Müəllif:Gülbəniz Hüseynli/Banco.az
2016-cı il fevralın 1-dən etibarən 7 il müddətində yerli bank və xarici bankın Azərbaycandakı filialı tərəfindən fiziki şəxslərin əmanətləri üzrə ödənilən illik faiz dərəcəsi gəlir vergisindən azad olunmuşdu.
Banklar 2023-cü ilin fevralın 1-i tarixindən başlayaraq əmanətlər üzrə faiz gəlirlərindən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutmağa başladılar.
Daha sonra əhalinin vergi yükünün azaldılması və əmanətlərin uzunmüddətli yerləşdirilməsinin təşviqi məqsədilə Vergi Məcəlləsində bank əmanətləri üzrə faiz gəlirlərinin vergiyə cəlbində məbləğdən asılı olaraq dəyişikliklər edildi.
Qəbul edilmiş qərara görə, yerli bank və xarici bankın Azərbaycandakı filialı tərəfindən fiziki şəxslərin hər bir bankda (xarici bankın Azərbaycandakı filialında) milli valyutada olan depoziti 18 ay və daha artıq müddətə yerləşdirildikdə və depozitin məbləği 18 aydan tez olmayaraq ödənildikdə hesablanan faiz gəlirlərinin tam hissəsi 3 il müddətinə vergidən azad edilir.
Bundan başqa, qanunvericiliyə hər bir bankda milli valyutada olan əmanətlər üzrə hesablanan aylıq faiz gəlirlərinin 200 manatadək hissəsinin fiziki şəxslərin gəlir vergisindən azad edilməsi ilə bağlı dəyişiklik olunub. Digər hallarda faiz gəlirlərindən banklar tərəfindən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulması nəzərdə tutulur. Bu, həm milli, həm də xarici valyutada olan faiz gəlirlərinə aid ediləcək.
Məsələ ilə bağlı iqtisadçı Fuad İbrahimov Banco.az-a bildirdi ki, bu yumuşalma siyasətindən sonra əgər vətəndaşın gəliri 200 manatdan çox deyilsə, bu zaman vergiyə cəlb olunmur, amma 200 manatdan yuxarı gəliri varsa onun 10 faizi vergiyə cəlb olunacaq.
İqtisadçı hesab edir ki, bugünkü vəziyyətdə banklarda əmanətlərə vergi tətbiq etmək əlverişsizdir:
“Birincisi, onun elə bir xüsusi çəkisi yoxdur. İkincisi, bu, vətəndaşların banklardan depozitlərinin geri çəkilməsi ilə stimullaşacaq. Hazırda kifayət qədər inflyasiya var. Vətəndaş bankda olan pulundan gələn gəliri ilə qismən inflyasiyanın təsirlərini azaltmağa çalışırdı. İndi həmin gələn gəlirin müəyyən faizinin vergiyə cəlb olunması, vətəndaşı alternativ mənbələr axtarmağa sövq edir.
Burada alternativ mənbə dedikdə gizli iqtisadiyyatın stimullaşması, şaxələnməsi üçün də zəmin yaranır. İqtisadiyyatı inkişaf etdirmək üçün verilən “qurbanlar”dan biri də vergidə güzəştlər etməkdir.
Bizim uğurlu “ƏDV geri al” layihəmiz var. Bu proqramın tətbiqində məqsəd vətəndaşı aldığı məhsulun qəbzini tələb etməkdə maraqlı etməklə qeyri- rəsmi hər hansı bir sövdələşməyə getməsinin qarşısını almaq idi. Həm vətəndaş ödədiyi vəsaitin müəyyən hissəsini geri qaytarır, həm də nəticədə makroiqtisadiyyatımıza olduqca müsbət təsir edir. Ümumiyyətlə, müəyyən vergi itkisinə yol verməklə, eyni zamanda dövriyyənin sağlamlaşmasına əsaslı şəkildə dəstək vermiş oluruq.”
