. Məsələn, istifadəçinin idman zalında, işdə və ya başqa bir yerdə olduğunu kontaktlarına bildirmək mümkün olacaqdı.

24 fevral 2009-cu ildə, öz doğum günündə Kum “WhatsApp Inc.” şirkətini Kaliforniyada qeydiyyatdan keçirir. Tətbiqin adı da maraqlı seçim idi. Kum ingiliscə gündəlik salamlaşma ifadəsi olan "What's up?" söz oyunundan istifadə edərək “WhatsApp” adını seçmişdi. Bu ad sonradan dünyanın ən tanınmış texnologiya brendlərindən birinə çevrildi.

Lakin tətbiqin ilk versiyası uğurlu olmur. Proqram tez-tez dayanır, texniki problemlər yaranır və istifadəçilərin sayı gözlənilən səviyyəyə çatmır. Məhz bu mərhələdə “Apple”ın “iOS 3.0” əməliyyat sisteminə push bildirişlərini əlavə etməsi Kumun biznes ideyasını dəyişməsinə səbəb olur. O, status tətbiqini mesajlaşma platformasına çevirmək qərarına gəlir. Beləliklə, istifadəçilər yalnız statuslarını paylaşmaq deyil, bir-birlərinə internet üzərindən mesaj da göndərə biləcəkdilər. Bu dəyişiklik “WhatsApp”ın gələcək uğurunun əsasını qoyur.

WhatsApp-ın fərqi nə idi?

2009-cu ildə mobil mesajlaşma bazarında artıq müəyyən rəqabət mövcud idi. “Skype”, “Google Talk” və “BlackBerry Messenger” kimi xidmətlər istifadəçilərə internet üzərindən ünsiyyət imkanı yaradırdı. Lakin Kumun diqqət yetirdiyi əsas problem bu platformaların istifadəsinin bəzən mürəkkəb olması idi. Bəzi tətbiqlərdə ayrıca istifadəçi adı və şifrə yaratmaq, digərlərində isə xüsusi cihaz və ya sistemdən istifadə etmək tələb olunurdu.

“WhatsApp” isə daha sadə yanaşma seçdi: istifadəçinin telefon nömrəsi onun hesabına çevrilirdi. Telefon kitabçasında həmin şəxsin nömrəsi varsa və o da “WhatsApp”dan istifadə edirsə, əlavə istifadəçi adı axtarmağa ehtiyac qalmırdı. Bu yanaşma tətbiqin yayılmasını asanlaşdırdı. İnsanlar yeni sosial şəbəkə qurmaq və ya ayrıca əlaqə siyahısı yaratmaq əvəzinə, artıq telefonlarında olan kontaktlarla ünsiyyət qurmağa başladılar.

“WhatsApp”ın digər fərqi onun reklamdan uzaq biznes modelinə üstünlük verməsi idi. Kum və Ekton istifadəçilərin şəxsi ünsiyyətinin reklamlarla doldurulmasını istəmirdilər. Onların yanaşması sadə idi: məhsul sürətli, etibarlı və istifadəsi asan olmalıdır.

Brayan Ekton layihəyə necə qoşuldu?

“WhatsApp”ın ilkin versiyası üzərində əsas işi Yan Kum görsə də, layihənin böyüməsində Brayan Ektonun da mühüm rolu olub. Tətbiqin ilk uğursuzluqlarından sonra Kum layihəni dayandırmaq və başqa iş axtarmaq barədə düşünürdü. Lakin Ekton onu davam etməyə təşviq edirdi.

2009-cu ildə “WhatsApp”ın mesajlaşma funksiyası genişləndirildikdən sonra istifadəçi sayı sürətlə artmağa başlayır. Bu zaman Ekton layihənin potensialını daha aydın görür və ona qoşulmağa qərar verir. O, keçmiş Yahoo əməkdaşlarından ibarət investor qrupunu cəlb edərək “WhatsApp” üçün 250 min dollar ilkin maliyyələşmə əldə edilməsinə kömək edir. Bunun nəticəsində Ekton şirkətin həmtəsisçisi statusunu qazanır.

Beləliklə, “WhatsApp” iki keçmiş “Yahoo” əməkdaşının texnoloji təcrübəsi və ortaq biznes yanaşması əsasında inkişaf etməyə başlayır.

Kiçik komanda ilə qlobal uğur

WhatsApp-ın inkişaf strategiyasının əsas xüsusiyyətlərindən biri böyük komanda yaratmadan geniş istifadəçi auditoriyasına xidmət göstərmək idi. Şirkət texniki infrastruktura və məhsulun etibarlılığına xüsusi diqqət yetirirdi. Məqsəd tətbiqin müxtəlif ölkələrdə, fərqli mobil cihazlarda və internet şəraitində problemsiz işləməsini təmin etmək idi.

İstifadəçilərin artması ilə “WhatsApp” yeni funksiyalar əlavə etməyə başladı. Mətn mesajlarından sonra şəkil, video və səsli mesajların göndərilməsi imkanları da tətbiqə daxil edildi. 2014-cü ilin əvvəlinə WhatsApp-ın aylıq aktiv istifadəçilərinin sayı 450 milyona çatmışdı. Şirkətin həmin dövrdə cəmi təxminən 50 əməkdaşı var idi. “Facebook”un satınalma ilə bağlı rəsmi açıqlamasında istifadəçilərin 70%-nin hər gün platformaya daxil olduğu və xidmətə gündəlik bir milyondan çox yeni istifadəçinin qoşulduğu bildirilirdi.

