Kredit verilişi ilə bağlı qaydaların sərtləşdirilməsindən sonra əhali arasında taksit kartları daha çox populyarlıq qazanmağa başlamışdı. Həmin kartlar kredit verilişində yaranan çətinlikləri bir növ kompensasiya edirdi. Lakin proseslərin son gedişi bu sahədə artıq fərqli bir vəziyyətin yaranmaqda olduğunu göstərir. Ümumiyyətlə, cari il ərzində plastik kartlardan istifadə səviyyəsi və artım tempi ötən illə müqayisədə xeyli azalıb.
Bunu Mərkəzi Bankın açıqlamaları da təsdiq edir. Araşdırmalara görə, 2014-cü ilin yanvar-aprel ayları ərzində dövriyyədə olan kredit kartlarının sayı cəmi 101 min ədəd artıb ki, bu da ötən ilin analoji dövrünün artımından təxminən iki dəfə azdır. Belə ki, ötən ilin yanvar-aprel aylarında kredit kartlarının sayı 224 min ədəd artmışdı. Hazırda dövriyyədə 1 milyon 68 min ədəd kredit kartı mövcuddur.
Ekspertlər kredit kartı alanların sayının azalmasını Mərkəzi Bankın tələbilə bankların müştərilərdən iş yerindən arayış tələb etməsi ilə əlaqələndirir. Əvvəllər banklar ticarət və əyləncə mərkəzlərində kredit kartlarını yalnız şəxsiyyət vəsiqəsilə paylayırdısa, indi bunu edə bilmir. Son aylar plastik kartlarla aparılan nağdsız əməliyyatların həcmi də zəif artır. Apreldə ölkə daxilində pos-terminallarla 28 milyon manatlıq nağdsız ödəniş həyata keçirilib ki, bu da ötən ilin müvafiq ayı ilə eynidir. Halbuki, ötən ilin may-dekabr aylarında əməliyyatların həcmi 36 milyon manatdan 47 milyon manatadək yüksəlmişdi. Bu ilin yanvar və mart aylarında bayramlarla əlaqədar nağdsız ödənişlərdə nisbətən artım olsa da, ümumilikdə 4 ay ərzində ötənilki aylıq artımlar davam etməyib.
Azərbaycanda kart sahibləri kartdan daha çox nağd vəsait çıxarır. Apreldə kartlar vasitəsilə aparılmış 938 milyon manatlıq ölkədaxili əməliyyatın 822 milyon manatını nağd pulun çıxarılması təşkil edib. Azərbaycan banklarının kredit kartları ilə aparılan cəmi əməliyyatlarının aylıq həcmi apreldə 181 milyon manat təşkil edib. Bunun 93 milyon manatı ATM-lər vasitəsilə, 40 milyon manatı pos-terminallar vasitəsilə, yerdə qalanı isə elektron şəkildə həyata keçirilib. May ayının 1-nə olan məlumata görə, dövriyyədə olan ödəniş kartlarının ümumi sayı 5 milyon 908 min ədəddir. Bunun 2 milyon 567 min ədədini sosial kartlar, 1 milyon 412 min ədədini əməkhaqqı kartları, 1 milyon 68 min ədədini kredit kartları, 861 min ədədini digər kartlar təşkil edir.
Beləliklə, qeyd edilənlərdən məlum olur ki, kredit kartları vasitəsilə həyata keçirilən əməliyyatların sayı sürətlə azalır.
İqtisadçı-ekspertlər deyir ki, nağd pul olmadığı üçün əksər hallarda plastik kart sahibləri öz xərclərini proqnozlaşdıra bilmir və ödəmə qabiliyyətindən daha çox vəsait xərcləyir. Çünki onlara kredit açılır və kartda pul olmadıqda belə ödəniş etmək imkanı olur. Bu isə sonda problemə yol açır.
Məsələn, Türkiyədə aparılan araşdırmalar göstərir ki, kredit götürən şəxslərin 60%-i limitdən artıq istifadə etdiyindən külli miqdarda borc yaranır. İqtisadçılar Azərbaycanda da belə bir problemin yaranacağını istisna etmir. Elə bu səbəbdən kredit kartlarından istifadə səviyyəsi aşağı düşür. Mağazalar isə kredit kartları ilə satışın onlara heç bir əlavə qazanc gətirmədiyini, sadəcə bu xidmət növünü təqdim etməklə yeni müştərilər cəlb etmək istədiklərini bildirirlər. Həmin kartlardan daha çox banklar qazanır. Problemin həlli üçün isə, həmişəki kimi, bu sahədə istehlakçı kreditləşməsi haqda xüsusi bir qanuna ehtiyac olduğu vurğulanır. Amerikada, Böyük Britaniyada, Şərqi və Qərbi Avropada belə bir qanun var. Qanunun əsas məqsədi istehlak krediti alan müştərinin hüquqlarını qorumaqdır.
Burda müqavilənin şərtlərinin müəyyən edilməsindən tutmuş, reklam məlumatlarının əhaliyə çatdırılmasına qədər məsələlər öz əksini tapır. Ölkəmizdə də analoji addımların atılmasına ehtiyac olduğu vurğulanır. Əks halda, problemli kreditlərin də məbləğinin artması qaçılmaz sayılır. Eyni zamanda, yuxarıda qeyd olunduğu kimi, bu hal kredit kartlarından istifadə səviyyəsinin də azalması ilə müşayiət olunur.
Mənbə: baki-xeber.com