Təxminən 7 kommersiya bankının Mərkəzi Bankın qoyduğu öhdəliyi yerinə yetirməsində problem olacaq | Banco.az

Təxminən 7 kommersiya bankının Mərkəzi Bankın qoyduğu öhdəliyi yerinə yetirməsində problem olacaq

Müsahibimiz İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri, iqtisadçı-ekspert Vüqar Bayramovdur.

Müsahibənin 1-ci hissəsi

 

Nizamnamə kapitalının artırılması ilə bağlı həyata keçirilən islahatlar banklara inamı artıracaq

Azərbaycanda bank sektorunun vəziyyətini qiymətləndirsək bununla bağlı bütün göstəricilər bu sektorun son illər inkişaf etdiyindən xəbər verir. Praktik olaraq Azərbaycanda bank sektoru son 3 ildə yeni mərhələyə qədəm qoyub. Nəzərə alsaq ki 2014 – cu ilin yanvarın 1-dən etibarən bankların nizamnamə kapitalları 5 dəfə artırılaraq 50 milyon manata çatdırılacaq, o baxımdan güman olunur ki artıq 2014-cü ildən başlayaraq bank sektorunda artıq yeni bir mərhələ yaranacaq və təbii ki bu bankların effektivliyinin artırılması formasında özünü göstərəcək. Eyni zamanda nizamnamə kapitalının artırılması bankların rəqabət aparma qabiliyyətini də artıracaq və nəzərə alsaq ki artıq bank sektorunda daha güclü banklar qalacaq və daha güclü banklar fonunda daha ciddi rəqabətin formalaşmasına imkan verəcək. Eyni zamanda nizamnamə kapitalının artırılması ilə bağlı həyata keçirilən islahat banklara inamın artırılmasına nail olmağı mümkün edəcək.

Banklar tərəfindən cəlb edilən əmanətlərin məbləği 6 milyard manatdan çoxdur və əmanətlərin bankların kredit qoyuluşundakı payı təxminən 45%-ə yaxındır

Hal hazırda bankların aktivləri 18,6 milyard manatdır və praktiki olaraq son illər bankların aktivlərindəki artım tempi ikirəqəmlidir, eyni zamanda aktivlərlə müqayisədə banklar tərəfindən 13,8  milyard manatlıq kredit qoyuluşu həyata keçirilib. Eyni zamanda banklar tərəfindən cəlb edilən əmanətlərin məbləği 6 milyard manatdan çoxdur və əmanətlərin bankların kredit qoyuluşundakı payı təxminən 45%-ə yaxındır. Faktiki olaraq banklar həyata keçirdikləri kredit ortamından əhəmiyyətli hissəsini və ya yarıdan çoxunu cəlb edilən əmanətlərdən kənar mənbələr  hesabına toplayır ki, o mənbələrin bir qismi bankların Mərkəzi Bankdan cəlb etdiyi mərkəzləşdirilmiş kredit resurslarıdır,yaxud kommersiya banklarının  xarici mənbələrdən cəlb etdiyi resurslardır. Eyni zamanda bankların verdikləri kreditlər, yerləşdirdikləri kredit resursları üzrə faizlər, eləcə də kreditlərin geri qaytarılması bankların kredit portfelinin formalaşmasına imkan verir. O baxımdan 2013-cü ildə bank sektoru bütövlükdə nizamnamə kapitalının artırılması, bank sektorunda rəqabətliliyin müdafiə olunması baxımından artıq yeni bir mərhələdədir. Və təbii ki növbəti ildən etibarən nizamnamə kaptalının artırılması banklar üçün yeni bir eranın yaranmasına səbəb olacaq.

Əmanət qoyuluşlarındakı artım onu göstərir ki, vətəndaşların banka olan inamında artım var

Əmanət qoyuluşlarındakı artım onu göstərir ki, vətəndaşların banka olan inamında artım var. Amma eyni zamanda əmanət qoyuluşunu əhalinin gəlirləri ilə müqayisə etsək görərik ki bütövlükdə əhalinin əldə etdiyi gəlirlərin təxminən ¼ - i əmanət formasında banklarda yığılır.əhalinin gəlirlərinin cəmi 5 %-ninin banklarda saxlanılması banklara inamın artmasına baxmayaraq hələ də vətəndaşların bir qisminin vəsaitlərinin banklarda deyil, evdə və ya bankdan kənar saxlanılması halları mövcuddur. Amma bütün bunlara baxmayaraq banklara inamın artması müşahidə edilir. Sözsüz Azərbaycanda kommersiya bank sektoru yeni formalaşmış sahədir. Xüsusən 90-cı illərin əvvəllərində müşahidə edilən müflisləşmədən sonra müəyyən zaman tələb edildi ki, banklar əhalinin inamını geri qaytara bilsinlər.

Əmanətlərin sığortalanması fondu banklara olan inamın artırılmasında kifayət qədər həlledici rol oynayır

Əmanətlərin sığortalanması fondu fəaliyyət göstərir və fondun fəaliyyət göstərməsi əhalinin banklara olan inamının artırılmasında kifayət qədər həlledici məqamdır. Artıq banklarda yerləşdirilən və ümumi məbləği 30min manatdan yuxarı olmayan, illik faizi 10% dən artıq olmayan bütün əmanətlər sığortalanır. Bu o deməkdir ki vətəndaşın bankda yerləşdirdiyi əmanətin məbləği 30 min manatdan, illik faizi 10% -dən artıq deyilsə bu artıq bankın müflis olduğu halda belə vətəndaşın əmanəti qaytarılacaq. Çünki həmin bankdakı əmanətlər sözügedən meyarlar daxilində əmanətlərin sığortalanması fondu tərəfindən sığortalanıb. Bu baxımdan fond vətəndaşların banklara olan inamının artırılması üçün kifayət qədər həlledici və böyük təsirə malik oldu. Amma sözsüz banklara olan inamın artırılması zaman tələb edən prosesdir. Hətta inkişaf etmiş ölkələrdə belə bank sektorunda müşahidə edilən böhrandan sonra banklara olan inamın azalması müşahidə olundu. Məsələn, ABŞ-da 2008-ci il qlobal maliyyə böhranından sonra vətəndaşların banklara olan inamının kəskin şəkildə azalması müşahidə edildi.vətəndaşlar 2009-2010-cu illərdə ABŞ banklarından öz əmanətlərinin bir qismini geri çəkdilər. Amma sonradan, 2012- ci ildən başlayaraq artıq vətəndaşların banklara inamının artması müşahidə edildi.

Nizamnamə kapitalının artırılması banklara öhdəliklərinə ciddi şəkildə əməl etməyə imkan verəcək

Azərbaycanda da İnkişaf etməkdə olan ölkə kimi banklara inamın artırılması zaman tələb edir, xüsusən də nəzərə alsaq ki nizamnamə kapitalının artırılması ilə bağlı qərar vətəndaşların banklara olan inamını birmənalı şəkildə artıracaq. Çünki, bu artıq bank sektorunda nizamnamə kaptalı 50milyon manatdan artıq olan bankların qalması deməkdir. Nizamnamə kapitalının böyük olması banklara imkan verəcək ki, öz öhdəliklərinə ciddi şəkildə əməl edə bilsinlər və həmin banklarda müflisləşmə riskinin kifayət qədər aşağı olmasına gətirib çıxaracaq ki bu da vətəndaşın banka inamını yetəri qədər artıracaq.

Təxminən 7 bankda Mərkəzi Bankın qoyduğu öhdəliyi yerinə yetirməsində problem olacaq.

