PMI: Azərbaycan dəyişikliyə və transformasiyaya açıq olduğunu sübut edib | Banco.az

PMI: Azərbaycan dəyişikliyə və transformasiyaya açıq olduğunu sübut edib

Müəllif:Gülnar Əhmədli,Banco.az

Azərbaycan rifahın və tərəqqinin bilikdən və elmi inkişafdan qaynaqlandığı müasir iqtisadiyyat qurur.

Banco.az xəbər verir ki, bunu "Philip Morris International" şirkətinin MDB üzrə Xarici Əlaqələr direktoru Aleksey Kim "Dayanıqlılıq və enerji transformasiyası" mövzusunda Bakıda keçirilən "Technovation" Forumunda bildirib.

Onun sözlərinə görə, ölkə elə dərin iqtisadi və institusional transformasiyadan keçib ki, buna həm Şərqdə, həm də Qərbdə bir çox ölkələr nümunə kimi baxır: "Azərbaycan dəyişikliklərə və yeniliklərə açıq olduğunu təkcə sözlə deyil, konkret addımlarla nümayiş etdirib.

Uzun illər ərzində təbii resurslar iqtisadi inkişafın əsas hərəkətverici qüvvəsi olub. Lakin hər bir iqtisadiyyatın dayanıqlı inkişafı üçün daha mürəkkəb, daha bacarıq tələb edən və daha yüksək əlavə dəyər yaradan sahələrə keçid vacibdir".

A. Kim qeyd edib ki, Azərbaycan məhz bu yolu seçib: "Burada inkişaf etdirilən qabaqcıl texnologiyalar səhiyyədən infrastruktura qədər bir çox sahədə fayda yarada, iqtisadiyyatın şaxələndirilməsinə və innovasiyaların genişlənməsinə xidmət edə bilər.

Bu gün ölkənin hər bir şəhərində və burada fəaliyyət göstərən hər bir şirkətdə bu vizyonu görmək mümkündür. Məqsəd resurslarla zəngin ölkədən bilik əsaslı, innovativ və şaxələndirilmiş iqtisadiyyata çevrilməkdir".