Bu göstəricilər texnologiya biznesində maraqlı iqtisadi modeli nümayiş etdirirdi: nisbətən kiçik komanda ilə yüz milyonlarla insana xidmət göstərmək mümkün idi. “WhatsApp”ın sürətli böyüməsində şəbəkə effekti də mühüm rol oynayırdı. Yəni tətbiqdən istifadə edən insanların sayı artdıqca, digər şəxslərin də həmin platformaya qoşulmaq marağı yüksəlirdi.

2014-cü il: Facebook WhatsApp-ı 19 milyard dollara aldı

“WhatsApp”ın sürətli inkişafı dünyanın ən böyük texnologiya şirkətlərinin diqqətini cəlb etdi. 2014-cü il fevralın 19-da Facebook WhatsApp-ı satın almaq barədə razılaşma əldə etdiyini açıqladı.

Müqavilənin ilkin elan edilmiş ümumi dəyəri təxminən 19 milyard dollar idi. Bunun 4 milyard dolları nağd vəsait, 12 milyard dolları “Facebook” səhmləri, əlavə 3 milyard dolları isə şirkətin təsisçiləri və əməkdaşları üçün nəzərdə tutulan məhdudlaşdırılmış səhm vahidlərindən ibarət idi. Səhm qiymətlərindəki dəyişikliklər nəticəsində sövdələşmənin yekun dəyəri sonradan təxminən 21,8 milyard dollar kimi qiymətləndirildi.

Bu satış texnologiya sənayesinin ən böyük satınalma əməliyyatlarından birinə çevrildi. Maraqlı məqam isə müqavilənin imzalandığı məkan idi. Yan Kum və Brayan Ekton razılaşmanı Mountain View şəhərində yerləşən, vaxtilə Kumin sosial yardım almaq üçün növbəyə dayandığı dövlət xidmətləri binasının qarşısında imzaladılar. Bu, Kumin şəxsi həyatında simvolik məna daşıyan hadisə idi. İllər əvvəl ailəsinin ərzaq yardımı almaq üçün müraciət etdiyi yer indi milyardlarla dollarlıq biznes razılaşmasının imzalanmasına şahidlik edirdi.

WhatsApp-ın gəlir modeli necə qurulmuşdu?

“WhatsApp”ın uğurunun maraqlı tərəflərindən biri onun ilkin mərhələdə ənənəvi reklam modelindən imtina etməsi idi. Şirkət əvvəlcə tətbiqin yüklənməsini pulsuz təqdim edir, sonradan isə illik abunə haqqı tətbiq edirdi. Müxtəlif dövrlərdə bu məbləğ təxminən 1 dollar təşkil edirdi. Bu yanaşma istifadəçilərin reklamlarla qarşılaşmadan mesajlaşmasına imkan yaradırdı.

Facebook tərəfindən satın alındıqdan sonra WhatsApp-ın monetizasiya strategiyası da dəyişməyə başladı. Xüsusilə bizneslər üçün “WhatsApp Business” və daha böyük şirkətlər üçün “WhatsApp Business Platform” kimi məhsulların inkişafı yeni kommersiya imkanları yaratdı. Beləliklə, şirkət fərdi istifadəçilər üçün mesajlaşma xidmətini genişləndirərkən, bizneslərə müştərilərlə əlaqə saxlamaq üçün ödənişli həllər təqdim etməyə başladı. Bu gün “WhatsApp”ın rəsmi məlumatına əsasən, platformadan 180-dən çox ölkədə 3 milyarddan artıq insan istifadə edir.

Şirkətdən ayrılıq və yeni mərhələ

Yan Kum 2014-cü ildə “Facebook”un direktorlar şurasına daxil oldu və bir müddət “WhatsApp”ın rəhbəri kimi fəaliyyətini davam etdirdi. Lakin sonrakı illərdə şirkətin məlumatların qorunması, məxfilik və monetizasiya siyasəti ilə bağlı fikir ayrılıqları yarandı. 2018-ci ildə Kum “WhatsApp”dan və “Facebook”un direktorlar şurasından ayrıldığını açıqladı.

Onun biznes tərəfdaşı Brayan Ekton da “Facebook”dan uzaqlaşdı və sonradan “Signal Foundation” təşkilatının yaradılmasında iştirak etdi. Kum isə sonrakı dövrdə texnologiya investisiyaları və xeyriyyəçilik fəaliyyəti ilə məşğul oldu. “Carnegie Corporation”un məlumatına görə, o, “Silicon Valley Community Foundation” vasitəsilə 500 milyon dollardan artıq ianə edib.

Yan Kum illər sonra dünyanın ən böyük mesajlaşma platformalarından birinin həmtəsisçisinə çevrildi. Onun hekayəsi şəxsi təcrübənin, bazar ehtiyacının düzgün müəyyənləşdirilməsinin və sadə biznes ideyasının necə qlobal iqtisadi dəyər yarada biləcəyini göstərən nümunələrdən biridir.