Bankların nizamnamə kaptallarının artırılması ilə bağlı qərar ötən il verilib. Ötən il bu qərarın verilməsinə baxmayaraq Mərkəzi Bank kommersiya banklarına təxminən il yarım zaman verib ki , kommersiya bankları öz nizamnamə kapitallarını mərkəzi bankın yeni qaydalarına uyğunlaşdırsın. Artıq kommersiya banklarının əhəmiyyətli hissəsi öz nizamnamə kapitalının 50milyon manatadək artırılması ilə bağlı öhdəliyini yerinə yetirib. Bugün 43 bankdan təxminən 35-i öhdəliyə əməl edib.Mərkəzi bank da praktiki olaraq nizamnamə kapitalını artıra bilməyən banklara ya birləşməyi , ya da bank olmayan kredit təşkilatı kimi fəaliyyət göstərməyi təklif edir. Mərkəzi bank çalışır ki nizamnamə kapitalının artırılması ilə bağlı qərardan sonra bank  sektorunda kommersiya banklarının müflisləşməsi prosesi həyata keçirilməsin. Bizim apardığımız tədqiqatlar göstərir ki, təxminən 7 bankda mərkəzi bankın qoyduğu öhdəliyi yerinə yetirməsində problem olacaq.Arzuolunan ssenari ondan ibarətdir ki, həmin 7 bank digər kommersiya bankı ilə birləşsin, bu zaman artıq kommersiya banklarının sayı azalsa da belə hansısa bank müflis olmayacaq. Və əgər banklar birləşmə ssenarisinə üstünlük verməsə o zaman mərkəzi bank həmin kommersiya banklarının fəaliyyətinin dayandırılması ilə bağlı qərar qəbul edəcək və həmin bank artıq bank kimi deyil, bank olmayan kredit təşkilatı kimi fəaliyyət göstərəcək ki, bu da nəticə etibarilə kommersiya banklarının müflisləşməsinə gətirib çıxarmayacaq.

Bank seçimində diqqətli olun!

Əmanətçi bilməlidir ki əmanət yerləşdirdiyi kommersiya bankı Əmanətlərin Sığortalanması Fondunun üzvüdür, ya yox

Ümumiyyətlə vətəndaş bankı seçərkən çox diqqətli olmalıdır. Əmanətlərin yerləşdirilməsi zamanı,banklarla əməkdaşlıq edən zaman bankın ümumi aktivlərinin öyrənilməsinə ehtiyac var. İstənilən bank haqqında vətəndaş, yaxud müştəri həmin kommersiya bankının internet səhifəsinə daxil olmaqla kifayət qədər geniş məlumat əldə edə bilər. Amma buna baxmayaraq vətəndaşlar, eləcə də əmanətçilər əmanəti yerləşdirən zaman çox diqqətli olmalıdır. Diqqət edilən birinci məqam o olmalıdır ki, əmanətçi bilməlidir ki əmanət yerləşdirdiyi kommersiya bankı Əmanətlərin Sığortalanması Fondunun üzvüdür, ya yox.Əgər bank fondun üzvü deyilsə bu o deməkdir ki, həmin əmanətçinin əmanəti heç bir halda sığortalanmır. Vətəndaş çalışmalıdır ki, əmanətlərin sığortalanması fondunun üzvü olmayan kommersiya banklarında əmanətlərini yerləşdirməsin. Çünki bu halda onların əmanətləri sığortalanmır,təbii ki həmin əmanətlərin riski daha yüksək olur.

