Alimlər xəbərdarlıq edir: Temperaturun artması 4 il ərzində 1,5 dərəcədən çox ola bilər | Banco.az

Alimlər xəbərdarlıq edir: Temperaturun artması 4 il ərzində 1,5 dərəcədən çox ola bilər

Müəllif: Tamara Mustafayeva, Banco.az

Alimlər xəbərdarlıq edirlər: Temperaturun artması 4 il ərzində 1,5 dərəcədən çox ola bilər.

Banco.az xəbər verir ki, dünyanın 17 ölkəsində fəaliyyət göstərən 56 qurumdan 70-dən çox alim tərəfindən hazırlanan və Avropa Komissiyasının sifarişi ilə “Copernicus İqlim Dəyişiklikləri Xidməti” (C3S) tərəfindən həyata keçirilən “Qlobal İqlim Dəyişikliyi Göstəriciləri” hesabatının əsas nəticələri “Earth System Science Data” jurnalında dərc olunub.

Hesabata görə, Yer kürəsinin bütün iqlim sistemi sürətlə istiləşməkdə davam edir.

İnsan fəaliyyəti nəticəsində yaranan iqlim dəyişikliyi səbəbindən qlobal temperatur artımı 2025-ci ildə sənayeqabağı dövr hesab edilən 1850–1900-cü illərin orta göstəricisindən 1,37 dərəcə yüksək olub. Ötən il qeydə alınan istiləşmə sürəti müşahidələr tarixində ən yüksək səviyyəyə çatıb.

2016–2025-ci illəri əhatə edən dövrdə isə qlobal temperatur artımı orta hesabla 1,26 dərəcə təşkil edib.

İstiləşmənin sürətlənməsində istixana qazı emissiyalarının kəskin artımı əsas rol oynayır. Əsasən fosil yanacaqların yandırılması nəticəsində yaranan istixana qazı emissiyaları 2024-cü ildə 56,8 milyard ton karbon qazı ekvivalenti səviyyəsinə çataraq tarixi maksimum göstəricini yeniləyib.

Hesabatın nəticələri həmçinin 2025-ci ilin müşahidələr tarixində ən isti üçüncü il olduğunu təsdiqləyib.

Alimlər hesab edirlər ki, istiləşmənin getdikcə sürətlənməsi nəticəsində qlobal temperatur artımı təxminən dörd il ərzində 1,5 dərəcə həddini aşa bilər.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram