Ölkəmizdə turizm sektorunda hazırki vəziyyət necədir? | Banco.az

Ölkəmizdə turizm sektorunda hazırki vəziyyət necədir?

Müəllif:Mehin Qasımova/Banco.az

Bu gün dünyanın hər yerində turizmin inkişafına dövlətlər və sivilizasiyalar səviyyəsində böyük maraq göstərilir.

Elə buna görə də, hazırda beynəlxalq maliyyə qurumları və təşkilatları turizmin inkişafına öz maraq və diqqətlərini artırırlar. Sovet İttifaqı dağıldıqdan sonra müstəqillik əldə etmiş ölkəmizdə də  turizmin inkişafına maraq artıb və bu sahəyə dövlət səviyyəsində xüsusi qayğı  göstərilir. Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən 2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycan Respublikasına dünyanın 184 ölkəsindən 1535,8 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 32,1 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir. Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 72,2 faizi hava, 26,5 faizi dəmir yolu və avtomobil, 1,3 faizi isə dəniz nəqliyyatından istifadə etmişdir.

Azərbaycan Hotellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin sədri, Azərbaycan Ekoturizm Assosiasiyasının İcraçı direktoru Samir Dübəndi Banco.az-a açıqlamasında  qeyd edib ki, son illər gəlmə turizm statistikasında yüksək artım dinamikası müşahidə edilir:

“Turizm pandemiyadan  sonrakı  dövrdə  daha sürətlə bərpa olunur. Ölkəmizdə mədəni irsimizin qorunmasına xüsusi diqqət yetirilir. Azərbaycanda sabit əminamanlıq, multikultur dostluq və sülh mühiti yaradılıb. Ölkənin bir çox yerlərində  mühüm infrastruktur, yenidənqurma, bərpa işləri aparılır. Bu gün paytaxt və regionlarımızda  turizm təsisatları qurulur, otellər, turizm-istirahət mərkəzləri, sanatoriya, kurort müəsissələri yaradılır. Ölkəmizdə  bir çox beynəlxalq mədəni, elmi, idman və sair tədbirlər keçirilir. Bütün bunlar Azərbaycanı cəlbedici turizm destinasiyası kimi beynəlxalq turizm bazarında mövqeyini möhkəmləndirməyə imkan yaradır. Ölkəmizin zəngin təbii və antropogen turizm resursları bir sıra turizm növləri üçün zəmin yaradır. Lakin  bu sahənin inkişafı üçün ixtisaslaşmış maliyyə məhsullarının yaradılmasına və xüsusi vergi rejiminin tədbiq edilməsinə ehtiyac duyulur”.

Turizm sahəsi üzrə ekspert Əziz Şiriyev vurğulayır ki, hazırda Azərbaycanda kənd turizmin inkişafına dair işlər gedir:

“Çünki bölgələrə səfər  etmək daha ucuz başa gəlir. Ona görə də insanlar  kənd evlərinə üstünlük verir və  daha münasib evlərdə qalmağı tərcih  edirlər. Beş ulduzlu otellərdə qalmaq şərt deyil. Əsas odur ki, yaxşı gəzəsən. Bizim insanlarımız beş ulduzlu otellər bahadır deyir, amma bayram günlərində həmin otellərə  rezerv üçün zəng etsən, yer olmayacaq. Otel rəhbərliyi də görür ki, qiymət artımına rəğmən otellərə təlabat çoxdur. Ona görə də, qiymətləri artırmaqda davam edirlər".

Ekspert hesab edir ki, otel sahibinə hər hansı  bir qüvvə bir başa təsir göstərə bilməz:

“Bu administrativ məsələdir. Ancaq tövsiyə xaraketrli ola bilər ki, daha çox turist cəlb etmək üçün sərfəli qiymətlər təyin etsinlər. Əgər insanlar bahadır deyib,  həmin bahalı otellərə getməsə, otel rəhbərliyi ovtomatik olaraq ya qiymətləri aşağı salacaq , ya da kampaniyalar etməyə məcbur olacaq. Biz  isə o hallarla rastlaşmırıq. Əksinə, otelləri hər dəfə  dolu görürük. Yanlız beş ulduzlu otellərlə regionları qiymətləndirmək olmaz. Üç və dörd ulduzlu otellər də var ki, qiymətlər daha münasibdir. Biz hazırda kadrların hazırlığı üzrə işlər görürük. Vaxtaşırı, aqro turlar,  eko turlar təşkil edirik. Daha keyfiyyətli və yüksək xidmətlə bu işləri gördükdə təlabatın çox olacağını düşünürük”.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram