Müəllif:Mehin Qasımova,Banco.az
Bu gün futbolsevərlərin böyük həyəcanla gözlədiyi Dünya Çempionatı start götürür.
Banco.az xəbər verir ki, turnirin ən diqqətçəkən məqamlarından biri isə dünya futbolunun iki əfsanəsi Kriştiano Ronaldo və Lionel Messinin bəlkə də sonuncu dəfə Dünya Kuboku səhnəsinə çıxmasıdır.
İllərdir futbol dünyasına damğa vuran hər iki ulduz karyeralarının son dönəmini yaşayır. Milyonlarla azarkeş bu turnirdə onların növbəti möcüzələrinə şahidlik etməyə hazırlaşır.
Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo karyerası ərzində demək olar ki, əldə edilməyən uğur qoymayıb. Yüzlərlə qol, saysız-hesabsız rekord, beş "Qızıl top", dörd "Qızıl buts" və onlarla kubok qazanan ulduzun kolleksiyasında çatışmayan yeganə böyük titul Dünya Kubokudur. Rəsmi oyunlarda vurduğu yüzlərlə qolla futbol tarixinin ən məhsuldar oyunçularından biri olan Ronaldo üçün bu turnir arzusunu reallaşdırmaq baxımından son şans hesab edilir.
Argentina millisinin lideri Lionel Messi isə artıq Dünya Kubokunu qazanmağın sevincini yaşayıb. 2022-ci ildə futbol tarixinin ən böyük arzusuna çatan Messi indi uğurunu təkrarlamaq və karyerasını daha bir dünya çempionluğu ilə tarix yazmaq niyyətindədir. Səkkiz "Qızıl top" mükafatı qazanan argentinalı ulduz ikinci Dünya Kubokunu əldə etməklə futbol tarixindəki yerini daha da möhkəmləndirə bilər.
Dünya Çempionatı təkcə komandaların deyil, həm də bir dövrün simvollarına çevrilmiş iki əfsanənin son böyük səhnəsi kimi yadda qala bilər. Futbolsevərlər isə Ronaldo və Messinin növbəti dəfə tarix yazıb-yazmayacağını böyük maraqla izləyəcəklər.