Əmanətlərin sığortalanması əmanətlər üzrə deyil, əmanətçilər üzrə aparılır

Əgər kommersiya bankı Əmanətlərin Sığortalanması Fondunun üzvüdürsə, o zaman vətəndaş əmanətini fondun təyin etdiyi qaydalara uyğun olaraq yerləşdirməlidir. Mövcud qaydalar bundan ibarətdir ki avqustun 1-dən etibarən əmanətlərin sığortalanması üzrə fazi dərəcəsi 10%-dir, yəni bu o deməkdir ki, avqustun 1-dən sonra yerləşdirilən bütün əmanətlər -əgər sığortalanırsa 10% və ya daha aşağı faizlə yerləşdirilməlidir.  Əgər əmanət kommersiya bankında  avqustun 1-dən öncə yerləşdirilibsə, o zaman həmin əmanətin faiz dərəcəsinin 12%-dən az olması vacibdir. Yəni, yanlız avqustun 1-dən öncə faiz dərəcəsi 12%-dək olan əmanətlər sığortalanır. Üçüncü məqam əmanətlərin məbləği ilə bağlıdır.Əmanətçi bir kommersiya bankında əmanətinin sığortalanmasını istəyirsə 30 min manatdan artıq əmanət yerləşdirməməlidir. Çox maraqlı məqam budur ki, əmanətlərin sığortalanması əmanətlər üzrə deyil, əmanətçilər üzrə aparılır.

Əgər əmanətin məbləği böyükdürsə o zaman əmanətçi həmin vəsaiti bir neçə bankda yerləşdirə bilər

Bankda bir vətəndaşın bir neçə əmanəti varsa, bu o demək deyil ki bütün əmanətlər sığortalanır. Əmanətlərin Sığortalanması Fondunun qaydalarına əsasən sığortalanma əmanətlər əsasında deyil, əmanətçi üzrə aparılır. Bu o deməkdir ki, həmin kommersiya bankı müflis olarsa o zaman həmin əmanətçinin bankda olan əmanətləri toplanıb, onun yalnız  30min manatadək olan hissəsi Əmanətlərin Sığortalanması Fondu tərəfindən ödəniləcək. Digər hissənin ödənilməsi isə bankın imkanlarına görə müəyyənləşəcək. Məsləhət görərdik ki, əgər əmanətin məbləği böyükdürsə o zaman əmanətçi həmin vəsaiti bir neçə bankda yerləşdirsin. Həmin bankların hətta hamısı müflis olarsa belə əmanətçinin əmanətinə heç bir ziyan dəymir və fond tərəfindən hamısı qaytarılar. Əmanətçi tərəfindən əmanət yerəşdirilərkən bu qaydaların hamısı nəzərə alınmalıdır.

Əmanətçi bankın nizamnamə kapitalının və problemli kredit həcminə diqqət yetirməlidir

Bankı seçən zaman əmanətçi diqqət yetirməlidir ki həmin kommersiya bankı mərkəzi bankın müəyyənləşdirdiyi mövcud nizamnamə kaptalından çox kapitala malikdir, ya yox. Hazırda Azərbaycanda elə banklar var ki nizamnamə kapitalları 500 min manatdır, lakin onlar fəaliyyət göstərir. Çünki mərkəzi bank onlara zaman verib ki nizamnamə kapitalını artırsın. Əmanətçi bank seçərkən ən çox bu hala diqqət yetirməlidir. Vətəndaşın seçdiyi bankın nizamnamə kapitalı Mərkəzi Bankın tələb etdiyi məbləğdən çox olmalıdır, kapitalı tələb olunan standartdan az olan kommersiya bankı ilə əməkdaşlıq vətəndaş üçün arzuolunan deyil. Ən çox diqqət yetirilməli məqamlardan biri də kommersiya bankının problemli kreditlərinin həcmidir. Bu gün elə banklar var ki onların nizamnamə kapitalları yüksəkdir, amma problemli kreditlərinin aktivlərindəki faizi çoxdur. Beynəlxalq standartlara görə problemli kreditlərin bankın aktivlərindəki yeri 3%-dən çoxdursa o zaman bu bank üçün riskli hesab olunur. Banka vəsait yerləşdirən vətəndaş problemli kreditin həcminin çox olduğu banklarla əməkdaşlıqdan çəkinməlidir.
 

 

Müsahibəni götürdü: Nərminə Məmmədova

www.Banco.az

 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.