Müəllif:Mehin Qasımova,Banco.az
Qazaxıstan iqtisadiyyatına xarici investisiyalar və yüksək ixtisaslı işçi qüvvəsi cəlb etmək üçün inqilabi bir addım atıb.
Banco.az xəbər verir ki, Prezident Kasım-Jomart Tokayev tərəfindən imzalanan yeni bir fərman ölkənin immiqrasiya siyasətini kökündən dəyişdirməyi, onu daha cəlbedici və açıq etməyi hədəfləyir.
Belə ki, Qazaxıstan hökuməti əvvəlki məhdudlaşdırıcı kvota sistemindən imtina edir və təşviq əsaslı miqrasiya modelinə keçir. Əsas məqsəd ölkəni regional investisiya və insan kapitalı mərkəzinə çevirməkdir.
Nazirlər Kabinetinə bu hərtərəfli islahatları tam şəkildə həyata keçirmək üçün 2026-cı ilin sonuna qədər vaxt verilib.
İslahatın bir hissəsi olaraq, viza növləri birləşdirilir və müasir formatlarla zənginləşdirilir:
-
İş vizası: Böyük investorlar və şirkətlərin idarə heyəti üzvləri üçün;
-
Bacarıqlı işçi vizası: Alimlər, həkimlər, mədəniyyət nümayəndələri və nüfuzlu universitetlərin məzunları üçün;
-
Müvəqqəti iş vizası: Müəyyən investisiya layihələrində iştirak edən mütəxəssislər üçün.
Yeni sistemin ən diqqətəlayiq tərəfi "qızıl viza" proqramının tətbiqidir. Bu sənədə sahib olanlar və onların ailə üzvləri Qazaxıstan vətəndaşları ilə demək olar ki, bərabər hüquqlardan istifadə edəcəklər. Ən əsası isə onlar misilsiz vergi güzəştləri əldə edəcəklər.
-
Gəlir vergisindən azadolma;
-
Daşınmaz əmlak və torpaq vergilərində güzəştlər.
Əcnəbilər üçün bürokratik maneələri azaltmaq üçün QazETA adlı vahid rəqəmsal platforma istifadəyə verilir. Bu platformadakı e-Rezidentura modulu vasitəsilə dünyanın istənilən yerindən "bir pəncərə" prinsipi ilə uzaqdan müraciət etmək mümkün olacaq.
"Qızıl viza" almaq üçün nə qədər kapital tələb olunur?
Qazaxıstan Xarici İşlər Nazirliyi tərəfindən təsdiq edilmiş qaydalara əsasən, xarici vətəndaşlar bu imtiyazlı viza üçün müraciət etmək üçün aşağıdakı şərtlərdən birinə cavab verməlidirlər:
-
Yerli şirkətlərin kapitalına ən azı 300.000 ABŞ dolları məbləğində investisiya qoymaq ;
-
Eyni məbləği Qazaxıstan qiymətli kağızlarına investisiya qoymaq.
Bu addım təkcə ölkənin investisiya cəlbediciliyini artırmaqla yanaşı, həm də dünyanın ən istedadlı mütəxəssislərinin Qazaxıstana cəlb olunmasına xidmət edəcək.
