Müəllif:Gülbəniz Hüseynli/Banco.az
“Geosiyasi risklərin artdığı bir dövrdə dollar "güvənli liman" statusu daşıyan əsas valyutalardan birincisi hesab edilir. Dolların (FED) uçot faiz dərəcəsinin bu il ərzində də yüksək qalacağı, kəskin düşüşün olmayacağı proqnozlaşdırılsa da, diqqət yetiriləsi məqamlar var”.
Bu fikirləri Banco.az-a iqtisadçı ekspert Elman Sadıqov deyib. O bildirib ki, zəif valyuta nəticəsində dünyada qiymətlər artmasa da həmin ölkələrdə idxal inflyasiyasının güclənməsi, xarici borclara xidmət nəticəsində büdcə kəsirlərinin artması və ya daxili büdcə xərcləmələrində məcburi qənaətlər və sair bir çox amillər ciddi risklər formalaşdırır:
“Bu mənzərənin bu siyahıda olmayan və daha sabit yerli valyutalara sahib olan ölkələr üçün də ciddi riskləri vardır.
2024-cü ilin əvvəlindən indiyə qədər (19.04.2024, yəni cəmi 3 ay 19 gün ərzində) 23 inkişaf etməkdə olan ölkənin valyutalarının ABŞ dolları qarşısındakı kurs dəyişiklikləri əks olunub.
Bu ölkələr arasında Perunun pul vahidi olan Sol dollar qarşısında 0.1% dəyər qazanmış yeganə valyuta olmuşdur. Qalan 22 valyuta dollar qarşısında dəyər itirmişdir. Dəyişikliklər faizlə ifadə olunmuşdur.
Siyahıdakı ölkələrin ucuzlaşmaqda olan valyutaları mənsub olduqları ölkələrin ixracını gücləndirir. Bu isə valyutaları nisbətən stabil olan ölkələlərə ixrac təzyiqinin artması nəticəsində həmin ölkələrin istehsalını zəiflədərək idxal dominantlığı formalaşdıra bilir. Bu isə dollar qarşısında sabit və ya dəyər qazanan kurslara malik ölkələrdə yerli istehsalın zəifləməsi, məşğulluğun, büdcə daxilolmalarının, dövriyyənin azalması, növbəti mərhələlərdə isə idxaldan asılılığın güclənməsi fonunda tədiyə və ticarət balanslarında kəsirlərin yaranması və ya mövcud kəsirlərin artması deməkdir”.
İqtisadçı hesab edir ki, "valyuta müharibələri" 2-ci mərhələyə keçmək üzrədir:
“ Belə bir fikir ola bilər ki, bəlkə bu valyutalar əvvəlki illərdə bahalaşmış, bu il isə ucuzlaşmışdır. 3 valyutada olan vəziyyətlə bağlı göstəricilər qeyd etdiyim fikri inkar edəcək. Tayvan valyutası son 8 ilin ən aşağı həddinə düşmüşdür, hind rupisi rekord səviyyədə ucuzlaşmış, Malayziya rinqiti isə 1998-ci ilin asiya maliyyə böhranındakı həddinə yaxınlaşmışdır.
Bu cədvəlin geniş və dərin təhlilini bir-iki yazı ilə əks etdirmək fiziki olaraq mümkün olmaz. Lakin, apardığım təhlillərin yekun nəticəsi olaraq qeyd edim ki, əgər valyuta müharibələrinin 1-ci mərhələsində biz rəqabətin daha çox əsas sərbəst dönərli valyutalar (USD, EUR, GBP, JPY, CFR) arasında və yaxud sərbəst dönərli valyutalar və inkişaf etməkdə olan ölkələrin valyutaları arasında olduğunu görürdüksə (əlbəttə əsas valyutalar arasında da rəqabətlər davam edəcək. Xüsusilə, EUR/USD, USD/JPY cütlüyündəki mövcud vəziyyət və tendensiyalar müvafiq olaraq Avropa Birliyi və Yaponiyanı ciddi narahat etməkdədir), növbəti 2-ci mərhələdə bu kəskin rəqabəti və valyuta müharibələrini həm də inkişaf etməkdə olan ölkələrin valyutaları arasında görəcəyik. Bu isə daha təhlükəlidir”.