İqtisadçıların həyatından 003 | Banco.az

İqtisadçıların həyatından 003

Saymon Kuznets 30 aprel 1901-ci ildə indiki Belarusun Pinsk şəhərində anadan olub. O, əsas təhsilini indiki Ukraynanın Xarkov şəhərində alıb. Daha sonra 1922-ci ildə isə ABŞ-a köçərək, öz təhsilini Kolumbiya Universitetində davam etdirib. Elə həmin universitetdə 1924-cü ildə magistr təhsili və 1926-cı ildə isə burada iqtisadiyyat üzrə doktor elmi dərəcəsi alıb. 

Həmçinin bax: İqtisadçıların həyatından 001

O, 1927-ci ildən 1960-cı illərin əvvəllərinə qədər Milli İqtisadi Tədqiqatlar Bürosunun əməkdaşlarının üzvü kimi ABŞ-da milli gəlir və kapitalın formalaşması ilə məşğul olub. Sosial Elmlər Tədqiqat Şurasının İqtisadi İnkişaf üzrə Komitəsinin sədri kimi o, ilk növbədə dövlətlərin iqtisadi artımının müqayisəli kəmiyyət təhlilini hazırlayıb. Bundan əlavə,  müəyyən vaxtlarda Harvard, Prinston, Pensilvaniya və digər bu kimi universitetlərin fəxri alimlik dərəcəsini alıb.

S.Kuznets, eyni zamanda, 1949-cu ildə Amerika Statistika Asossiyasiyasının, 1954-cü ildə Amerika İqtisadi Asossasiyasının prezidenti, 1950-ci illərdə İsrail, 1960-cı illərdə isə Çin hökumətlərində iqtisadiyyat üzrə məsləhətçi olub.

O, iqtisadi artımın sosial vә iqtisadi strukturun, elәcә dә inkişaf prosesinin bütövlükdә yeni vә daha dәrin anlaşılmasına gәtirmiş empirik әsaslandırılmış şәrhinә görә 1971-ci ildә iqtisadiyyat sahәsindә Nobel mükafatına layiq görülüb. O, uzun müddət ərzində iqtisadiyyatın artım sürətindəki dəyişiklikləri və bunların əhali artımı ilə necə əlaqəli olduğunu təhlil etdi.

Nobel mükafatı ilə yanaşı, alim 1977-ci ildə iqtisadiyyat və elm sahəsindəki əvəzsiz xidmətlərinə görə Frensis Uoker adına medalla təltif olunub.

8 avqust 1985-ci ildə 84 yaşında olan S.Kuznets Kembric şəhərində vəfat edib.

S.Kuznets daha çox iqtisadi artım və bərabərsizlik arasındakı əlaqəni əks etdirən Kuznets əyrisi ilə tanınır. Lakin bu nəzəriyyə onun Nobel mükafatını almasından sonraya aiddir. O, milli gəlir və milli məhsulun hesablanması, iqtisadi inkişafın və onun tsikllərinin bölgü ilə rabitədə statistik tədqiqat sahəsində elmi işləri ilə məşhurdur. Onun tədqiqatları nəhəng empirik materialın cəlb olunması və uzun dövri mərhələləri əhatə etməsi ilə fərqlidir. Alim həmçinin müxtəlif ölkələrin iqtisadi inkişafının müqayisəli tarixi tədqiqini aparmışdır. İqtisadiyyatda iqtisadi artımın sürətli və zəif tərəddüdlü iyirmi illik dövrü Kuznes tsikli adlanır. 

Ən sərfəli kredit üçün müraciət et

Həmçinin bax: İqtisadçıların həyatından 002

Onun əsas elmi əsərləri bunlardır: 

1. 1919-1938-ci illərdə milli gəlir və onun strukturu (National income and its composition: 1919-1938 - 1941); 

2. İqtisadiyyatda dəyişikliklər (Economic change - 1953); 

3. Amerka iqtisadiyyatında kapital: onun formalaşması və maliyyələşməsi (Capital in the American economy: Its formation and financing - 1961); 

4. Müasir iqtisadi artım (Modern economic growth - 1966); 

5. Milləti iqtisadi artımı. Məcmui məhsul və istehsalın strukturu (Economic growth of nations: Total output and production structure - 1971);

6. Artım və struktur dəyişiklikləri” (Growth and structural shifts - 1979); 

7. İqtisadi inkişaf, ailə və gəlirlərin bölgüsü (Economic development, the family, and income distribution - 1989). 

Hazırladı: Tahir Əsgərli və Tərlan Qəhrəmanova

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

iqtisadçıları tanıyaq, nobel iqtisadçıları, iqtisadçı alimlər, iqtisadçılar