Müəllif: Tamara Mustafayeva, Banco.az
Milyarder investor şişirdilmiş süni intellekt konsepsiyası ilə bağlı xəbərdarlıq edib.
Banco.az xəbər verir ki, dünyanın ən böyük hedc fondlarından biri olan “Bridgewater Associates”in qurucusu, milyarder investor Rey Dalio sürətlə böyüyən süni intellekt bazarında gec-tez partlaya biləcək bir köpüyün əlamətlərinin müşahidə olunduğunu düşünür.
Bloomberg Milyarderlər İndeksinə görə sərvəti 21,5 milyard dollar olan Rey Dalio çərşənbə günü “Bloomberg Television”a verdiyi müsahibədə bildirib ki, bütün böyük texnoloji dəyişikliklər bazarda köpüklərin yaranmasına səbəb olur. Onun sözlərinə görə, heç kim bu prosesi tam dəqiqliklə proqnozlaşdıra bilmir. Dalio qeyd edib ki, ya bazar payı qazanmaq üçün çox böyük vəsait xərcləmək və bunun həddindən artıq olub-olmamasından narahat olmamaq lazımdır, ya da kifayət qədər sərmayə qoyulmadıqda bazar payını itirmək riski yaranır.
Mikroçip istehsalçıları süni intellekt məlumat mərkəzlərində istifadə olunan yüksək ötürmə qabiliyyətinə malik çiplərə artan tələbat sayəsində “Uoll Strit”in ən çox diqqət çəkən səhmlərinə çevrilib və fond bazarlarının rekord səviyyələrə yüksəlməsinə təkan veriblər. Bu yüksəliş investorlar arasında bazarın həddindən artıq şişib-şişmədiyi ilə bağlı müzakirələri gücləndirib.
Bu narahatlıqları azaltmağa çalışan “Nvidia” şirkətinin baş icraçı direktoru Censen Huanq isə bu həftə süni intellekt sahəsinə sərmayə yatırmağa hazır olan investorlar üçün “möhtəşəm” gəlirlər vəd edib.
Bizi sosial şəbəkələrdən izləyin!!
