Senatorlar İranın aktivlərinin yenidən dondurulmasını tələb edirlər | Banco.az

Senatorlar İranın aktivlərinin yenidən dondurulmasını tələb edirlər

Müəllif: Mehin Qasımova/Banco.az 

ABŞ-ın bir qrup respublikaçı senatoru Tehran və Vaşinqton arasında məhbus mübadiləsi çərçivəsində İranın təxminən 6 milyard dollarlıq valyuta ehtiyatının yenidən dondurulmasını istəyib.

Banco.az xəbər verir ki, ABŞ Senatında Respublikaçı Marşa Blekbernin başçılıq etdiyi 20 senator ABŞ prezidenti Co Baydenə ünvanladığı məktubda sentyabr ayında Cənubi Koreya hesablarından çıxarılan və transfer edilən təxminən 6 milyard dollarlıq valyuta ehtiyatının yenidən dondurulmasını istəyib.

İsraili dəstəklədiklərini vurğulayan senatorlar, İranın "terrorizmi ən çox dəstəkləyən dövlət" olduğunu iddia ediblər.

Senatorlar, sözügedən pulun İran və ya Həmas tərəfindən İsrailə qarşı səylərini davam etdirmək üçün istifadə edilə biləcəyi baxımından əhəmiyyətli bir risk olduğunu bildirirlər. Qeyd edirlər ki, İran iqtisadiyyatına 6 milyard dollar daxil olması rejimə dəstək üçün daha çox vəsait ayırmağa imkan verəcək.

Senatorlar ABŞ Dövlət Departamentindən İranın bu fondlarına çıxışı məhdudlaşdırmağı tələb edib, həmçinin qeyd ediblər ki, Tehran ən ağır sanksiyalara məruz qalmalıdır.

Nümayəndələr Palatasının keçmiş spikeri Kevin Makkarti də dünən Bayden administrasiyasını sözügedən vəsaiti yenidən dondurmağa çağırıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram