Müəllif: Tamara Mustafayeva, Banco.az
ABŞ-da işsizlik müavinətləri üzrə müraciətlərin sayı fevral ayından bəri ən böyük artımı göstərib.
Banco.az xəbər verir ki, ABŞ Əmək Nazirliyi tərəfindən açıqlanan məlumatlara görə, mayın 30-da başa çatan həftədə ilk dəfə işsizlik müavinəti üçün müraciət edənlərin sayı 13 min nəfər artaraq 225 minə yüksəlib. Əvvəlki həftə üzrə göstərici isə yenidən nəzərdən keçirilərək 212 min olaraq müəyyənləşdirilib.
İşsizlik müavinəti alan şəxslərin sayını əks etdirən davamlı işsizlik müraciətləri ötən həftə 8 min nəfər azalaraq 1,78 milyona düşüb.
Hesabat ABŞ-da Anım Günü bayramını da əhatə edən və bəzi məktəblərdə yay tətilinin başlanğıcına təsadüf edən dövrü əks etdirir.
“Bloomberg” tərəfindən iqtisadçılar arasında keçirilən sorğunun nəticələrinə əsasən, orta proqnoz ilk işsizlik müraciətlərinin 215 min nəfər səviyyəsində olacağı istiqamətində idi.
Bizi sosial şəbəkələrdən izləyin!!