Hazırda tətbiq edilən bu qərarı səhv adlandıran iqtisadçı deyir ki, vergi naminə vergi tətbiq etmək olmaz.
“Bu qərar Azərbaycan iqtisadiyyatı üçün günün tələbinə uyğun deyil. Mütləq şəkildə milli valyutaya tətbiq edilən bu vergi növü aradan qaldırılmalıdır. Biz vətəndaşların əmanətlərini məhz banklar vasitəsilə iqtisadi dövriyyəyə cəlb edilməsi proqramına təşviq etməliyik. Amma bu istiqamətdə atılan addımlar isə əksinədir.
Birincisi, bizim iqtisadiyyatımızın, maliyyə dayanıqlığımızın, dövlətimizin bu növ vergiyə ehtiyac yoxdur. Kifayət qədər vergi növləri sahəsində boşluqlar var və hələ də buna nəzər yetirən yoxdur. Amma əhalinin banklara qoyduğu depozitlərə tətbiq edilən vergi mexanizminin effektindən çox ziyanı var”.
Bəs depozitləri vergidən necə azad etmək olar?
Iqtisadçı, millət vəkili Vüqar Bayramov bildirdi ki, vergi güzəştindən tam istifadə etmək üçün daha məqsədəuyğun olardı ki, vəsaitin bir deyil iki bankda yerləşdirilsin.
“Belə olan halda 50 min manat pul hər biri 25 min manat olmaqla 8 faizlə 2 bankda yerləşdirilərsə vətəndaş gəlirindən heç bir vergi ödəməyəcək. Vəsait daha böyük olarsa, məsələn, 100 min manat, o halda bir neçə bankda yerləşdirilə bilər. Bu bir tərəfdən imkan verəcək ki, vətəndaş vergi güzəştindən tam istifadə etsin və hər hansı vergi ödəməsin, digər tərəfdən isə bank sektorunda təmərküzləşmə səviyyəsini azaldacaq. Bu isə o deməkdir ki, vəsaitiniz hətta böyük olduğu halda belə depozit gəlirlərinizin vergidən tam azad olunması mümkündür”.
Mərkəzi Bankın İdarə Heyətinin sədri Taleh Kazımov parlamentin plenar iclasında 2024-cü il üzrə dövlət büdcə zərfinin müzakirəsi zamanı demişdi ki, fiziki şəxslərin xarici valyutada olan əmanətləri 4 faiz bəndi azalaraq 35.1 faizə enib. Hüquqi şəxslərdə isə azalma 10.8 faiz bəndi təşkil edib.
Banklara xarici valyutada yerləşdirilən əmanətlərin azalması mövzusu barədə danışan iqtisadçı Xalid Kərimli bildirdi ki, bu höküməti və Mərkəzi Bankı narahat edən məsələ deyil:
“Mərkəzi Bankın marağında odur ki, vətəndaşlar manatda depozit yerləşdirsinlər. Ona görə də manata güzəştlər tətbiq edilir. Həm də dolların gəlirliliyi azdır. Misal üçün, 2016-cı ildən sonra uzun müddətdir ki, manat dollar qarşısında 1.70 həddində stabilliyini qoruyur. Hazırda manatın gəlirliliyi daha yüksəkdir. Elə dövlətin əsas məqsədi ondan ibarətdir ki, vətəndaşlar manatdakı yatırımlara maraqlı olsunlar. Əgər əlinizdə vəsait varsa sizə manatla 9-10 faiz investisiya etmək barədə düşünəcəksiniz. Qeyd edim ki, qarşıdakı bir il ərzində manatın dollara görə məzənnəsinin dəyişilməsi ehtimalı azdır. Bu halda daha çox yüksək gəlirlilik verən manatla mənfəət əldə etmək daha düzgün qərar olardı”.
Bizi sosial şəbəkələrdən izləyin!!