Gömrük xidmətlərinin rəsmiləşdirilməsi ilə məşğul olan müəssisənin vergi öhdəliyi necə tənzimlənir? | Banco.az

Gömrük xidmətlərinin rəsmiləşdirilməsi ilə məşğul olan müəssisənin vergi öhdəliyi necə tənzimlənir?

Müəssisəmiz müxtəlif şirkətlərin adına idxal olunan malların gömrük rəsmiləşdirilməsi xidmətini həyata keçirir. İdxal vergisini və gömrük rüsumlarını sifarişçi şirkət əvəzinə bizim şirkət ödəyir. Sifarişçi şirkətlər bizə gömrükdə ödənilən vergi və xidmətlərin dəyərini və bundan əlavə bizim xidmət haqqımızı ödəyir. Bu halda müəssisənin hansı vergi öhdəliyi yaranır? 

Dövlət Vergi Xidmətindən bildirilib ki, sorğuda göstərilən halda müəssisə tərəfindən malların təchiz edilməsi üzrə göstərilən gömrük rəsmiləşdirilməsi xidmətlərinin dəyəri onun vergi tutulan gəlirlərinə aid edilir və həmin gəlirdən gəlirin əldə olunması ilə bağlı çəkilən xərclər çıxılmaqla mənfəət vergisi hesablanır. Müəssisəyə malların təchiz edilməsi üçün idxal zamanı çəkilən xərclərə görə köçürülən vəsaitin dəyəri müəssisənin gəlirlərinə və xərclərinə aid edilmir.

Eyni zamanda ƏDV-nin məqsədləri üçün müəssisə tərəfindən malların təmin edilməsi üzrə göstərdiyi xidmətlərin dəyəri ƏDV-yə cəlb edilir.

Sifarişçi tərəfindən malların alıcısı olan müəssisəyə elektron qaimə-faktura malların təchiz edilməsinə görə verildiyindən, malların təmin edilməsinə aid xidmətlərin dəyəri elektron qaimə-fakturada 18 faiz dərəcə ilə ƏDV-yə cəlb edilən əməliyyat kimi qeyd edilməlidir. Malların dəyərinin müəssisə tərəfindən sifarişçiyə ödənilməsi tərəflər arasında bağlanmış müqavilə, ilkin uçot sənədləri (ödəmə tələbnaməsi, hesab faktura) və ödəniş sənədləri ilə rəsmiləşdirilir.

Ən sərfəli kredit üçün müraciət et

DVX vergi öhdəliklərinin dəqiq müəyyən edilməsi üçün əməliyyatın tam xarakteri açıqlanmaqla, işin faktiki halları barədə, o cümlədən tərəflər arasında bağlanılan müqavilə, ödəniş sənədləri və digər zəruri təsdiqedici sənədlər ilə birlikdə qeydiyyatda olduğunuz vergi orqanına müraciət etməyi tövsiyə edir.

Əsas: Vergi Məcəlləsinin 71-1-ci, 108-ci, 159-cu və 175-ci maddələri

vergiler.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et