OpenAI və Visa-dan yeni əməkdaşlıq: Süni intellekt sizin yerinizə alış-veriş edəcək | Banco.az

OpenAI və Visa-dan yeni əməkdaşlıq: Süni intellekt sizin yerinizə alış-veriş edəcək

Müəllif:Mehin Qasımova,Banco.az

Süni intellekt sahəsinin aparıcı şirkətlərindən olan "OpenAI" və "Visa" istifadəçilərin adından onlayn alış-veriş edə biləcək yeni sistem üzərində əməkdaşlıqlarını genişləndirib.

Banco.az xəbər verir ki, şirkətlərin açıqlamasına əsasən, Visa-nın ödəniş infrastrukturu "OpenAI" platformasına inteqrasiya ediləcək. Bu yenilik istifadəçi təsdiqindən sonra süni intellekt agentlərinə onlayn alış-veriş, hesabların ödənilməsi və gündəlik tələbat mallarının alınması kimi əməliyyatları həyata keçirməyə imkan verəcək.

Yeni sistem vasitəsilə istifadəçilər süni intellekt köməkçisinə müxtəlif maliyyə əməliyyatlarını yerinə yetirmək tapşırığı verə biləcəklər. Pərakəndə satış şirkətləri isə süni intellekt tərəfindən həyata keçirilən əməliyyatları qəbul edə biləcəklər.

Visa-nın Məhsul və Strategiya üzrə rəhbəri Cek Forestell bildirib ki, süni intellekt ticarət sahəsində internet və mobil texnologiyaların yaratdığı dəyişikliklərdən daha böyük transformasiyaya səbəb ola bilər.

"Süni intellekt agentləri iqtisadiyyatın aktiv iştirakçılarına çevrildikcə, Visa əməliyyatların təhlükəsiz, etibarlı və problemsiz həyata keçirilməsini təmin etməyə çalışır", - deyə Forestell vurğulayıb.

"Visa" həmçinin ötən il "Anthropic" və "Microsoft" ilə də süni intellekt əsaslı ödəniş və kommersiya həlləri üzərində işlədiyini açıqlamışdı. Şirkətin bu istiqamətdə yeni məhsul və təşəbbüsləri bu həftə ictimaiyyətə təqdim olunacaq.

Qeyd edək ki, Visa-nın əsas rəqibləri olan "Mastercard" və "PayPal" da ödəniş sistemlərini süni intellekt texnologiyaları ilə inteqrasiya etmək üçün oxşar layihələr həyata keçirirlər. Ekspertlər hesab edirlər ki, süni intellektin kommersiya əməliyyatlarında istifadəsi yaxın illərdə rəqəmsal iqtisadiyyatın inkişafında əsas istiqamətlərdən birinə çevriləcək.