Nəhəng şirkətin səhmləri bir gündə 300 milyard dollar ucuzlaşıb | Banco.az

Nəhəng şirkətin səhmləri bir gündə 300 milyard dollar ucuzlaşıb

Müəllif:Mehin Qasımova,Banco.az

ABŞ-ın çip istehsalçısı "Broadcom" şirkətinin səhmləri, şirkətin açıqladığı süni intellekt gəlir proqnozlarından sonra iş saatlarından sonrakı ticarətdə 15%-dən çox düşüb.

Banco.az xəbər verir ki, süni intellekt investisiyalarına güclü tələbat sayəsində son aylarda sürətlə yüksələn "Broadcom" səhmləri həftənin əvvəlində 481,57 dollarla rekord həddə çatıb.

Bu artımla şirkətin bazar dəyəri də 2,3 trilyon dolları keçib.

Lakin proqnozların açıqlanmasından sonra səhmlər kəskin şəkildə satılıb.Bir gündə şirkətin bazar dəyərindən 300 milyard dollardan çox pul silinib.

Bildirilir ki, itkilər davam edərsə, ümumi dəyər itkisi təxminən 349 milyard dollara çata bilər.

Şirkət cari rüb üçün 29,4 milyard dollar gəlir proqnozu açıqlayıb ki, bu da bazarın 28,2 milyard dollarlıq gözləntisini üstələyib. Baxmayaraq ki, investorlar daha yüksək mənfəət gözləyirdilər.

Financial Times qəzetinin təhlilinə görə, bu, ABŞ şirkətləri arasında qeydə alınan üçüncü ən böyük gündəlik dəyər itkisi ola bilər.