Bu məşhur markalar rəqiblərinin sabiq əməkdaşlarını işə götürmür | Banco.az

Bu məşhur markalar rəqiblərinin sabiq əməkdaşlarını işə götürmür

“Bloomberg” xəbər verir ki, üç işçi italyan dəb brendi “Gucci”ni, fransız moda markası “Louis Vuitton”u, Amerikanın “Saks” univermaqlar şəbəkəsini və lüks seqmentə daxil olan bir çox digər şirkəti işçilərin hüquqlarını pozmaqda günahlandırıb. Nyu-Yorkdakı federal məhkəməyə verilən iddia ərizəsində qeyd olunur ki, adıçəkilən markalar rəqiblərinin sabiq əməkdaşlarını işə götürməməklə bağlı razılığa gəliblər.

“Bloomberg” xəbər agentliyi iddia ərizəsinə istinadən bildirir ki, adıçəkilən şirkətlər minimum 6 ay əvvəl müqavilədə iştirak edən rəqiblərdən birində işləyən satıcıları işə götürməməyə dair razılığa gəliblər. Lüks malların satıcıları “Gucci”, “Louis Vuitton” və digər şirkətlərin rəqabəti məhdudlaşdıraraq onları qazanc fürsətlərindən məhrum etdiklərini iddia ediblər.

Həmçinin oxu: McDonalds geyim və aksesuarlarının yer aldığı onlayn mağazasını istifadəyə verdi

Ən sərfəli kredit üçün müraciət et

“Saks”ın satıcılarından biri bildirib ki, yeni iş axtararkən “Louis Vuitton” mağazasının menecerinə göndərdiyi məktuba cavab aldıqdan sonra bu razılıqdan xəbər tutub. “Təəssüf ki, Saks ilə əməkdaşlarını işə götürə bilməyəcəyimiz barədə razılığımız var. Onları işə götürməzdən əvvəl altı ay gözləməliyik. Bizim əməl etməli olduğumuz ciddi qaydalarımız var. Təəssüf edirəm”, — sənədlərdə müdirin cavabı əks olunub.

İndiyəcən “Apple”, “Google”, ”Intel” və “Adobe Systems” də bənzər iddialarla üzləşib. Adları sadalanan şirkətlər 2015-ci ildə peşəkar hərəkətliliyi məhdudlaşdırmaq üçün yüksək texnologiya işçilərinə 415 milyon dollar ödəməyə söz vermişdi. “Disney”, “DreamWorks”, “Sony Pictures” və “Blue Sky” da belə bir razılıq ittihamı ilə üzləşmişdi. Yekunda isə animasiya studiyalarının işçilərinə ciddi məbləğdə pul ödəməli olmuşdular.

Nigar Umaxanlı, Finco.az