Azərbaycan iqtisadiyyatı son 12 ilin ən güclü başlanğıcını yaşayır | Banco.az

Azərbaycan iqtisadiyyatı son 12 ilin ən güclü başlanğıcını yaşayır

Bu ilin yanvar ayında Azərbaycanda real ÜDM illik ifadədə 5,8% artıb.

Bu, son 12 il ərzində yanvar ayında qeydə alınmış ən yüksək illik artım tempidir. Azərbaycan iqtisadiyyatı üçün bundan yaxşı ilin başlanğıcı sonuncu dəfə 2010-cu ildə olub. Həmin ilin yanvarında ÜDM-nin artım tempi 9,2% təşkil etmişdi.

Qeyd edək ki, 2021-ci ildə Azərbaycan iqtisadiyyatı real ifadədə 5,6% böyüyüb. Bu, 2013-cü ildən bəri ÜDM üzrə qeydə alınan ən yüksək artım tempidir. Nəticədə, ötən il Azərbaycanda real ÜDM-nin həcmi COVID-19 pandemiyasından əvvəlki ildə (2019-cu il) qeydə alınan göstəricini 1-1,1% üstələyib.

Proqnozlara gəldikdə, Azərbaycan İqtisadiyyat Nazirliyi bu il ölkədə ÜDM-nin real artımını 3,9% səviyyəsində olacağını gözləyir. Dünya Bankının son proqnozuna görə, bu il Azərbaycan iqtisadiyyatı 3,1%, BMT-nin proqnozuna görə isə 4% artacaq.

Xatırladaq ki, 2020-ci ildə Azərbaycan iqtisadiyyatı 4,3% azalıb.

APA

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram